“Cənazənin qabağınca “Məktəbi-tərbiyə”nin şagirdləri 120-dən ziyadə barmaq boyda balalar əllərində siparə, nəhayət, xunavər və məlaləngiz sövt ilə Kəlami-Şərif oxuyaraq novhə edəndə məktəb balaları və camaat səs-səsə verib şövqlə ağlayıb məscidə bir şur, qülqülə saldılar ki, imdiyədək bir kəsin vəfatı əhaliyə təsir etməmişdi...” (Əsəd ağa Kəngərlinin “Şərqi-Rus” qəzetinə məktubundan)
Onun 160 illik yubileyini qeyd etdiyimiz bu günlərdə yolumu Sidqinin məzarının yanından salıram. Nə qəribədir, Sidqi 1892-ci ildə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəbi açarkən, 1894-cü ildə Naxçıvanda “Məktəbi-tərbiyə”ni yaradarkən, ümumilikdə, bütün ömrü boyunca köhnəliyin, xürafatın qarşısında tək dayanmış və millətinin maariflənməsi, təfəkkürünün işıqlanması yolunda ömrünü şam kimi əritmişdi. Bu gün Sidqinin məzarı da bir yolun kənarında tənha dayanır. Bəzən yanından keçən məktəbliləri, tələbələri görərkən ruhu gülümsəyir Sidqinin... Bəzən isə ötüb keçənlərin bu məzarın fərqində belə olmamalarının təəssüfü ilə qaşlarını çatır Sidqi... Müəllimlər müəllimi Məhəmməd Tağı Sidqi indi məzarının olduğu yerdə dəfn olunarkən orada “Ağa-bəy məzarlığı” yerləşirdi. Sonralar sovetlərin məqsədli siyasəti nəticəsində oradakı məzarlıqlar dağıdılanda Sidqi tənha qaldı. Bir yol kənarında tənha qalmış o məzarı unutdurmaq millət olaraq bizə ziyalılarımızı və ziyalılığımızı unutdurmaq planının kiçik bir parçası idi... Axı bizə təlqin olunan o idi ki, Azərbaycana, onun ucqarlarına millət balaları üçün məktəbi, maarifi bolşevizm gətirmişdi. Bizə təlqin olunan o idi ki, sovetlərə qədər biz cəhalət girdabında sürünmüşdük və bu girdabla hamımız birmənalı razılaşmışdıq.
Beynimizə yerləşdirilən bu düşüncə ilə Məhəmməd Tağı Sidqi zirvəsi bir-birini inkar edirdi. İstər-istəməz Sidqinin məzarını görən, onun kimliyi ilə maraqlanan insanlar bizdə sovetlərdən öncə də təhsilin olduğunun fərqində olacaqdılar. Yaxınlıqda yerləşən Naxçıvan xanlarının məzarlarını müxtəlif dövrlərdə və müxtəlif bəhanələrlə yer üzündən silmək mümkün olsa da, Sidqinin məzarı tənha da olsa, “ayaq üstündə dayana bildi”. Sidqini zəhərləyən rus çarizminin şəkildəyişmiş forması olan sovet-rus imperializmi onu yıxa bilmədi. İşğalçılar onun fiziki varlığına son qoya bilsələr də, o işğalçıların varisləri onun mənəvi varlığını yox edə bilmədilər.
Heykəli-insana nəzər salan Sidqinin anadan olmasından 160 il keçəndən sonra belə, onun varlığı, onun maarifçilik ideyaları yenə də xatırlanır. Sidqi irsinə sahib çıxan şəxsiyyətlərin onun həyat və yaradıcılığının öyrənilməsi üçün gördüyü işlər bütün ziyalılar tərəfindən minnətdarlıqla qarşılanır. Onun yubileyləri dövlət səviyyəsində qeyd olunub, məzarı bərpa edilib. Amma, məncə, etiraf etməyin zamanıdır. Bu gün Sidqinin yol kənarında tənha dayanan məzarını çoxumuz – biz gənclərin bir çoxu xatırlamırıq. Xatırlamaq üçün bilməyimiz lazımdır, bizə göstərilməyi lazımdır. Bəlkə də, kimsə görüb, amma mən bircə dəfə də olsun, bu gün Sidqi ideyalarının işığında fəaliyyət göstərən bir müəllimimizi görməmişəm ki, şagirdlərini bu məzarın yanına gətirsin və “burada Sidqi uyuyur” desin.
Naxçıvan şəhərinin ən uca yerində dəfn edilməyə layiq şəxsiyyətlərdən biri olan Sidqi bir zamanlar şəhərin ən çökək yerlərindən birində dəfn olunub. Nədənsə bəzən mənə elə gəlir ki, bu çökəklikdən Məhəmməd Tağı Sidqi Naxçıvanda tikilən, yenidən qurulan təhsil ocaqlarını görə bilmir. Deməli, təhsilimizin inkişafını ona göstərmək, onun ruhunu şad etmək üçün biz – müəllimlər, tələbələr və şagirdlər ona tərəf getməli və ona bu inkişafdan danışmalıyıq.
Elnur KƏLBİZADƏ