Yəqin ki, bu misra oxucularımızın əksəriyyətinə məlumdur. Əlli milyondan çox insanın fəxri vətəndaşı olan Şəxsiyyətə yazılan bu şerin müəllifinin, bizə görə, Naxçıvanda təqdimata ehtiyacı yoxdur. Bu gün Naxçıvan ədəbi mühitinin önündə gedən Asim Yadigarın, ya da biz gənclərin dili ilə desək, Asim müəllimin şeirləri müasir Naxçıvan ədəbi mühitinin ən parlaq nümunələridir. Çapdan çıxan yeni “Bir nurlu heykəl yarat” kitabını açıb artıq Naxçıvanda dillər əzbəri olmuş şeri bir daha oxuyuram və bu şeirdə üç memar görürəm: söz memarı daş memarından Vətən MEMARInın nurlu bir heykəlinin yaradılmasını istəyir:
Necə yaradacaqsan, bilmirəm o heykəli,
Gəz, dolan qarış-qarış bütün ərzi-cahanı.
Bax, gör bir heykəltəraş, bax gör bir
memar kimi
O necə yaradıbdır anam Azərbaycanı!
O, heykəllər yaradıb, əzəmətli, möhtəşəm,
O, binalar ucaldıb, başı göylərə dəyir.
Bu yurdda ən möhtəşəm sarayları, evləri
Xalqım: “Heydər ucaldıb,
Heydər qurub”, – söyləyir.
Od ölkəsi Azərbaycan zülmətlərə işıq saçan bir simurq quşu misalındadır. “Od qoruqçusu”nun – Azərbaycanı qoruyan şəxsiyyətin missiyası isə şərin, zülmətin əllərini bu yurdun üzərindən kəsmək, yuxulu dünya üzərində Azərbaycan adlı Günəşin doğduğunu dörd bir yana bəyan etməkdir. Azərbaycanın dünyaya Günəş kimi necə doğduğunun XX əsrin 70-ci illərindən bu yana şahidi olan şair yazır:
Yollarında min tufan, yüz külək əssə belə,
Yağılar yolu üstə min silah düzsə belə,
Şərin qara əlləri yolunu kəssə belə,
Onu Tanrı qoruyur, O, zülməti boğacaq.
“Azərbaycan dünyaya Günəş kimi doğacaq!”
Asim Yadigarın yeni çapdan çıxan kitabının “Heydər zirvəsi” adlanan birinci fəslinin, şəksiz ki, iki qəhrəmanı var – bu, Azərbaycan və onun ulu memarı Heydər Əliyevdir. Millətlər cərgəsində Azərbaycanın varlığını göstərən üçrəngli aylı-ulduzlu bayrağın altında ulu memarın ali nitqini təsvir edən şair Onun həm Ali Baş Komandan, həm də lazım gələn məqamda bir əsgər kimi Vətənini qoruduğunu yazır:
Bir millətin adından danışır gur səsiylə,
Danışır məmləkətə, millətə rəhbər kimi,
Danışır Vətənini, torpağını qoruyan
Həm Ali Baş Komandan, həm də bir əsgər kimi.
“Bir nurlu heykəl yarat” kitabında XX əsrin 90-cı illərinin əzablı günlərindən bugünkü inkişafa qədər keçilən yolu təsvir edən şair “Cənnətdə yaşayır bu gün naxçıvanlılar” deyir.
Dözümümüz, səbrimiz xoş gəlibdi Tanrıya,
Naşükür olmamışıq bu qismətə, taleyə.
Dözmüşük min əzaba, əl açmışıq Tanrıya,
Bəxtimizə nə vaxtsa xoş günlər doğar deyə.
Ağ günlərin əlini sıxmışıq gülə-gülə,
Bu gün nə möhnətimiz, nə də bir dərdimiz var.
Görənlər yaxşı bilir, görməyənlər də görsün,
Cənnətdə yaşayırlar bu gün naxçıvanlılar.
Bu inkişafın təməlində hansı yolun, hansı siyasətin durduğunu yaxşı bilən şair növbəti şeirdə Naxçıvan insanının şəksiz mövqeyini ortaya qoyur – biz ona səs veririk – İlham Heydər oğluna! – deməklə.
Əməli düz, işi düz –
Yolu Heydər yoludur.
Qəlbi qurmaq, yaratmaq
Eşqi ilə doludur.
O da bizə Heydərtək
Müqəddəsdir, uludur.
Naxçıvan oğul kimi
basır onu bağrına.
Biz ona səs veririk –
İlham Heydər oğluna!
Asim Yadigarın kitabın birinci bölməsində yer alan “Hücum əmri ver mənə...”, “Döyüş əmri ver mənə...”, “Döyüş havaları çaldırmalıyıq” şeirlərində, sözün əsl mənasında, bir cəngi havası çalınır. “Naxçıvan”, “Dünyanın bəzəyi”, “Naxçıvanım – göz nurum”, “Duzdağ”, “Ulu Cavid” şeirlərində dünəndən bu günə Naxçıvanın keçdiyi yol, yeniləşən və müasirləşən Naxçıvanın söz xəritəsi yaradılır.
Kitabın “Sevgi nağılı” adlanan ikinci bölməsində şairin müxtəlif dövrlərdə yazdığı lirik şeirlər toplanıb. “Hər şeyin sonu var”, “Get gözəlim, get daha”, “Unut bu sevdanı”, “İzi ürəyimdədir”, – deyən müəllif dünyanın oyununa gəlməməyin, gülümsəməyin və ətrafa sevgi saçmağın lazım olduğunu belə anladır:
Öz oxundan çoxdan çıxan dünyaya,
Bizə gülən, bizi sıxan dünyaya,
Son döyüşdə bizi yıxan dünyaya
Fikir vermə, sevin bir az, gül bir az.
Kitabda şairin həmçinin 60-dan çox rübaisi də toplanıb. Rübailərində müxtəlif hikmətli mövzulara toxunan şair bəzən düşmənin də dost cildinə girə bildiyindən, gündə min yol dəyişən insanlardan gileylidir:
Birisi dost kimi gəlib yanıma,
Yalan neştərini sancdı canıma.
Duymadı dediyi yalanlar ilə,
Yeritdi zəhəri mənim qanıma.
Bəli, bir söz adamı üçün dost cildinə girmiş bir insanın, əslində, düşmən olmasını görməkdən, gündə yüz yol üz dəyişən insanlara sirrini verməkdən daha böyük ağrı ola bilməz. Hələ bu adam söz mülkünün pərdəsi altında gizlənib, söz adamı kimi görünüb zəhər saçırsa, bu, daha ağırdır. Amma bu insanlar qarşısında davranmanın yolunu isə başqa bir rübaisində göstərir şair:
Yüz pislik görsəm də hər səhər-axşam,
Sanma ki, kədərə, qəmə batmışam.
Yaxşılıq xəncəri almışam ələ,
Bütün pislikləri kəsib atmışam.
Kitabda müəllifin “Bir gecənin ağrısı”, “Tacmahal”, “Sarı gəlinlər”, “Kalba Musa çeşməsi” adlı 4 poeması, “Amansız intiqam”, “Şir və çaqqal” adlı 2 mənzum dramı da dərc olunub. Kitabdakı sonuncu mənzum dramın sonuncu bəndləri isə həm drama, həm də kitaba yekun söz hesab edilə bilər:
Qoy ədalət, həqiqət
Zəfər çalsın hər yerdə.
Xoş niyyətlər çiçəktək
Göyərsin könüllərdə.
Qəlbimizin qapısı
Yaxşılara açılsın.
Nurlu ol ki, qəlbinə
Günəş nuru saçılsın.
Elnur KƏLBİZADƏ