Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi ilklərdən bəhs edən budəfəki yazımızda Azərbaycan memarlıq tarixində qoşa minarəli portal kompozisiya ərsəyə gətirmiş Əcəmi Əbubəkr oğlu Naxçıvani haqqında danışacağıq. Qoşa minarəli portal kompozisiya ilk dəfə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmişdir.
Naxçıvan memarlıq məktəbi Azərbaycan və dünya memarlığı tarixində özünəməxsusluğu ilə səciyyələnir. Qədim və zəngin keçmişimizdən xəbər verən maddi və mənəvi sərvətlərimizin qorunmasında, yaşadılmasında Azərbaycan memarlığının böyük rolu vardır. Qədimdən bəri bu bölgədə yaşayan mahir sənətkarların ucaltdıqları sənət inciləri indiyə kimi öz gözəlliyini qoruyub saxlamaqdadır. Memarın işi çox çətindir. Memar yaxşı memar olmaq üçün, tikdiyi abidənin uğurlu olması üçün bir çox elm sahəsinə bələd olmalıdır: həndəsə, cəbr, incəsənət, astronomiya, coğrafiya və sair. Həndəsi biliklər memarlar üçün həm də zəngin simvollar sistemidir. “Qabusnamə”nin “Nücum və həndəsə elmi haqqında” bəhsində deyilir: “...Əgər mühəndis, ya yerölçən olsan, hesabı yaxşı öyrən, amandır, bir saat belə, hesabı təkrar etməmiş olma, çünki hesab elmi vəhşi elmdir. Əgər yer ölçsən, bucaqları təyin et, müxtəliftərəfli şəkillərə xor baxma və demə ki, bunu ölçərəm, qalanlarını təxminən yazaram; sahədə böyük fərqlər əmələ gələr. Bucaqları düzgün təyin etməkdə xüsusən səy göstər. Ayıq ol, sahə ölçərkən bucaqlara fikir verməyi unutma. Çoxüzlü cisimlərdə çox zaman qövs şəklində bucaq olar. Çox yerdə bunlar korbucağa oxşarlar. Belə halda isə sahədə böyük fərq əmələ gəlir. Sənin üçün sahəni hesablamaq çətin olan şəkil rast gəlsə, onu təxmini hesablama, yarısını üçbucaq və dördbucaqlara böl. Heç elə bir şəkil ola bilməz ki, belə etmək mümkün olmasın. Sonra hərəsini ayrı-ayrı hesabla, nəticə düz çıxar”.
Nizami Gəncəvinin əsərlərində də memarlıq və inşaata dair çoxlu məlumat, fikir və mülahizələr mövcuddur. O, memarlıq və inşaat elmi ilə əlaqədar bütün sahələrə bələd olduğu (geodeziya, tikintinin texnologiyası və təşkili, memarlıq, layihələndirmə, inşaat materialları, şəhərsalma və sair) üçün dərin elmi fikirlər söyləyə bilmişdir. “İsgəndərnamə”də deyilir:
Torpağın ki sinəsi boş oldu,
Onun üstündə bina qurmaq olmaz.
Yaxud
Süst binalar tez də uçub dağılar.
Bəli, memarın, mühəndisin işi çox çətindir. Bu sənət savadla birlikdə, həssaslıq, səbir və möhkəm iradə tələb edir. Azərbaycan memarlığında öz dəst-xətti ilə məşhurlaşmış, məktəb yaratmış Əcəmi Əbubəkr oğlu Naxçıvani yuxarıda sadalanan keyfiyyətlərə sahib ustad sənətkarlardan olmuşdur. Əcəmi yaratdığı möhtəşəm memarlıq nümunələrilə böyük şöhrət qazanmış və onun yaradıcılığı Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir. O, Naxçıvan memarlıq məktəbinin banisi olmuşdur. Azərbaycan Atabəylər dövləti zamanında yaşayıb-yaradan Əcəminin yaratdığı sənət nümunələri özünəməxsusluğu ilə indi də bütün diqqətləri öz üzərinə toplamaqdadır. Əcəmi üslubu Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir. Əsərlərinin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, naxçıvanlı memar” adlandıran Əcəmi Naxçıvani “Şeyxül mühəndis” (mühəndislərin başçısı) ləqəbi ilə tanınmışdır. Onun yaradıcılığı Azərbaycan Atabəylərinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. O, burada əzəmətli Yusif Küseyiroğlu və Möminə xatın türbələrini, qoşa minarəli kompozisiya şəklində qurğunu, Cümə məscidini və mənbələrdə “darülmülk” adlandırılan Eldəgizlər sarayını və sair bu kimi qiymətli abidələr yaratmışdır. Əcəminin məlum olan ilk əsəri Yusif Küseyiroğlu türbəsidir. Abidədə bədiiliklə memarlığın tektonikası ahəngdarlıq təşkil edir. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin adı (Yusif ibn Küseyir) göstərilmişdir.
Möminə xatın türbəsi isə monumental abidədir. Naxçıvanın embleminə çevrilən bu gözəl abidə illər keçməsinə baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilmişdir. Bu türbə 1186-cı ildə tikilmişdir. Onüzlü gövdəsi olan Möminə xatın türbəsinin son dərəcə mükəmməl dayaq sistemi, tektonik quruluşu var.
Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi Naxçıvani həmçinin qoşa minarəli portal kompozisiyanı ilk dəfə tətbiq edən memar kimi tanınmışdır. Əcəmidən sonra müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyanın tətbiqinə başlanmışdır.
“Qoşa minarəli portal kompozisiya nə deməkdir?” sualına memar Gülnarə Qənbərova bu cür cavab verdi: “Qoşa minarəli portal” ilk dəfə səlcuqlar tərəfindən inşa edilməyə başlanılıb. Bu tip abidələr İran ərazisində səlcuqlar zamanı XI-XII əsrlərdə çox inşa edilib. Bu portallar hər hansı bir memarlıq kompleksinin giriş darvazaları rolunu oynayırdı. Naxçıvandakı qoşa minarə Atabəy-Eldəgizlərin iqamətgahının, yəni XII əsrdə Eldəgizlər tərəfindən tikilmiş Narınqalanın şəhər meydanına açılan giriş qapıları olmuşdur. Bu tip abidələr Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində də tikilmişdir. Ola bilsin ki, XII əsrdə inşa edilmiş bu qoşa minarəli portal XIV əsrdə Hülakü xan tərəfindən şəhərə çevrilmiş Qarabağlar şəhərinin Narınqala hissəsinin giriş portalı rolunu da oynamışdır”.
Qədimliyinə söykənməklə müasirləşən Naxçıvan inkişafdan intibaha gedən yolda inamla addımlayır. Bu gün tarixi kökü üzərində yeni, müasir Naxçıvan qurulur. Naxçıvanda ucaldılan müasir memarlıq nümunələri Əcəmi yaradıcılığından güc alır.
Nərgiz İSMAYILOVA