24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 18-də, Milli Musiqi Günündə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının beşinci hesabat konserti olmuşdur.

Konsert proqramından əvvəl Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun böyük qayğısı sayəsində 1978-ci ilin sentyabr ayında Naxçıvanda Azərbaycan Bəs­təkarlar İttifaqının səyyar plenumu keçirilmiş və ilk dəfə olaraq burada Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır.­
Bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaradıcı ziyalılarla görüşündən sonra Azərbaycan Bəstəkarlar İtti­faqı Naxçıvan Təşkilatının fəaliyyətində də ciddi dönüş olmuşdur. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir, musiqi mədəniyyətimizin zənginləşməsi yolunda səyini əsirgəmir.

Təşkilat sədri qeyd etmişdir ki, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı üçün zəruri baza mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi yaradılmış və konservatoriya fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılmışdır.
Muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və Naxçıvan Musiqi Kolleci fəaliyyət göstərir. Bu təhsil müəssisələri musiqi mədəniyyətinin və incəsənətin inkişafına, müvafiq sahə üzrə kadr potensialının formalaşmasına öz töhfələrini verməkdədir. Naxçıvan Dövlət Universitetində Bəstəkarlıq kafedrasının yaradılması ulu diyarımızda bəs­təkarların yetişməsində çox böyük əhəmiyyətə malikdir.
“Təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Yazıçılar Birliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Musiqili Dram Teatrı, Dövlət Filarmoniyası, Dövlət Kukla və Uşaq teatrları ilə də sıx yaradıcılıq əlaqələri saxlayır”, – deyən Şəmsəddin Qasımov bildirmişdir ki, bir çox yerli şairlərin sözlərinə naxçıvanlı bəstəkarlar tərəfindən mahnılar bəstələnmiş və bu mahnılar vaxtaşırı olaraq Naxçıvan Dövlət Televiziyası və Radiosu ilə səsləndirilir.
Artıq muxtar respublikamızda tələbkar yaradıcılıq mühiti formalaşmışdır. Naxçıvanın müasir bəstəkarları bir sıra maraqlı əsərlərin müəllifləri kimi tanınırlar. Onların müxtəlif janrlarda yazdıqları əsərlər muxtar respublikamızdan kənarda da müəlliflərinə böyük uğur gətirmişdir.
Vurğulanmışdır ki, bəstəkarlarımızın əməyi layiqincə qiymətləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı üzvlərindən 3 nəfəri Prezident mükafatına, 3 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşlər. Bu böyük qayğı Naxçıvan bəstəkarlarını doğma Azərbaycanımızın gündən-günə gözəlləşən həyatına həsr edilmiş yeni əsərlər yazmağa ruhlandırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı və köməkliyi ilə Bəstəkarlar Təşkilatının 2001, 2005, 2007 və 2012-ci illərdə hesabat konserti, 2008-ci ildə isə 30 illik yubiley konserti keçirilmişdir. Bu gün bu möhtəşəm sənət ocağında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı sayca beşinci hesabat konsertini keçirir.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olmuşdur. Konsertdə muxtar respublikada yaşayıb-yaradan bəstəkarlardan Kamal Əhmədovun, Yaşar Xəlil­ovun, Günay Məmmədovanın, Şəmsəddin Qasımovun əsərləri ifa edilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Apara­tının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak etmişdir.
Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilmiş, konsert proqramları təşkil olunmuşdur.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR