“Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə etməklə öz dünyagörüşünü, biliyini, həyat təcrübəsini, mənəvi zənginliyini, nitq qabiliyyətini daha da artırmış olur. Bu mənada uşaqlara mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib məsələdir. Təcrübə göstərir ki, çox mütaliə edən uşaqların intellekti daha yüksək olur. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər bəxş etmək, tez-tez dəyişən, inkişaf edən müasir dünyamızda uşaqlarımızın mütaliə qabiliyyətini və dünyagörüşünü artırmaq, onların daha savadlı, daha zəkalı böyümələrinə töhfə verməkdir”.
Bu fikirləri Naxçıvan şəhərinin “Təbriz” küçəsindəki birinci və ikinci yaşayış binalarının həyətində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “kitabxana günü” münasibətilə keçirilən növbəti “Oxu məni” adlı kitab sərgisində kitabxananın direktoru Kamal Axundov səsləndirib. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən kitablardan 250-si xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş kitablar, digərləri isə Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılıq nümunələrindən ibarət əsərlərdir.
Sərgidə şəhər sakinləri və məktəblilər iştirak ediblər.
Sona MİRZƏYEVA