24 Dekabr 2024, Çərşənbə axşamı

“Mənim fikrimcə, Vətən təfəkkürdən başlanır. Çünki hara baxırsansa, gözlərin onu görür, ürəyin onu düşünür, qəlbin onu sevir. Ona görə hər kəsi, hər kəsə görə onu sevirsən. Məncə, əsl sevgi budur – Vətən sevgisi”. Bu günlərdə çapdan çıxan “Xanəgahım, Naxçıvanım, Vətənim” adlı kitabında belə yazır bir şair.
Doğrusunu desəm, sadəcə, dostlarımızdan eşitmişdim onun haqqında. Bildiyim o idi ki, o, Xanəgah kənd tam orta məktəbinin direktorudur. Kamal Xanəgahlı ilə (Gülmalıyev) isti bir yay günündə tələbələrimizlə birlikdə Əlincəqalaya və Xanəgah Abidə Kompleksinə səfərimiz zamanı tanış olduq. Daha doğrusu, zəng edib kəndə gəlişimizin məqsədini deyəndə və bizə bələdçilik etməsini istəyəndə məmnuniyyətlə razılaşdı və demək olar ki, bütün gün ərzində kəndi və qalanı birlikdə qarış-qarış gəzdik. Xanəgah Abidə Kompleksində olarkən bizə bir kitab da hədiyyə etdi: “Ustadım Nəimidir”. Kitabla tanış olduqdan sonra əmin oldum ki, bu torpaqlar üzərində hələ də Nəiminin və Nəsiminin ruhu yaşayır, onların fəlsəfəsini yaşadan, bu yolla addımlayan insanlar var. Bu yaxınlarda isə yeni kitabının çapdan çıxdığını eşidib ondan “Xanəgahım, Naxçıvanım, Vətənim” kitabını istədim və əldə etdim. Vətənin adi torpaq olmadığını, onun insanın yaranış səbəbi, insana nə üçün yarandığını düşündürən anlayış olduğunu yazan müəllif yazır: “Şəhidliyin, alimliyin, şairliyin, ümumiyyətlə, insanlığın mahiyyəti “Onun” nə olduğunu biləndən sonra başlanır, məncə. Ona qısaca olaraq belə də deyirlər – Vətən”.
Kitabı vərəqlədikcə müəllifin Vətənimizin bir parçası olan Naxçıvanın hər daşını, hər qayasını necə sevdiyinin şahidi olursan. Yazdığı sözləri qəlbinin işığı ilə alovlandıran müəllif qələmin işığı ilə Naxçıvanın bu gününü işıqlandırmağı arzulayır və yazır:

Söz yazıram zərrə-zərrə,
Söz yazıram gilə-gilə.
Sözüm bitmir ürəyimdə,
Qalayıram silə-silə.
Bu torpağın vurğunuyam,
Tariximi bilə-bilə.
Qoy qələmin işığında
İşıqlansın Nuhçıxanım.
Mənim əziz, mənim gözəl,
Mənim doğma Naxçıvanım.
Şair müasir Naxçıvanın hüsnünə vurulan hər naxışın bu torpağın insanlarının ürəyindəki böyük eşqdən doğduğunu düşünür və yazır:
Hər tərəfdə böyük ümid,
Hər ürəkdə bir arzu var.
Arzuları ürəklərdə
Zərrə-zərrə yaradarlar!
Əgər sevgi qorunarsa,
Sınmış ağac bitən olar.
Torpağına bağlı olsan,
Vətən onda Vətən olar!
Yeni kitabı oxuduqca sətirlərin arasından müəllifin təkcə öz doğulduğu kəndə olan məhəbbətini deyil, Naxçıvanın hər bir qarışına, hər bir şəhərinə və rayonuna sevgisinin izləri görünür. Bağlar diyarı Ordubadın limonlu, dağ nanəli ətrini duyan şair bu diyarın qəhrəmanlıqlar və ənənələr yurdu olduğunu xatırladır, onu “muğam səsiylə yazılan şəhər” adlandırır:
Sən ulu dahilər, böyük şairlər
Dilində hikmətli qəzəl Ordubad.
Ey muğam səsiylə yazılan şəhər,
Ordubad, Ordubad, gözəl Ordubad.
Məmməd Araz imzalı Oğuz yurdu Şahbuz da, gözündə şimşəyin odunu daşıyaraq qəlbindən Arazı axıdan Babək də, cavan olduğu qədər qədim olan Kəngərli də, iki qardaşın görüş qapısı olan Sədərək də, damarlarından Arpaçay süzülən Şərur da şairin ilham qaynağıdır. Culfa isə şair üçün Naxçıvan yurdunun rəmzi, dahilər ruhunun izidir:
Əlincə qalası, o Haçadağla
Naxçıvan yurdunun rəmizi Culfam.
Nəimi, Nəsimi eşqində yatan,
Dahilər ruhunun izidir Culfam.
Kitabda şairin halallıq almaq istəyindən doğan “Halal eylə” şerində yuxusuna haram qatıb yurdu qoruyan əsgərdən, uluların ruhundan, Vətəndən, dostdan halallıq istəyir şair:
Ulu Cavid, Şeyx Nəimi,
Ey Əcəmi, ey Nəsimi,
Səndən aldım şöhrətimi,
Şöhrətini halal eylə.
“Xanəgahım, Naxçıvanım, Vətənim” kitabında yer almış “Əlincə əfsanəsi” poeması qalanın müdafiəçisi olmuş Əmir Altunun və onun sevgilisi Zeynəbin dillərdə dastan olmuş eşqindən və qala uğrunda qəhrəmanlıq mübarizəsindən bəhs edir. Əlincənin həm də bu böyük sevginin izlərini yaşatdığını deyən şair onun bir daşını dünyanın daş-qaşından üstün tutduğunu yazır:
Uluların izi düşüb bu daşlara,
Tək bir daşın dəyişmərəm daş-qaşlara!
Dəyişmərəm Vətənimin bir kolun da,
Tənha izin, boz cığırın, toz yolun da!
Bu toz yollar məni mənə aparandır,
Yad əlləri tariximdən qoparandır!
Ümumilikdə, Vətənin, ulu Naxçıvanımızın tərənnümü olan kitabın ikinci hissəsində müəllifin müxtəlif illərdə tarixi abidələrimizlə bağlı yazdığı məqalələri, bədii-fəlsəfi düşüncələri də toplanıb. Qeyd edək ki, kitab Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub.

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR