Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı böyük Norveç dramaturqu Henrik İbsenin (1828-1906) “Kuklalar evi” üçpərdəli psixoloji dramı ilə 132-ci teatr mövsümünü açmışdır. Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək yeni teatr mövsümünün açılışı münasibətilə teatrsevərləri təbrik etmişdir.
Qədim yurdun sənət ocağının keçdiyi inkişaf yolundan danışan nazir qeyd etmişdir ki, Azərbaycan dramaturgiyasının ən gözəl nümunələri məhz Naxçıvan teatrının səhnəsində tamaşaçı rəğbəti qazanmışdır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək teatrın yaradıcılıq ənənələrindən və bu mövsüm səhnəyə qoyulacaq əsərlərdən danışmışdır.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük Norveç dramaturqu Henrik İbsenin “Kuklalar evi” (1879) üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşa teatrsevərlərə təqdim edilmişdir. Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin “Kuklalar evi” əsərində insanın daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri real hadisələrin inkişafı fonunda ortaya qoyulur.
Tamaşada hadisələr vəkil Torvald Helmerin ailəsinin yaşadığı evdə cərəyan edir. İlk səhnədə bu ailə xoşbəxt ailələrdən biri kimi təqdim olunur. Torvald Helmer (aktyor Elnur Rzayev) həqiqəti sevən, öz işini bilən məmur təsiri bağışlayır. Səkkiz il bundan əvvəl ailə qurduğu Nora ilə (aktrisa Nurbəniz Niftəliyeva) çox mehriban həyat sürürlər, uşaqları var. Nora da bu həyatdan razıdır. Lakin hadisələrin tədrici inkişafı insan xarakterinin, xüsusilə tamaşanın bu iki əsas obrazının xarakterinin açılmasını göstərməklə, insan qəlbinin dərin psixoloji qatlarına enməklə ictimai-bəşəri məsələləri göstərir, tamaşaçını dərin düşüncələrə sövq edir.
Dramaturq əsərin proloqunda bu ailəni xoşbəxt göstərsə də, tamaşada hadisələr cərəyan etdikcə hiss olunur ki, əslində, bu ailəni xoşbəxtlik gözləmir. Hadisələr cərəyan etdikcə aydın olur ki, Torvald Helmer ağır xəstəlik nəticəsində ölüm qarşısında qaldığı zaman Nora atasının əvəzinə bank bekzelinə (bankdan pul götürmək üçün müqavilə) saxta imza ataraq pul götürmüş və qənaət yolu ilə borcunu ödəməkdədir. Ərinin isə bu məsələdən xəbəri yoxdur. Bu saxta işi bilən isə ancaq Helmerin müdiri olduğu bankın kiçik məmurlarından Kroqstaddır. Kroqstad (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haxverdiyev) saxtakar işlərinə görə bir neçə dəfə cəzalandırılmışdır. Torvald Helmerin onu işdən azad edəcəyini görən Kroqstad Noraya müraciət edərək saxta işini ifşa edəcəyini bildirir. Helmer Noranın işdən çıxarmamaq xahişini rədd etdikdə isə ailədəki vəziyyət daha da dramatikləşir.
Tamaşanın son hissəsi – epiloqdakı ər və arvadın söhbəti əsərin əsas ideyasını ortaya qoyur. Noranın dediyi: “Evimdə olduğum vaxt atam mənim hər bir hərəkətimi öz öyüdlərinə uyğunlaşdırmağı tələb edirdi. Mən onun kuklası idim. Sonra sənin kuklan oldum... Sən evdə hər şeyi öz zövqünə görə düzəldirdin. Sənin zövqün mənim zövqüm idi... İndi keçmişə nəzər saldığım vaxt görürəm ki, bu ailədə mən kölə vəziyyətində yaşamışam... Mən şən idim, lakin xoşbəxt deyildim...” sözləri onu göstərir ki, vəzifəsini üstün tutan Helmer Noranı qiymətləndirə bilmir və Nora ailəsini tərk edir.
Tamaşanın digər personajları – Kroqstad (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haxverdiyev), həkim Rank da (Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov) təcrübəli aktyorlarımızın ifasında uğurla təqdim edilmişdir. Onlar psixoloji anları tamaşaçıya çatdırmağa müvəffəq olmuşlar. Nora və Torvald Helmerlərdən sonra tamaşanın daha çox səhnədə görünən, yaddaqalan surətləri onlardır.
Tamaşada rol almış aktrisalar Nazlı Hüseynquliyevanın (Frü Linne), Zülfiyyə Zeynalovanın (Anne Marie), Şölə Novruzbəylinin (xidmətçi), aktyor Anar Eyvazovun da (kuryer) tamaşanın yüksək səviyyədə təqdimindəki uğurlu əməkləri qiymətləndirilməlidir.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov Azərbaycan səhnəsində ilk dəfə Naxçıvanda tamaşaya qoyulan “Kuklalar evi” dramını uğurla təqdim edə bilmişdir. Rejissor əsas ideyanı düzgün açmaqla yaddaqalan səhnələrə diqqət yetirməyi bacarmışdır. Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovun tərtibatı da diqqətəlayiqdir.
Tamaşanın musiqi tərtibatçısı Fətəli Axundzadənin uğurlu musiqi seçimi və duyumu tamaşada aydın hiss olunur. Xüsusilə Norveç klassik musiqisinin banisi, dünya şöhrətli bəstəkar Edvard Qriqin lirik əsərlərindən istifadə edilməsi tamaşanın psixoloji aurası ilə üst-üstə düşür.
Əli RZAYEV