Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Aşıq Nabatın (1914-1973) 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev açaraq Azərbaycan aşıq poeziyasının qədim və zəngin tarixə malik olduğunu bildirmiş, aşıq sənətinin ulu Naxçıvan torpağında da özünəməxsus ənənələrlə inkişaf etdiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, 2009-cu ildə YUNESKO tərəfindən Azərbaycan aşıq sənətinin qeyri-maddi mədəni irs siyahısına salınması ölkəmizdə incəsənətin bütün sahələri ilə yanaşı, aşıq sənətinin də yaşadılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.
“Muxtar respublikada da bu sahədə mühüm işlər görülmüşdür”, – deyən Əli Rzayev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı xalq yaradıcılığına göstərilən diqqət və qayğının ifadəsi olmaqla, bu sahədə mühüm tədbirlərin reallaşmasına rəvac vermişdir.
Bildirilmişdir ki, Naxçıvan aşıq mühitinin yetişdirdiyi ustad aşıqlardan biri olan Şərur torpağının yetirməsi Aşıq Nabatın da bu sənətin inkişafında özünəməxsus xidmətləri olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edərək Aşıq Nabatın həyatından, şeir və dastan yaradıcılığından bəhs etmişdir. Qeyd edilmişdir ki, Aşıq Nabat öz dövrünün tanınmış aşıq qadınlarından olmuşdur.
Məruzəçinin sözlərinə görə, Aşıq Nabat dövrünün böyük sənətkarları Ü.Hacıbəyli, X.Şuşinski, S.Şuşinski, Z.Adıgözəlov, Q.Pirimov, Xalq şairi S.Vurğunla tanış olmuş, onların sənət haqqında məsləhətlərindən faydalanmışdır. Məlahətli səsi və şeir yazmaq istedadı onu qadın aşıqların ön cərgəsinə çıxarmışdır. Peşəkar və yaradıcı bir aşıq kimi tanınması Aşıq Nabatı böyük sənətkarımız Üzeyir Hacıbəylinin Bakıya dəvət etməsinə səbəb olmuşdur. Aşıq Nabatın şeir, gəraylı, qoşma, bayatı və deyişmələri onu yaradıcı aşıq kimi tanıtmışdır.
Tədbirin bədii hissəsində Xalq artisti Həsən Ağasoyun ifasında Aşıq Nabatın “Mənim”, “Bu dünyada”, “Yaxşıdır” qoşmaları bədii qiraət edilmişdir.
Naxçıvan Aşıqlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Tural Bağırov, birliyin üzvləri Könül Taroyeva, Aydın Cəfərov, Naxçıvan Musiqi Kollecinin tələbəsi Səkinə Həsənova saz havaları üstündə Aşıq Nabatın yaradıcılığından nümunələr ifa etmişlər.
Xəbərlər şöbəsi