24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 20-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Beynəlxalq Sülh Günü qeyd olunub. “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” mövzusunda keçirilən IV muxtar respublika şeir, inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək Beynəlxalq Sülh Gününün tarixi haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh mədəniyyətini təbliğ etmək zəruridir. Vurğulanıb ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək şeir, inşa-yazı və rəsm müsabiqəsinin əhəmiyyətindən danışıb, muxtar respublikanın təhsil və məktəbdənkənar müəssisələrində yaradılmış şəraitdən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əli Səfərov çıxışlarında sülh mövzusunun bədii yaradıcılıq nümunələrində əksini tapdığını qeyd edərək belə müsabiqələrin keçirilməsinin istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıblar.
Sonra Heydər Əliyev adına Hərbi Lisey kursantlarının və muxtar respublikanın ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” IV muxtar respublika müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR