Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Mədəniyyətimizin, elmimizin, tariximizin, ədəbiyyat və incəsənətimizin öyrənilməsi və yayılması işində muzeylərin rolu əvəzsizdir. Çünki muzeylər insanların dünyagörüşünün formalaşmasında və inkişafında, onların mədəni, mənəvi, bədii tərbiyəsində əhəmiyyətli işlər görürlər. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.
Naxçıvan Muxtar Respublikasında muzey və muzeyşünaslıq işinə çox əhəmiyyətli, lazımlı bir iş kimi yanaşılmış, muzey quruculuğu işinin təşkili geniş vüsət almışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində çox qiymətli və zəngin eksponatlara malik 25 muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, həmçinin müasir şair və yazıçılarımızın həyatını, yaradıcılığını öyrənmək və öyrətmək, geniş təbliğ etmək, ədəbi-mədəni irsimizi toplamaq, qoruyub saxlamaq məqsədilə yaradılan və Naxçıvan şəhərində fəaliyyət göstərən Ədəbiyyat Muzeyidir.
Hələ sovet dövründə Azərbaycan hökuməti 1965-ci il dekabrın 25-də Naxçıvanda Azərbaycan Ədəbiyyatı Muzeyinin açılmasına qərar verdi. Görkəmli ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində muzeyin rəsmi açılışı oldu, muzeyə Cəlil Məmmədquluzadənin adı verildi. Elm, mədəniyyət, incəsənət xadimlərimizin, yazıçı və şairlərimizin xatirəsini əbədiləşdirmək və daim yad etmək məqsədilə yaradılan muzey o vaxtdan indiyə bu missiyasını uğurla yerinə yetirir.
Bu günlərdə muzeyin fəaliyyəti ilə tanış olmaq üçün həmin ünvanda olduq. Muzeyin baş fond mühafizi Xanım İsmayılova bizimlə söhbətində bildirdi ki, dövlətimizin diqqət və qayğısı sayəsində muxtar respublikamızda quruculuq işləri aparılır, uzun müddət fəaliyyət göstərən mədəni-maarif müəssisələri yenidən qurulur. Məhz bunun bariz nümunəsidir ki, bizim muzeyə də əzəmətli, gözəl bir bina verilmiş, 2008-ci ildə muzeyin yeni binasının açılışı olmuşdur. İki mərtəbə və 3 zaldan ibarət olan muzey ekspozisiyası xronoloji ardıcıllıqla Azərbaycan ədəbiyyatının qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər keçdiyi yolu özündə əks etdirir. Muzeyimiz fəaliyyətə başladığı ilk gündən tamaşaçıların rəğbətini qazanmışdır. Xalqımızın maddi-mənəvi sərvətini qoruyub saxlamaq, ədəbi-bədii irsimizi təbliğ etmək məqsədilə muzey əməkdaşları bir çox işlər görmüşlər. Muzey işçiləri görkəmli elm, mədəniyyət, incəsənət xadimləri ilə, ədəbiyyatşünas alimlərlə, yazıçı və şairlərlə əlaqələr saxlayır, daim axtarışda olur, toplama, tədqiqat işləri aparır, elmi məqalələr çap etdirirlər.
Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev fondu”, Naxçıvan teatrının yaranmasının 125 illik yubileyi ilə əlaqədar “Naxçıvan Dövlət Musiqili Dram Teatrının fondu”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, ədəbiyyatşünas alimlərdən Əziz Şərifin, Məmmədcəfər Cəfərovun, Abbas Zamanovun, Lətif Hüseynzadənin, İsa Həbibbəylinin, Xalq yazıçısı və şairlərindən Məmməd Arazın, Hüseyn İbrahimovun, İslam Səfərlinin həyat və yaradıcılığına həsr olunmuş fondlar yaradılmışdır.
Müsahibimiz vurğuladı ki, bu ilin ilk altı ayı ərzində muzeyin fonduna 46 eksponat daxil olmuşdur. Bunlardan 30-u çap əsəri, 10-u foto, 1-i təsviri sənət əsəri, 5-i isə sənəddir. Hazırda muzeyin fondunda və ekspozisiyasında 18 min 783 ədəd eksponat vardır. Muzeyin fonduna daxil olan eksponatlara əşyaların daimi mühafizəsi üçün qəbuletmə aktları, fond və satınalma komissiyasının protokolları yazılıb, əşyalar muzeyin daxilolma və ayrı-ayrı elmi inventar kitablarına işlənilib, elmi təsvirlər verməklə pasportlar, kataloqlar yaradılıb.
Baş fond mühafizi qeyd etdi ki, muzeyin fondu və ekspozisiyası ilə yaxından tanış olmaq üçün bir zamanlar buranı ziyarət edən Cəlil Məmmədquluzadə irsinin tədqiqatçıları muzey haqqında çox maraqlı fikirlər söyləmişlər. Onlardan akademik Məmmədcəfər Cəfərov deyib ki, “bizim müdrik Mirzə Cəlil sağ olsaydı, deyərdi: Qədirşünaslıq çox yaxşı şeydir, çox yaxşı şeydir... Sağ olun, bir-birinizin qədrini bilin!..” Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov isə “Muzey gözəldir. Sağ olsun, təşkilatçıları. Bu muzey Mirzə Cəlil üçün ən yaxşı hədiyyədir” söyləyib. Görkəmli ədəbiyyatşünas alim Əziz Şərif muzeyi ziyarət edərkən fikirlərini belə bildirib: “Böyük yazıçı və mütəfəkkirimiz Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyini eşqlə təşkil edib düzəldənlərə eşq olsun”.
Həmsöhbətimiz bildirir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi muzey tərəfindən də qeyd olunur. Ötən dövr ərzində bu münasibətlə Naxçıvan ədəbi mühitinin nümayəndələri ilə birlikdə tədbirlər keçirilmiş, yaradıcı insanlar öz yeni əsərlərini muzeyə vermişlər. Bundan başqa, muzeyin ekspozisiyasında geniş tərtibatlı “Naxçıvan Muxtar Respublikası – 90” başlıqlı sərgi hazırlanmışdır. Sərgidə Naxçıvan ədəbi mühitinin 90 ildə əldə etdiyi nailiyyətlər öz əksini tapmışdır. Eyni zamanda muzeydə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Muxtariyyət ili” ilə əlaqədar açıq dərslər keçilmişdir.
Buradakı Naxçıvan teatrının tarixini əks etdirən fondda Azərbaycan, rus, Avropa, o cümlədən dünya klassikləri dramaturgiyasından bəhs edən bir-birindən maraqlı fotolar, afişalar, proqramlar, dəvətnamələr, eskizlər, maketlər, ömürlərini teatra bağlayan görkəmli səhnə ustalarının fəaliyyətindən bəhs edən bukletlər, kitablar və digər qiymətli eksponatlar mühafizə olunur.
Müsahibim sonda qeyd etdi ki, muzey əməkdaşları tərəfindən Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn İbrahimova aid eksponatlar araşdırılmış, onların həyat və yaradıcılıqlarını əks etdirən elmi mühazirə mətnləri hazırlanmışdır. Bu elmi mühazirə mətnlərinin hazırlanması yazıçı və şairlərimizin ədəbi-bədii irsinin daha dərindən öyrənilməsi və təbliği işində mühüm rol oynayır. Bundan əlavə, muzey tərəfindən muxtar respublikada fəaliyyət göstərən ədəbiyyat profilli muzeylərə əməli-metodik köməkliklər də göstərilir.
İnanırıq ki, böyük ədibin adını daşıyan Ədəbiyyat Muzeyi bundan sonra da öz fəaliyyəti ilə muxtar respublikamızın ədəbi mühitinin inkişafında öz sözünü deyəcək, ədəbiyyatsevərlər üçün doğma ünvan olacaq.
Sona MİRZƏYEVA