24 Dekabr 2024, Çərşənbə axşamı

Nurbəniz Niftəliyeva 1984-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Bir neçə ildir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir. Sənətinə olan hədsiz sevgisinin nəticəsidir ki, gənc olsa da, teatrda işlədiyi qısa müddət ərzində bir sıra uğurlara imza atıb, yaddaqalan obrazlarla tamaşaçılarda özünəməhəbbət hissi yaradıb. Bu yaxınlarda gənc istedadı oxucularımızla daha yaxından tanış etmək üçün redaksiyamıza dəvət etdik və onunla həmsöhbət olduq. İlk sualımız da teatr sənətinə gəlişi ilə bağlı oldu:

– Bu sənətin qığılcımlarını lap uşaqlıqdan ürəyimdə hiss etmişdim. Məktəbdə keçirilən bütün mədəni tədbirlərdə iştirak edirdim. Şeir müsabiqələrində həmişə uğur qazanırdım. Tamaşaçı alqışına alışmışdım. İncəsənət sahəsi məni özünə yaman cəlb etmişdi. Ancaq ailəm müəllim olmağımı istəyirdi. Bakı şəhərində qəbul imtahanlarına hazırlaşdığım ərəfədə bibim istedadıma bələd olduğu üçün onun istəyi ilə sənədlərimi Bakı Mədəni-Maarif Texnikumuna verdim. Və bədii yaradıcılıq ixtisasına qəbul olundum. Təhsilimi başa vurduqdan sonra 2007-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi işləməyə başladım. Elə ilk rol aldığım tamaşada mənə əsas obrazlardan biri həvalə edildi. Yoldaşlarımın dediyinə görə, rolun öhdəsindən layiqincə gəldim. Gənc olmağıma baxmayaraq, teatrın əsas aktrisalarından birinə çevrildim. Ən böyük arzularımdan biri Naxçıvan teatrında çalışmaq idi. Əvvəlcə Şərur Xalq Teatrında fəaliyyət göstərdim. Sonra fəaliyyətimi böyük səhnədə – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirməyə başladım. Qürur duyuram ki, bu sənət məbədinin aktrisasıyam.

– Maraqlıdır, teatr sənətinə belə qəlbən bağlanan Nurbəniz üçün teatr, səhnə nə deməkdir? İndiyə qədər hansı rolları ifa etmisiniz?
– Teatr mənim üçün müqəddəs bir yerdir, bir məbəddir. Həyatımı teatrsız təsəvvür edə bilmirəm. Teatr həyatda və cəmiyyətdə baş verən hadisələri görmək, duymaq və onları dərk etmək üçün qarşılıqlı münasibətlərin inikasını yaradır, burada real həyat hadisələri obrazların dili ilə tamaşaçıya çatdırılır. Bu mənada incəsənətin heç bir növünü teatrla müqayisə etmək olmaz. İnsan həyatda bir ömür yaşayırsa, səhnə adamı səhnədə onlarca həyat, ömür yaşayır. Ən böyük sakitliyimi səhnədə tapıram. Səhnə mənim iş yerimdir. Düşünürəm ki, mənim üçün dünyanın heç bir iş otağı səhnə qədər sehrli və cazibədar ola bilməz. Hələ tamaşanın sonunda gur alqışların, tamaşaçıların sevgi dolu baxışlarının bəxş etdiyi sevinci ifadə etmək mümkün deyil. Bir sözlə, teatr mənim üçün bütün çalarları ilə gözəldir. Ona görə də bütün rollarımı sevə-sevə ifa edirəm.
Oynadığım rollara gəlincə, Çexovun “Russayağı evlənmə” əsərində Natalya, İslam Səfərlinin “Göz həkimi” əsərində Gülər, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Nina, Müzəffər Nəsirlinin “Qonçabəyim nəğməsi” əsərində Pəri, Nazim Hikmətin “Kəllə” pyesində Dalbanezonun qızı obrazlarını canlandırmışam.
– Bəs aktrisa kimi yetişməyinizdə kimlərin rolu olub?
– Məncə, obrazı təkcə yaşamaq və duymaqla tam bədii bütövlüyə nail olmaq mümkün deyil. Bu işdə aktyorun professional ustalığa, səhnə danışığına yiyələnməsinin böyük əhəmiyyəti var. Sözsüz ki, mənim də bir aktrisa kimi müəyyən uğurlar qazanmağımda professional aktyor və ak­trisaların böyük rolu olub. Özümü onlara borclu hesab edirəm. Bu gün onlardan çox şey öyrənirəm. Müəllimim deyirdi ki, teatr sənətçisinin zirvəsi yoxdur. Aktyor ucaldıqca ucalmalıdır. Hələ mən özümü tam yetişmiş kimi görmürəm. Önümdə uzun yol var. Sevinirəm ki, teatrın qocaman və professional aktyor və aktrisaları ilə bir səhnəyə çıxıram. Onlardan öyrəndiklərim çox şeylər var və olacaq da.
– Nurbəniz xanım, tamaşaçılar sizi həm də müxtəlif tədbirlərin aparıcısı kimi tanıyırlar...
– Hər ay, demək olar ki, müxtəlif səpgili tədbirlərin aparıcısı oluram. Səmimi etiraf edim ki, aparıcı olmağın həyəcanı tamam başqadır. Hətta mən deyərdim ki, aparıcı olmaq səhnədə hər hansı bir rolu ifa etməkdən qat-qat çətindir. Çünki burada tək olursan. Birbaşa auditoriyaya danışırsan. Tədbirin məqsədinin tamaşaçılara çatdırılması vəzifəsi aparıcının üzərinə düşür. Hər hansı bir tədbirin aparıcısı olmaq vəzifəsi tapşırılanda üzərimdə çox çalışıram.
– Bu gün bütün gənc istedadlar dövlət qayğısı ilə əhatə olunublar. Teatrda gənclərə göstərilən qayğı sizin yaradıcılığınıza necə təsir edir?
– Bu gün muxtar respublikamızda gənclərə xüsusi diqqət və qayğı göstərilir. Doğma diyarımızda hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması üçün geniş imkanlar var. Bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Belə imkanlardan səmərəli istifadə edən hər bir gənc həyatda öz yerini tutacaqdır. Mən aktrisası olduğum teatrda həmişə gənclərə göstərilən qayğını öz şəxsimdə hiss etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə bir qrup aparıcı incəsənət adamlarına Azərbaycan Respublikası Prezidentinin mükafatları verildi. Bu sərəncamda mənim də adım var idi. Bu yaşda Prezident mükafatına layiq görülməyim mənim timsalımda gənclərə göstərilən qayğının bir nümunəsidir. Belə qayğı məsuliyyətimi xeyli artırıb. Düşünürəm ki, bu qayğıya cavab vermək üçün öz üzərimdə ciddi çalışmalı, yaradıcılıq axtarışları aparmalı, bu gün qazandıqlarımla kifayətlənməməli, daha böyük uğurlara nail olmaq üçün səhnənin imkanlarından, göstərilən diqqətdən səmərəli istifadə etməliyəm. Bu həm də mənim qədim sənət ocağına və həmişə səhnədən alqışlarla yola salan tamaşaçılara ən böyük töhfəm olar.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR