Bu günlərdə Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində şeirlərdən, hekayələrdən və dram əsərlərindən ibarət “Dünyaya pəncərə” adlı 3 kitab nəşr edilmişdir. Kitablar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 2012-ci ildə keçirilmiş konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yaradılan Yazıçılar Birliyinin Bədii Tərcümə Mərkəzi tərəfindən hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin konfransdakı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin qarşısında bir sıra problemlərin həll olunması məsələsini qoymuşdu. Bu problemlərdən biri də bədii tərcümə ilə bağlı idi. Konfransda Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində Bədii Tərcümə Mərkəzi yaratmaq mümkündür”.
Konfransdan sonra Yazıçılar Birliyinin nəzdində Bədii Tərcümə Mərkəzi yaradıldı, filologiya üzrə fəlsəfə doktoru, şair, tərcüməçi Şirməmməd Qüdrətoğlu Bədii Tərcümə Mərkəzinə rəhbər təyin edildi. Bədii tərcümə ilə məşğul olan şair və yazıçılara tövsiyə olundu ki, xarici dillərdən bir sıra maraqlı əsərləri dilimizə tərcümə etsinlər. Bu sahədə artıq müəyyən təcrübə vardır. Belə ki, şair və yazıçılarımızdan Həmid Arzulunun alman, Şirməmməd Qüdrətoğlunun ingilis dillərindən etdiyi tərcümələr kitab şəklində oxuculara çatdırılmış, şair və yazıçılarımızın isə ayrı-ayrı dövrlərdə bir sıra dillərdən tərcümə etdiyi əsərləri mətbuatda çap olunmuşdur. Yeri gəlmişkən xatırladaq ki, Vaqif Məmmədovun, Elxan Yurdoğlunun türk poeziyasından tərcümə etdiyi poeziya nümunələri ayrıca kitab şəklində oxuculara təqdim olunmuşdur. Son illər isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi dəyərləndirilir.
Muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımız bir sıra əsərləri orijinaldan tərcümə etmişlər. “Dünyaya pəncərə” adlı almanaxa daxil olunan əsərlərin çoxu birbaşa orijinaldan edilən tərcümələrdir. Həmid Arzulunun alman ədəbiyyatından bir sıra tərcümələri var. Onun tərcümə etdiyi bir sıra əsərlər ayrıca kitab şəklində oxuculara təqdim olunmuş, iki tərcümə əsəri isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmid Arzulu Bertold Brextin “Üçüncü imperiya”, “Cuhud arvad”, “Ədalət məhkəməsi” və Efraim Lessinqin “Əsgər səadəti” dramlarını tərcümə etmişdir. Bu əsərlər alman ədəbiyyatının gözəl sənət nümunələri kimi təqdir olunur. Müharibə əleyhinə yazılmış bu əsərlərin ayrıca kitab şəklində oxuculara təqdim olunması diqqətəlayiqdir. İnanırıq ki, oxucularımız adlarını çəkdiyimiz bu dram əsərlərini sevə-sevə mütaliə edəcəklər.
Şirməmməd Qüdrətoğlu ingilis dilindən çoxlu şeirlər, poemalar tərcümə etmişdir. Şeirlərdən ibarət “Dünyaya pəncərə” kitabında onun ingilis dilindən tərcümə etdiyi 30-a yaxın şeir və Corc Qordon Bayronun “Dəniz qulduru” poemasından bir parça oxuculara təqdim olunmuşdur. Şirməmməd Qüdrətoğlu bu əsərlərin poetik şəkildə tərcüməsinə nail ola bilmişdir. O, Vilyam Şekspir, Tomas Mur, Lənqston Hyuz, Robert Berns, Pösi Biş Şelli, Çarlz Makey, Tomas Hud kimi məşhur ingilis şairlərinin şeirlərini poetik dillə ana dilimizə tərcüməsinə müvəffəq olmuşdur.
Eyni zamanda Şirməmməd Qüdrətoğlu amerikalı məşhur yazıçı Ernest Heminqueyin bir neçə hekayəsini də tərcümə etmişdir. Ernest Heminqueyin “Qoca və dəniz”, “Əcəl zəngi”, “Əlvida, silah” romanları Azərbaycan oxucularına yaxşı tanışdır. İnanırıq ki, bu məşhur yazıçının hekayələri də rəğbətlə qarşılanacaq.
Həmyerlimiz Şamil Zamanın fransız dilindən etdiyi tərcümələr ayrıca kitab şəklində oxuculara təqdim olunmuşdur. O, Fransanın dövlət himni olan “Marselyeza”nı da Azərbaycan dilinə tərcümə etmişdir. Müəllifin Pyer-Jan dö Beranje, Viktor Hüqo, Andre Şenye, Şarl Zasayi və digər şairlərdən etdiyi tərcümələr bədii dəyərinə görə seçilir. Yeri gəlmişkən bir məsələni də vurğulamaq istərdik ki, Şamil Zaman şairlərimizdən Elmira Qasımovanın və Vaqif Məmmədovun şeirlərini fransız dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirmişdir. O, 756 səhifədən ibarət “XI-XX əsr Azərbaycan poeziyası antologiyası” kitabının nəşrinə nail olmuşdur. Həmin kitabda həmyerlilərimizin yaradıcılığından da nümunələr vardır. Şamil Zaman Naxçıvan torpağının yetirməsi olan 53 şairin şeirlərindən ibarət 524 səhifəlik “Naxçıvanın şeir çələngi” adlı böyük bir toplu da hazırlamışdır. Akademik İsa Həbibbəyli bu kitaba “Naxçıvanın poeziya çələngi” adlı “Ön söz” yazmışdır. Həmin kitab da artıq oxucuların ixtiyarına verilmişdir.
Oxucular şeirlərdən ibarət “Dünyaya pəncərə” kitabında Kəmalə Ağayevanın, Hüseyn Razinin, İsa Həbibbəylinin, Muxtar Qasımzadənin, Şamil Zamanın tərcüməsində Aqniya Barto, Aleksandr Blok, Boris Pasternak, Rəsul Həmzətov, Rimma Kazakova, Vladimir Basin, Rəmz Babacan, Əhməd Sövqi, Klod Jozef Ruge dö Lil, Pyer-Jan dö Beranje, Viktor Hüqo, Şarl Zasayi kimi məşhur şairlərin yaradıcılığı ilə tanış olmaq imkanı qazanmışlar. Oxucular Vaqif Məmmədovun, Elxan Yurdoğlunun tərcüməsində isə 25 türkiyəli şairin 49 şerini sevə-sevə oxuyacaqlar.
Hekayələrdən ibarət “Dünyaya pəncərə” adlı kitabda isə Şirməmməd Qüdrətoğlunun ingilis dilindən tərcümə etdiyi hekayələrlə yanaşı, Əliəddin Abbasovun, Hüseyn Əsgərovun, Bağır Qədimin tərcüməsində bir sıra xarici ölkə yazıçılarının maraqlı hekayələri dərc olunmuşdur.
Qeyd edək ki, şair və yazıçılarımızın, filoloq alimlərimizin son illərdə xarici ölkələrdə ondan artıq kitabı çap olunmuşdur. Akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun, filologiya elmləri doktoru Hüseyn Həşimlinin, Elmira Qasımovanın, Kəmalə Ağayevanın, Həmid Arzulunun, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Məmməd Tahirin, Şirməmməd Qüdrətoğlunun, Hüseyn Bağırın, Zeynəb Naxçıvanlının əsərləri ayrıca kitab şəklində Rusiyada, Pakistanda, Ukraynada, Misirdə, Türkiyədə, İranda çap olunmuşdur. Bundan əlavə, bir sıra şairlərimizin şeirləri də müxtəlif dillərə tərcümə olunaraq qəzet və jurnallarda dərc edilmişdir. İstərdik ki, Naxçıvan ədəbi mühitinin yetirmələri olan şair və yazıçılarımızın əsərləri xarici ölkələrdə daha çox çap olunsun. Ona görə də çalışacağıq ki, Bədii Tərcümə Mərkəzinin, eləcə də şair və yazıçılarımızın tərcüməsi sayəsində Naxçıvan ədəbi mühitinin yetirmələri olan şair və yazıçılarımızın əsərləri başqa dillərə tərcümə olunaraq kitab şəklində xarici ölkə oxucularına da çatdırılsın.
Son illərdə ədəbiyyata onlarla gənc gəlib. Amma tərcümə ilə məşğul olan yaradıcı gənclərimiz yoxdur. Gənc şairlərdən Elxan Yurdoğlunun türkiyəli şairlərdən dilimizə çevirdiyi şeirlər var. Ancaq istərdik ki, bədii yaradıcılıqla məşğul olan gənc şairlər tərcümə sənətini də unutmasınlar. Bugünkü gəncliyin qarşısında böyük imkanlar açılmışdır. Gənclərimizin çoxu ingilis dilini yaxşı bilir. Ona görə də bədii yaradıcılıqla məşğul olan gənclərimiz bu sahəyə də ciddi fikir verməli, özlərində tərcüməçilik vərdişi yaratmalıdırlar.
Düşünürük ki, gələcəkdə Bədii Tərcümə Mərkəzi orijinaldan tərcümə işini günün tələbləri səviyyəsində quracaq, şair və yazıçılarımız bu işə daha ciddi yanaşacaq, dünya ədəbiyyatının gözəl nümunələri doğma ana dilimizdə səslənəcəkdir.
“Dünyaya pəncərə” adlı 3 tərcümə kitabının çap olunmasına göstərdiyi diqqət və qayğıya görə yazıçı və şairlərimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.
Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri