Dünən Naxçıvan Musiqi Kollecində ustad dərsi keçilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Həsən Seyidov açaraq bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğı son 18 ildə daha dinamik xarakter alıb, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib. Filarmoniyanın xarici ölkələrə qastrol səfərləri təşkil edilib, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurlu konsert proqramları ilə çıxış ediblər.
“Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib”, – deyən kollecin direktoru əlavə edib ki, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatına layiq görülüblər.
Tədbirdə iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərindən Zenfira Qafarova, Həcər Babayeva və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov, təşkilatın üzvü Yeganə Əsədova kollecin müəllim heyətinə ustad dərsi keçiblər.
Qeyd edək ki, Milli Musiqi Günü ilə əlaqədar ustad dərsləri Naxçıvanda fəaliyyət göstərən digər musiqi ocaqlarında da keçilib.
Sona MİRZƏYEVA