24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Böyük bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyov Azərbaycan musiqi sənətinə əvəzsiz töhfələr vermiş, Şərq və Qərb musiqi mədəniyyətləri arasında körpü yaratmış, çoxəsrlik musiqi ənənələrini inkişaf etdirərək yeni mərhələyə yüksəltmişdir. Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısı olan Üzeyir Hacıbəyov Şərqdə operanın və operettanın əsasını qoymuş, dövlət xoru, simfonik orkestr yaratmış, dünya musiqi xəzinəsini öz əsərləri ilə zənginləşdirmişdir.
Dahi bəstəkarın yaradıcılığı doğma Azərbaycanımızın hüdudlarını aşaraq ona dünya şöhrəti qazandırmışdır. Bu sənət milli və coğrafi sərhədlər tanımır, onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev bəstəkarın şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verərək deyirdi: “Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır”.

Qədim tarixə malik olan Azərbaycan musiqi sənətinin inkişafı ötən əsrin 70-ci illərində daha dinamik xarakter almışdır. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Tanınmış bəstəkar və musiqiçilər “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuş, fəxri adlara, Prezident mükafatı və təqaüdünə layiq görülmüşlər.
Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər keçirilən Beynəlxalq Üzeyir Hacıbəyov Musiqi Festivalı, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi, Bakı Beynəlxalq Caz Festivalı, IV Beynəlxalq Rostropoviç Festivalı, I Beynəlxalq Aşıq Festivalı, III Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Muğam Simpoziumu, VI Qəbələ Beynəlxalq Musiqi Festivalı və başqa yüksək səviyyəli tədbirlər ölkəmizdə musiqi mədəniyyəti sahəsində görülmüş işlərin əyani təzahürüdür.
“Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti Azərbaycanın musiqi mədəniyyəti ilə sıx bağlıdır”, – deyən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə milli musiqi sənətimizin tanıdılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə diqqət və qayğının daha bir ifadəsidir. 2011-ci ildə ölkəmizin “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi və 2012-ci ilin may ayında Bakı şəhərində 57-ci “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi isə Azərbaycanın musiqi mədəniyyətini və yüksək təşkilatçılıq imkanlarını bir daha dünyaya nümayiş etdirmişdir.
Musiqi mədəniyyətimizin inkişafı sahəsində həyata keçirilən tədbir­lər­də Heydər Əliyev Fondu da ya­xın­dan iştirak edir. 2005-ci ilin mar­­tın­da Parisdə “Qarabağ xanən­də­­lə­ri” albomunun təqdimat mərasimi­­nin keçirilməsi, “Üzeyir Hacıbəy­ov Ensiklo­pediyası”nın, “Muğam Ensiklo­­­pe­di­yası”nın, “Muğam” jurnalının işıq üzü görməsi mədəniyyətimizin tanıdılması sahəsində həyata keçirilən mühüm tədbirlərdəndir. 2003-cü ildə Azərbaycanın muğam, 2009-cu ildə aşıq sənətinin, 2012-ci ildə tar ifaçılığı sənətinin YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğı son 18 ildə daha dinamik xarakter almış, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmişdir. Filarmoniyanın xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı da hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. 2012-ci ilin fevralında yenidənqurmadan sonra istifadəyə verilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkilat üçün də iş otaqları ayrılmış, yüksək iş şəraiti yaradılmışdır.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edərkən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə göstərilən dövlət qayğısını da xüsusilə qeyd etmək lazımdır. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan genişmiqyaslı quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə etmiş, son illərdə 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhərinin Qaraçuq kəndində Uşaq Musiqi Məktəbinin yenidən qurulması, Uşaq İncəsənət Məktəbi, 2 nömrəli Uşaq Musiqi Məktəbi, Culfa rayonundakı Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşa olunması bu sahədə işlərin davamlı və ardıcıl aparıldığını göstərir.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir.1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmışdır. Həmin tarixdən etibarən Novruz bayramı ərəfəsində keçirilən şənliklərdə Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri və aşıq sənətini yaşadan musiqi kollektivlərinin çıxışları təşkil edilir. Artıq muxtar respublikada aşıq sənətinin yaşadılması, aşıq musiqisinin inkişafı sahəsində görülən işlər öz bəhrəsini vermiş, gənc ifaçılar nəsli yetişmişdir.
Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər.

Azərbaycan musiqisi bu gün sevilir, qorunur, yaşadılır və təbliğ edilir. Milli musiqimizin hamisi və onun gələcəyinə böyük ümid bəsləyən ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “…Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir. Bu, məni sevindirir. Bütün respublikamız, xalqımız da buna sevinir. Bunun gələcəkdə də davam etməsini arzulayıram, ümidvaram ki, belə də olacaqdır”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR