XIX əsrin sonu, XX əsrin əvvəllərində ümumazərbaycan naminə intişar tapan mütərəqqi ideyaların daşıyıcılarından biri də Naxçıvan mədəni mühiti idi. Bu mühit ölkədə başladılan maarifçi hərəkatı yeni əlamət və keyfiyyətlərlə zənginləşdirmiş, Azərbaycan elminə, mədəniyyətinə dəyərli simalar bəxş etmişdir. O dövrdə qədim diyarda dünyəvi təhsil verən milli məktəblərin yaradılmasında əhəmiyyətli addımlar atılmış, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi Ordubadda “Əxtər” (1892), Naxçıvan şəhərində “Tərbiyə” (1894) məktəblərini açmışdır.
M.T.Sidqinin pedaqoji fəaliyyəti kimi, yaradıcılığı da yeniliklər məcmusudur. Onun yaradıcılığında İslam dini, Vətən və millət anlayışları xüsusi yer tutmuşdur. M.T.Sidqi çalışırdı ki, insanlar İslam dininin mahiyyətini səthi deyil, daha ağıllı şəkildə dərk etsinlər. Bu isə yalnız elm öyrənməklə mümkündür. Əgər müsəlmanlar İslamı dərindən öyrənsələr, görərlər ki, burada elm və mərifət sahibi olmaq insanoğlunun ən vacib əməlləri sırasındadır; məgər İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri bu deyilmi: “Oxu, səni yaradan rəbbinin adı ilə oxu”. Görkəmli pedaqoq bir də ona görə İslamın olduğu kimi əxz edilməsinə çalışırdı ki, insanlar bir həqiqəti də bilsinlər: zamanın mütərəqqi ideyalarının tələblərinə uyğunlaşmağı dinimiz nəinki pisləyir, əksinə təqdir edir. Sidqinin fikrincə, bu da ondan irəli gəlir ki, İslam daha çox insanı, hər bir fərdi düşünür.
M.T.Sidqi bu cür düşüncələrini “Heykəli-insana bir nəzər” əsərində daha dolğun şəkildə ifadə etmişdir. Həmin məqaləsində o, ilk növbədə, Allahın yaratdığı insanın necə əsrarəngiz olmasına toxunmuşdur. Onun fikrincə, Allah insanı elə bir yüksək, ali keyfiyyətdə yaratmışdır ki, o, bəzən dəmirdən də möhkəm, bəzən də gül yarpağından da nazikdir. Belə ki, insan başına ard-arda gələn çox ağır müsibətlərə, bəlalara zəhmət çəkib dözdüyü halda, münasib olmayan acı bir sözə dözməyərək pərişan olub özündən çıxar. Yaxud insan var, öz nəfsinin ucbatından baiskarlıq edər, insan da var ki, bir millətin hifzindən ötrü özünü ölümə verməyi səadət hesab edər.
Vətən və millət məsələsinə gəlincə, M.T.Sidqi yazırdı ki, artıq dünyada hər məmləkət əhalisi millət adını alıb və o məmləkəti “Vətən” adlandırır. Hər bir millətin milli hüquqları, milli hökuməti vardır. Bu mənada müsəlman xalqları da millət və vətən anlayışlarını dərk etməli, müasir dövrün tələblərinə qarşı çıxmaqdansa, onunla uzlaşma yolları tapmalıdır. Tapmalıdır ki, həmvətənlərinin də müəyyən əraziyə malik məmləkəti, Vətəni olsun. Sidqiyə görə, müsəlman dünyasının əsas problemi hələ də keçmiş mədəniyyətimizlə fəxr edərək bu günü və gələcəyimizi düşünə bilməməyimizdir. İslam-Şərq mədəniyyəti ilə müqayisədə Avropa-Qərb millətləri bir tərəfdən milli və müasir dövlət yaradır, digər tərəfdən həmin ölkələrdə iqtisadiyyat və texnologiya sürətlə inkişaf edir. Maarif carçısının fikrincə, Qərb ölkələri mövcud nailiyyətləri dünyəvi elmləri öyrənməklə əldə ediblər. Müsəlman dünyası da bu uğurlara çatmaq üçün, ilk növbədə, dünyəvi elmləri öyrənməlidir. Bunun üçün isə əlifba islahatları aparılmalı, yenitipli dünyəvi məktəblər açılmalı və qəzetlər nəşr olunmalıdır.
Əgər dünyanın bir qismində – Avropada Adəm övladları inkişafa və tərəqqiyə sahib çıxırlarsa – dəmir yolları çəkir, teleqraflar, təyyarələr icad edirlərsə, deməli, o biri qismində – Şərqdə də bütün bunları edə bilərlər. Bütün bunlar, yəni elm kəsb etməklə tərəqqiyə çatmaq İslam dinində də müsəlmanlara əmr olunmaqdadır. Sidqi yazırdı: “Özünə mənzil qərar verdiyi qaranlıq mağaraları və sonra ağacdan və daşdan emal olunan dəkkə və talvarları xəyalına gətirəndə bir tərəfdən Fransa bürcünə (Eyfel qülləsi – S.M.) baxıb, bir səmtdə London şəhərinin dörd yüz əlli arşın ucalıqda büllur imarətini görüb və Paris şəhərinin idareyi-bələdiyyəsinin bir otağının on dörd min adam vüsət verəcəyini eşidib, bu təsəvvüratı bir xabi-xəyal fərc edəcəkdir”.
M.T.Sidqi belə bir qənaətə gəlir ki, Qərb ölkələri bütün bu nailiyyətləri dünyəvi elmləri öyrənməklə əldə etmişlər. Əgər müsəlman dünyası da bu uğurlara çatmaq istəyirsə, ilk növbədə, dünyəvi elmləri öyrənməlidir.
Qeyd edək ki, Məhəmməd Tağı Sidqi özü bir neçə dəfə qəzet nəşr etməyə cəhd göstərsə də, çar Rusiyasının məmurları buna əngəl olmuşlar. O, yalnız ömrünün sonuncu ilində – 1903-cü ildə Tiflisdə türkcə nəşr olunan “Şərqi-Rus” qəzetində bir neçə məqalə ilə çıxış etməyə nail olur. Onun əksər məqalələri ölümündən sonra başqa qəzet və jurnallarda nəşr edilib.
M.T.Sidqi yaşadığı dövrün eybəcərliklərinə qarşı mübarizədə, xüsusilə müsəlmanların maariflənməsində qəzetin də əvəzedilməz rol oynadığını başa düşürdü. Böyük mütəfəkkiri ən çox narahat edən isə müsəlmanların əksəriyyətinin başqalarının sözləri ilə oturub-durması, öz ağlı və dərrakəsi ilə hərəkət etməyə qeyrət etməməsi idi. Onun fikrincə, müsəlmanlar dərindən ağıl etsələr, görərlər ki, nə qəzet, nə məktəb, nə teleqraf, nə təyyarələr, nə də başqa yeni texnologiyalar şeytan əməlidir və onları günah hesab etmək cahil kimsələr olan nadanların işidir. Ona görə də müsəlmanlar əcnəbi millətlərin inkişafını doğru dəyərləndirməli və öz həyatlarında bundan istifadə etməlidirlər: “Xüsusən məişət əmrlərində hər bir cəhətdən onların (digər millətlərin – S.M.) elmi və istinbatı və hər bir kəşfiyyat və məlumatı bizlərdən artıqdır. Əgər belə deyilsə, bəs nə üçün onlar bizləri hər bir işdə ötüb keçiblər? Məişət ləvazimatlarının hər bir cüziyyatında bizləri özlərinə möhtac ediblər? Hətta iynədən tutmuş pambıq və əmmamədən kəfənə kimi onlara ehtiyacımız vardır?”
Maarif fədaisini təəssüfləndirən məqamlardan biri də o idi ki, Qafqaz müsəlmanlarının mütəfəkkirləri əcnəbi millətlərin əldə etdikləri uğurlardan öz millətlərinin rifahı və tərəqqisi üçün yararlanmaq, mövcud olan bir neçə qəzetlərində cəmiyyəti maarifləndirmək əvəzinə, bir-birləri ilə yola getmir, hətta mütərəqqi ideyaları öz şəxsi münasibətləri naminə təkzib edirlər.
Məhəmməd Tağı Sidqi bir tərəfdən müsəlman ölkələrində müasirləşməyin vacibliyini görməklə yanaşı, digər tərəfdən bunun təqlidi xarakter daşımaması üçün milli və dini keyfiyyətlərdən çıxış edilməsinin vacibliyini düşünərək bunun təşəbbüskarı və şəxsən icraçısı olub. Ən önəmlisi odur ki, M.T.Sidqi bütün bunları əldə etmək üçün milli birliyin vacibliyini görüb və bu yolda özünün hansısa əzab-əziyyətlərə düçar olacağına irəlicədən razılıq verib – xalqının maarif və elm fədaisi oğlu kimi.
Səyyar MƏMMƏDOV