Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı arxeoloji abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Naxçıvan Muxtar Respublikasının ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və digər Daş dövrünün abidələri Naxçıvanın ilk insan məskənlərindən biri olduğunu sübut edir. Bu abidələrdən tapılan fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar Naxçıvanda Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında da məlumatlar verir. Qazma mağarasından tapılan sümük qalıqlarının əksəriyyətinin iri heyvanlara məxsus olması göstərir ki, Mustye mədəniyyəti dövründə (eramızdan 120-100-40-35 min il bundan əvvəl) bu abidədə məskunlaşmış insanların həyatında ovçuluq xüsusi yer tutmuşdur. Oradan əldə olunmuş işlənmiş daş və sümük materiallar Naxçıvanda daşişləmə və sümükişləmə sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu da sübut edir.
Ovçular təpəsi abidəsindən son dövrlərdə eramızdan 500-300 min il bundan əvvələ, Alt Paleolit dövrünə aid yeni əmək alətlərinin tapılması sübut edir ki, Naxçıvanda ilkin məskunlaşmanın, insanların bu ərazidə yaşamağa başlamalarının tarixi həmin dövrdən başlanır. Gəmiqayadakı qayaüstü təsvirlər, piktoqrafik işarələr tarixi baxımdan böyük elmi əhəmiyyət daşıyır və Anadolunun qədim incəsənət abidələri ilə sıx bağlılıq təşkil edərək tarixən bu ərazidə qədim türk etnoslarının yaşadığını sübut edir. Bu abidədəki qayaüstü təsvirlər Kür-Araz, Boyalıqablar, Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən tapılan arxeoloji materiallarla bağlılıq təşkil edərək Naxçıvanın qədim və zəngin tarixinin müxtəlif dövrlərini əks etdirir. Naxçıvandakı arxeoloji abidələrdə aparılan tədqiqatlar zamanı yalnız Azərbaycanın dеyil, həmçinin Cənubi Qafqazın Neolit, Еnеоlit, Tunc və Еkən Dəmir dövrü abidələrinin dövrləşdirilməsi üçün mühüm еlmi əhəmiyyət daşıyan nəticələr əldə оlunmuşdur. I Kültəpə arxeoloji abidəsindən tapılmış müxtəlif növ taxıl növləri və onlara məxsus əmək alətləri Eneolit dövründə Naxçıvanda əkinçilik mədəniyyətinin inkişaf etdiyini, Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğunu sübut edir. Naxçıvanda Eneolit dövrünə aid maraqlı arxeoloji materiallar I Kültəpə ilə yanaşı, Ovçular təpəsi, Xələc, I Maxta, Sədərək, Zirincli və digər abidələrin tədqiqi zamanı da aşkar edilmişdir. Ovçular təpəsindən körük ucluğunun, Zirinclidən yastı baltalar tökmək üçün qəlibin, I Kültəpə abidəsindən müxtəlif metal əşyaların tapılması Eneolit dövründə Naxçıvanda metallurgiya və metalişləmə sahəsində yerli istehsalın formalaşmağa başladığını göstərir. I Kültəpə abidəsinin VIII tikinti qatından aşkar edilmiş və ritual məqsədlə istifadə olunmuş ocaqların bənzərləri Şərqi Anadolunun Neolit və Eneolit abidələrindən də aşkarlanmışdır. I Kültəpə abidəsinin Eneolit dövrünə aid təbəqəsindən aşkar olunmuş sağ və ya sol böyrü üstə dəfnetmə qədim Şumer, Ubeyd mədəniyyətində geniş yayılmışdır. Yaşayış yerinin Eneolit dövrü təbəqəsindən tapılmış Xələftipli keramika və firuzə bəzək əşyaları bilavasitə həmin dövrdə Naxçıvanla İkiçayarası arasındakı iqtisadi-mədəni əlaqələrdən xəbər verir.
I və II Kültəpə abidələrindəki daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən olan tikililər Cənubi Qafqazın bir çox abidələri ilə yanaşı, Urmiya hövzəsinin, Şimali Mesapotamiyanın qədim arxitekturaları ilə bənzərlik təşkil edir. Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc abidələrindən tapılmış Proto Kür-Araz keramikası, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçası Naxçıvanın qədim və zəngin tarixindən xəbər verir. Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc, Ərəbyengicə abidələrindən tapılmış Proto Kür-Araz keramikası Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğunu sübut edir. Tədqiqatçılar Ovçular təpəsindən götürülən kömür analizinə əsasən, abidənin eradan əvvəl 4335-3980-ci illərə aid olduğunu qeyd edirlər. Xələcin Son Eneolit keramikası eradan əvvəl 4300-3800-cü illərə aid edilir. Naxçıvandakı arxeoloji abidələrdən Proto Kür-Araz keramikasının tapılması faktı sübut edir ki, bu ərazidə Kür-Araz mədəniyyətinin formalaşmasının tarixi qədimdir. Naxçıvan Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biridir. Oğlanqalada aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bu abidə Şərur düzənliyini əhatə edən, Atropatena dövründə mühüm inzibati mərkəzə çevrilən, özünəməxsus yazı sisteminə malik yerli krallığın mərkəzi olmuşdur. Duzdağda aparılan arxeoloji araşdırmalar zamanı abidədən tapılan daş əmək alətləri və gil qabların öyrənilməsi nəticəsində oranın dünyanın ən qədim duz mədənlərindən biri olduğu, Naxçıvanda mədənçiliyin tarixinin eradan əvvəl V minilliyin ikinci yarısından başlandığı müəyyən edilmişdir. Duzdağdan Son Eneolit və Tunc dövrlərinə aid gil qablar I və II Kültəpə abidələrində olduğu kimi daş əmək alətləri ilə birlikdə aşkar edilmişdir.
Naxçıvandakı Erkən Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi zamanı Maxtadan tapılan metal istehsalı ilə bağlı daş qəlib və metalın ilkin əridilməsi üçün istifadə olunan ocaq maraqlı arxeoloji materiallardan olub, Naxçıvanın qədim tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etməkdədir. Bunun səbəbi ondan ibarətdir ki, həmin tapıntıya qədər Naxçıvandakı Kür-Araz mədəniyyətinə aid abidələrdən daş qəlib aşkar edilməmişdir; metalişləmə alətləri, körük ucluğu, metal emalı ilə bağlı ocaqlar və gil qəlib tapılmışdır. Onlar Erkən Tunc dövründə Naxçıvanda metallurgiyanın inkişaf etdiyini göstərən arxeoloji materiallar kimi tariximizin öyrənilməsində mühüm elmi əhəmiyyət daşıyırlar. Maxta abidəsindən tapılmış Erkən Tunc dövrünə aid metal istehsalı ilə bağlı daş qəlib və metalın ilkin əridilməsi üçün istifadə olunan ocaq onu göstərir ki, bu dövrdə Naxçıvanda metallurgiyanın inkişafında qeyd olunan yaşayış yeri də mühüm yer tutmuş, orada metal istehsalının bütün mərhələləri icra olunmuşdur. II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər arxeoloji abidələrin tədqiqi nəticəsində Naxçıvanın Boyalıqablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu, beş min il bundan əvvəl Naxçıvanda şəhərtipli yaşayış yerlərinin salındığı və şəhərsalma mədəniyyətinin formalaşdığı sübut edilmişdir. II Kültəpədəki yaşayış yerinin küçələrinə daş döşənməsi, çirkab suların şəhərdən çıxarılması üçün burada müəyyən kanalların olması eradan əvvəl III minillikdə Naxçıvanda şəhərsalma mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan təmizlik sisteminin olduğunu sübut edir. Naxçıvandakı şəhərtipli yaşayış yerlərində tikililərin küçələr boyunca salınması onların, bir qayda olaraq, müəyyən plan əsasında tikildiyini göstərir. II Kültəpə abidəsindən tapılan dulusçuluq məhəlləsi və mükəmməl quruluşlu dulus kürələr, içərisi boya ilə dolu olan küpələr, bütöv boyalı qablar Orta Tunc dövründə II Kültəpənin Naxçıvanın mühüm dulusçuluq mərkəzi, Boyalıqablar mədəniyyətinin isə əsas istehsal ocağı olduğunu sübut edir.
Naxçıvan Muxtar Respublikasının ərazisində qədim dövrlə yanaşı, orta əsrlər dövrünə də aid çoxlu abidələr mövcuddur. Tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən abidələrimizin hər birində zəngin mədəniyyətimiz yaşayır. Bu gün abidələrimizə böyük uzaqgörənliklə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar əsaslı təmir və bərpa olunur, bir çox abidələrimiz tarixi qoruq sırasına daxil edilir. Mədəniyyətimizi, abidələrimizi qoruyub saxlamaq şəhər mədəniyyətinin yaradıcıları olmuş əcdadlarımızın xələfləri kimi müasir nəslin qarşısında duran ən müqəddəs vəzifələrdəndir. Hər birimiz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk.
Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru