24 Dekabr 2024, Çərşənbə axşamı

Bəs bu sahədə çalışanların fəaliyyəti necə?

Kitabxanalar hansı funksiyaları yerinə yetirir, daha doğrusu, yetirirmi?

Bu gün kitabxana, kitab və mütaliə barədə söhbət düşəndə çoxlarının gəldiyi qənaətlə şəxsən bir ziyalı, mütaliə həvəskarı kimi qətiyyən razılaşa bilmirəm. Qənaətsə bundan ibarətdir ki, XXI əsr internet əsridir və müasir dövrün ən böyük kəşfi olan internetlə hər şeyi öyrənmək mümkündür. İnternetlə nəyisə öyrənmək fikrilə razılaşmaq olar. Ancaq məsələnin digər tərəfi ondadır ki, mütaliə özü asudə vaxtın səmərəli təşkilində ən güclü vasitədir. Daha bir sual meydana çıxır: informasiya texnologiyalarının tətbiqinə bizdən əvvəl başlanmış ölkələrdə nə üçün mütaliə kölgədə qalmayıb?
Orta və yaşlı nəsil yaxşı xatırlayır ki, 25-30 il öncə kitabxana deyilən ünvanlar miskin, iş şəraiti minimum tələblərə cavab verən uyğunlaşdırılmış binalarda yerləşirdi. Buna baxmayaraq, həmin mədəniyyət müəssisələrində həmişə qələbəlik olurdu. Bu da kitabxana-oxucu əlaqələrinin sıx olduğunu göstərməklə yanaşı, həm də insanların mütaliəyə böyük marağının ifadəsi idi. Kitabxanalarda tez-tez oxucu konfranslarının, kitab müzakirələrinin, viktorinaların keçirilməsi, yazıçı və şairlərlə görüşlərin təşkili kitabxana işinin tərkib hissəsinə çevrilmişdi. Belə mədəniyyət müəssisələrinin qapılarının bağlı olduğunu görəndə əsəbiləşməyimiz də az olmayıb. Sözün həqiqi mənasında, bu ünvanlar əhalinin boş vaxtlarında daha çox üz tutduğu ünvanlar idi. Çünki kitabxanalar qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışırdı. Başlıca vəzifə isə ondan ibarət idi ki, insanlar mütaliə vasitəsilə öz biliklərini artırsınlar. Zəngin mənəviyyata sahib olmaq üçün bu ən gözəl vasitə idi. Bəs bu gün? Bu suala bir qədər sonra cavab verməyə çalışacağıq.

 Klub və mədəniyyət evləri insanların asudə vaxtının səmərəli təşkilini təmin etməlidir

Yenə bir qədər əvvəllərə qayıtmaq istəyirəm. Bu ünvanlarda müxtəlif dərnəklər təşkil olunurdu, insanlar işdən sonrakı vaxtlarını, əsasən, klub və mədəniyyət evlərində keçirməyə üstünlük verirdilər. Bədii özfəaliyyət, dram dərnəklərinin çıxışları təşkil edilirdi. Stolüstü yarışlar keçirilirdi. Bütün bunlar insanların özlərinin könüllü surətdə qatıldıqları tədbirlər idi. Adlı-sanlı sənət adamlarının çoxu böyük səhnəyə ilk addımlarını məhz klub və mədəniyyət evlərindən atıblar. Bu gün isə həmin ünvanların çoxunun adı var. Baxmayaraq ki, bu gün həm kitabxanaların, həm də klub və mədəniyyət evlərinin böyük əksəriyyəti müasir tələblər səviyyəsində inşa olunmuş binalarda yerləşir. Muxtar respublikanın paytaxtı, rayon mərkəzləri ilə yanaşı, ən ucqar sərhəd və dağ, ən kiçik yaşayış məntəqələrində belə, həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, kitabxanalara yeni kitabların verilməsi, klub və mədəniyyət müəssisələrinin lazımi avadanlıqlarla təchiz olunması bu günün reallığıdır. Təbii ki, müasir iş şəraiti yaradılan belə müəssisələrdə çalışan heç bir kəsin pis işləməyə haqqı yoxdur. Çünki dövlətin yaratdığı bu şərait asanlıqla başa gəlmir. Məlumat üçün bildirək ki, 2014-cü ildə də muxtar respublikanın kənd yaşayış məntəqələrində mədəniyyət müəssisələri üçün də otaqlar ayrılacaq kənd mərkəzlərinin inşa olunması davam etdirilir. Ordubad rayonunun Əylis, Culfa rayonunun Bənəniyar, Şurud, Babək rayonunun Güznüt, Şahbuz rayonunun Nursu, Şərur rayonunun Kürkənd, Diyadin, Dizə, Püsyan və digər yaşayış məntəqələrində hazırda kənd mərkəzləri inşa olunur. Bu ünvanlarda mədəniyyət müəssisələri üçün də müasir iş şəraiti yaradılacaq. Bütün bunlar isə qiymətli sərvət olan insanların asudə vaxtının səmərəli təşkilinə istiqamətlənib.
Ona görə də yazının əsas başlığının ifadə etdiyi həqiqəti bu gün hər birimiz təsdiqləyərik. Yazının ikinci başlığına isə, təəssüf ki, tam müsbət cavab vermək mümkün deyil. Üç gün ərzində muxtar respublikanın bir sıra kənd yaşayış məntəqələrindəki klub, mədəniyyət evi və kitabxanaların fəaliyyəti ilə yaxından tanış olduqda bu qənaətə gəldik. Düzdür, işi nisbətən qiymətləndiriləsi olan mədəniyyət müəssisələrimiz var. Bu müəssisələrdə çalışanlar yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.

Sərhəd bölgəsi Sədərəkdə bu sahələrin fəaliyyəti qənaətbəxşdir

İlk olaraq rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) baş çəkdik. Burada mədəniyyət müəssisələrinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinin təqdirəlayiq olduğunu gördük. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən MKS işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Sistemin direktoru Kəmalə Əliyeva deyir ki, kollektiv mədəni-kütləvi işin müasir formalarından istifadə etmək, əhaliyə nümunəvi mədəni xidmət göstərmək üçün səyini əsirgəmir. Burada müxtəlif tarixi və əlamətdar günlərin qeyd olunması, sistemə alınmış yeni kitabların təbliği məqsədilə düzəldilmiş sərgilər, yazıçı və şairlərimizin yubileyləri ilə bağlı məlumat guşələri də bu fikri təsdiqləyir. MKS-nin Sədərək kənd filialında da iş pis qurulmayıb. Ancaq bu sözləri Qaraağac kənd kitabxanası və klubu haqqında demək mümkün deyil. Bu məqalədən sonra, yəqin ki, həmin yaşayış məntəqəsindəki mədəniyyət müəssisələri öz işlərində dönüş yaradacaq, mövcud şəraitdən səmərəli istifadə edəcəklər.

Bəs Kəngərli və Şərur rayonlarında necə?

Kəngərli rayonunun bir neçə kəndində olduq. Ötən il istifadəyə verilmiş Xok Kənd Mərkəzində fəaliyyət göstərən kitabxananı çıxmaq şərtilə digər ünvanlarda gördüyümüz vəziyyət barədə yaxşı sözlər demək mümkün deyil. Həmin kitabxananın fəaliyyəti razılıq doğursa da, kənddəki mədəniyyət evinin qapısı bağlı idi. Böyükdüz, Kərki kəndlərindəki mədəniyyət müəssisələrinin qapıları açıq olsa da, bu ünvanlarda çalışanların işinə heç də müsbət qiymət vermək olmaz. Yurdçu kənd kitabxanası iki ilə yaxındır ki, kənd məktəbində yerləşdirilib. Bu dövr ərzində kitabxananın qapısını açıq görən olmayıb. Heç burada kimin işlədiyindən də xəbəri olan yoxdur. Mədəniyyət müəssisəsi kəndin daha çox ziyalısının toplaşdığı məktəbdə yerləşir. Nə üçün gələcəyimiz etibar edilən bugünkü gənclərə elmlərin sirlərini öyrədən müəllimlər buna öz etiraz səslərini qaldırmırlar? Belə çıxır ki, məktəbdə çalışan müəllimlər də mütaliənin daşını atıblar. Nəticə çıxarmağı oxucuların ixtiyarına veririk.
Şərur rayonunun Zeyvə kənd kitabxanasına da baş çəkdik. Müasir arxitektura üslubunda tikilmiş Zeyvə Kənd Mərkəzinin binasında kitabxana üçün 2 otaq ayrılıb. Kitabxana klassik Azərbaycan ədəbiyyatı nümunələrindən tutmuş çağdaş dövrümüzədək olan ədəbiyyatlarla, dünya ədəbiyyatının korifey sənətkarlarının əsərləri ilə zənginləşdirilib. Burada çalışan Günel Şirəliyeva ixtisaslı kadrdır. Onun fəaliyyəti ilə tanışlıq zamanı müəyyən etdik ki, işini sevir. Bununla belə, kitabxanada, hələlik, oxucularla əlaqə zəifdir, qeydiyyat kitabı yoxdur.
Həmin binada yerləşən mədəniyyət evinin isə qapısı bağlı idi.

Özünəməxsus kadryerləşdirmə təcrübəsi

Culfa rayonundayıq. Öyrəndik ki, Ərəzin kənd mədəniyyət evinin müdiri Mahmud Zeynalov Tovuz Maliyyə-İqtisadiyyat Kollecinin qiyabi şöbəsinin tələbəsidir. Bu mədəniyyət müəssisəsinin iş və tədbirlər planları ilə tanış olmaq istədik. İnsafən, onlar var idi. Lakin planların plan tutmaq xatirinə tutulması gözümüzdən yayınmadı. Deməli, tədbirlər planına əsasən gələcəkdə görüləcək işin də belə olacağı istisna deyil. Burada təşkil olunmuş dərnəklərlə maraqlansaq da, sualımıza cavab ala bilmədik. Yeri gəlmişkən, elə digər mədəniyyət evlərində də vəziyyətin belə olduğunu gördük. Onu da deyək ki, adıçəkilən mədəniyyət evində çalışan 5 nəfərdən 3-ü yerində yox idi. Haqlı olaraq burada bir sual meydana çıxır: Maliyyə-İqtisadiyyat Kollecinin qiyabiçi tələbəsi hansı keyfiyyətlərinə görə mədəniyyət evinə müdir təyin olunub? Həmin kənddəki kitabxananın müdiri Müşkünaz Qafarovanın dediyinə görə, Bakı Dövlət Pedaqoji Kollecini bitirib. Buna sözümüz yox. Məsələ ondadır ki, burada da sənədləşmə işi zəifdir. Kitabxana-oxucu əlaqələri yox səviyyəsindədir. Tədbirlərin keçirilməsi yalnız sənəd üzərindədir. Onda belə bir sual yaranır: insanların asudə vaxtının səmərəli təşkili kimi mühüm bir vəzifəni yerinə yetirmək üçün yaradılmış mədəniyyət müəssisəsində adı əməkhaqqı cədvəlində gedən 5 nəfərin dövlət büdcəsindən, necə deyərlər, müftə-müsəlləm əməkhaqqı almasına şərait yaratmağa nə ehtiyac var?
Üz tuturuq Əbrəqunus kənd kitabxanasına. Burada da qəribə bir təzadla rastlaşırıq. Kitabxananın müdiri Səkinə Qasımova ixtisasca tibb işçisidir (görünür ki, mədəniyyət müəssisələrinin kadrlarla təminatında Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi özünəməxsus təcrübədən istifadə edir). Kitabxanadakı iş və tədbirlər planları ilə tanış olarkən daha bir məqam diqqətimizi cəlb etdi. Həmin planlar bundan əvvəl gördüyümüz mədəniyyət müəssisələrindəki iş planlarının eyni idi. Aydın oldu ki, həmin planlar rayon Mədəniyyət və Turizm Şöbəsində hazırlanaraq müəssisələrə göndərilir. Bu planlar günümüzün ən adi tələblərini əks etdirmir. Müxtəlif tarixi, əlamətdar və bayram günləri planlarda özünə yer almayıb. İkinci bir tərəfdən, ancaq başlıqları fərqli olan (iş planı, tədbirlər planı) həmin “planlar” nöqtəsinə, vergülünəcən eynidir. Görünür ki, bu sənədləri tərtib və təsdiq edənlər həmin planların daşıdıqları funksiyalardan xəbərsizdirlər.
Bəs Əbrəqunus kəndinin mədəniyyət evində vəziyyət necədir? Burada bədii rəhbər və xadimədən başqa heç kim yox idi. Əvvəlki mədəniyyət müəssisəsində gördüyümüz nöqsanları burada da müşahidə etdik. Ona görə də mədəniyyət evinin fəaliyyətinin hansı səviyyədə qurulduğu barədə geniş danışmağa ehtiyac yoxdur. Rayonun Saltaq kənd mədəniyyət evində iş nisbətən yaxşı qurulub. Ancaq kitabxananın qapısı bağlı olduğu üçün bu mədəniyyət müəssisəsinin fəaliyyəti ilə tanış ola bilmədik. Əlincə və Xanəgah kəndlərində də eyni vəziyyətlə rastlaşdıq.

Müşahidələrimizi Babək rayonunda davam etdiririk

Paytaxt şəhərimizin bir addımlığında yerləşən Babək rayonunun Şəkərabad və Yarımca kəndlərindəki mədəniyyət müəssisələrinin qapıları bağlı idi. Kərimbəyli kəndindəki kitabxana kadr olmadığından fəaliyyət göstərmir. Məmmədrzadizə Kənd Mərkəzində cəmi 1 nəfərlə rastlaşa bildik. O da kənd kitabxanasının xadiməsi idi. Burada fəaliyyət göstərən mədəniyyət evi ilə yanaşı, digər qurumların da qapıları bağlı idi. Məzrə, Nəzərabad kəndlərindəki kitabxanaların qapıları bağlı idi. Nəzərabad kəndinin icra nümayəndəsi Salman Tumasovdan mədəniyyət evinin fəaliyyəti ilə bizi tanış etməyi xahiş edəndə bildirdi ki, bu yaşayış məntəqəsində kadr olmadığından mədəniyyət evi fəaliyyət göstərmir, kitabxanaçıya isə o, özü icazə verib. Didivar kəndində icra nümayəndəsini axtarsaq da, tapa bilmədik. Burada hər iki mədəniyyət müəssisəsinin qapıları iş vaxtı olmasına baxmayaraq, bağlı idi.

Son söz yerinə

Nəhayət, mədəniyyət müəssisələri ilə tanışlıq zamanı gəldiyimiz qənaət belə oldu ki, həmin obyektlərin fəaliyyətini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Fəaliyyət göstərməyə çalışanlar (təəssüf ki, belə mədəniyyət müəssisələri çox azdır).
2. Öz işini sənədləşmə işi ilə bitirənlər (ancaq bu cür fəaliyyət göstərən müəssisələrdə səthi, sənədləşmə xatirinə sənəd tərtib edənlər, müxtəlif dövlət sənədlərinin doldurulması qaydaları barədə təsəvvürü olmayan işçilərin çalışdığını xüsusi qeyd etmək istəyirik).
3. Vəzifə borcuna məsuliyyətsizlikdən qapıları bağlı olan müəssisələr (belə müəssisələrdə çalışanlar istədikləri vaxt işə gəlib, istədikləri vaxtda da gedirlər).
Təbii ki, mədəniyyət müəssisələrinin fəaliyyəti və ya fəaliyyətsizliyi rayonların Mədəniyyət və Turizm şöbələrinin işinin göstəricisidir. Mədəniyyət müəssisələri öz işlərində ciddi dönüş yaratmalı, əhalinin asudə vaxtının səmərəli təşkilini təmin etməli, yaradılan şəraitə əməli işlə cavab verməyə çalışmalıdırlar.
Bir qənaətimiz də odur ki, kənd yaşayış məntəqələrindəki inzibati ərazi dairəsi üzrə nümayəndələr də öz vəzifə borclarına laqeyd yanaşırlar. Elə adlarını yuxarıda sadaladığımız mədəniyyət müəssisələrinin yerləşdikləri binalarda icra nümayəndələrindən bir-ikisini gördük. Onlara xatırlatmağı özümüzə borc bilirik ki, muxtar respublikamızda mahiyyət və məzmunca yeni obyektlər olan kənd mərkəzlərinin açılış mərasimlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov inzibati ərazi dairəsi üzrə nümayəndələrə öz tapşırıqlarını verir. Belə mərasimlərdən birində Ali Məclisin Sədri demişdir: “Kənddə əhalinin rahatlığı həm də burada fəaliyyət göstərən icra nümayəndəliyinin fəaliyyətindən asılıdır. Dövlətimiz icra nümayəndəliklərinə yüksək şərait yaradır ki, onlar insanlara günün tələbləri səviyyəsində xidmət göstərsin. Ona görə də dövlət orqanlarında nizam-intizam gücləndirilməli, iş vaxtından səmərəli istifadə olunmalı, dövlət qurumları, idarəetmə strukturları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdırlar”.
P.S. Araşdırmalarımız davam edir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR