Bu gün muxtar respublikamızın hərtərəfli inkişafı onun mədəni həyatını da əhatə edir. Regionun qədim tarixi, mədəni zənginliyi hər bir bölgənin simasında daha aydın görünür. Məhz bu tarixi və mədəni zənginliyi özündə birləşdirən rayonlarımızdan biri də bu il yaradılmasının on illiyini qeyd etdiyimiz Kəngərli rayonudur. Ötən dövr ərzində həyata keçirilən böyük quruculuq tədbirləri rayonun mədəni həyatına da ciddi təsir göstərmiş, yeni mədəniyyət müəssisələri yaradılmış, mövcud mədəniyyət obyektlərinin əksəriyyəti əsaslı şəkildə yenidən qurulmuşdur. Bütün bunlar adıçəkilən sahənin inkişafına əsaslı stimul olmuşdur. Elə bu yaxınlarda Kəngərli rayonuna növbəti səfərimiz zamanı bunun bir daha şahidi olduq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyovla da söhbətimizin əsas mövzusu rayonun mədəni həyatı haqqında oldu.
Şöbə müdiri bildirdi ki, rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahtaxtinskilər Muzeyi, 2 Uşaq Musiqi Məktəbi, Mədəniyyət Evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu Kəngərli rayon sakinlərinin xidmətindədir. Rayonun Şahtaxtı, Qarabağlar, Çalxanqala, Yeni Kərki, Qabıllı, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki mədəniyyət müəssisələri müasir binalarda yerləşdirilmişdir. 2012-ci il may ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rayon mərkəzi Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Kəngərli Rayon Mədəniyyət Evinin açılışı rayon sakinlərinin uzun müddət yaddaşında yaşayacaq. Bu ünvanlarda yaradılmış hərtərəfli şəraiti onlar insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün göstərilən böyük qayğı kimi dəyərləndirirlər.
Məlumat üçün bildirək ki, adıçəkilən parkın ərazisində yerləşən ikimərtəbəli Mədəniyyət Evinin sahəsi 1743 kvadratmetrdir. Binanın birinci mərtəbəsində inzibati otaqlar, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə 6 inzibati otaq, dekorasiya və qrim otaqları istifadəyə verilmişdir. Mədəniyyət Evinin foyesində bir neçə sərgi təşkil edilmişdir. Bunlardan biri ümummilli liderimizin həyatı və siyasi fəaliyyətini özündə əks etdirir. Dahi rəhbərə böyük hörmət və ehtiramın ifadəsi olan sərgidə ulu öndərin qədim mədəniyyətimizin inkişafına göstərdiyi qayğı da öz əksini tapmışdır. Digər bir sərgi isə rayonun yarandığı dövrdən bu günədək olan sosial-iqtisadi inkişafının göstəricilərini qəzet, kitab materialları, bukletlər və fotoşəkillərlə əks etdirir. “Şəhidlər unudulmur” adlı sərgi torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımıza həsr olunmuşdur. Gənclərdə Vətənə məhəbbət hissini gücləndirmək baxımından diqqəti cəlb edən sərgidə bu bölgədə boya-başa çatan və şəhidlik zirvəsini fəth edənlər haqqında geniş məlumatlar verilir.
Müsahibimiz bildirdi ki, Mədəniyyət Evinin nəzdində bir neçə dərnək fəaliyyət göstərir, rəsm, keramika, bacarıqlı əllər, biçmə-tikmə, toxuculuq, xalçaçılıq dərnəkləri üzvlərinin hazırladıqları maraqlı və gözoxşayan əl işlərindən ibarət sərgilər təşkil edilir.
Öyrəndik ki, rayon Mədəniyyət Evinin nəzdində bir neçə musiqi kollektivi də yaradılmışdır. “Gülüm hey” qızlardan ibarət folklor qrupu, fərdi saz ifaçıları daim öz repertuarlarını zənginləşdirirlər. Rayon Mədəniyyət Evində fəaliyyət göstərən folklor kollektivlərinin, fərdi ifaçıların çıxışları muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanır.
“Gülüm hey” folklor qrupunun yaradılması, fəaliyyəti barədə bir qədər ətraflı danışmağa dəyər. Bu qrupun yaradıcısı uzun illər Qarabağlar kənd mədəniyyət evində çalışmış Əsmər Tarverdiyevadır. Qrup bir vaxtlar toylarımızın, el şənliklərinin bəzəyinə çevrilmişdir. Lakin bir qədər sonra onun fəaliyyəti dayandırılmışdır. Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafına göstərilən dövlət qayğısı yenidən bu qrupun fəaliyyətinə yaşıl işıq yandırmışdır. Əsmər Tarverdiyeva qrupun fəaliyyətinin bərpa olunmasını öz üzərinə götürmüşdür. Rayonun müxtəlif kəndlərində yaşayan 10 nəfər istedadlı qız rayon Mədəniyyət Evinə cəlb olunmuşdur. Sözləri yaşlı qadınlardan toplanılmış beş “Gülüm hey”ə quruluş verilmişdir. Yeni yaradılan folklor qrupunun rəhbəri Gülşən Qurbanovadır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə 2014-cü ilin Naxçıvanda “Muxtariyyət ili” elan olunması ilə əlaqədar olaraq ilin əvvəlində tədbirlər planı işlənib hazırlanmışdır. Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan bütün müəssisələrdə “Muxtariyyət – 90” devizi altında fotostendlər, sərgilər təşkil olunmuş, sənədli filmlər nümayiş etdirilmişdir. Muxtar respublikanın 90 illik yubileyi münasibətilə rayonun Qıvraq qəsəbəsində, Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala kəndlərində konsert proqramları təşkil olunmuş, həmin kəndlərdəki tam orta məktəblərdə “Doğma diyarım” mövzusunda şeir müsabiqələri keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon mərkəzində bayram konserti təşkil olunmuşdur. Həmçinin “Muxtariyyət ili” ilə əlaqədar Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı və Naxçıvan Dövlət Musiqili Dram Teatrı tamaşalarla rayon sakinləri qarşısında çıxışlar etmişlər. Rayon Tarix-Diyarşünaslıq Muzeyi bölgədəki maddi-mədəniyyət nümunələrinin etibarlı şəkildə qorunub saxlanılması, tədqiq edilib öyrənilməsi, təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. 2007-ci ilin sentyabrından muzey yeni binada fəaliyyət göstərir. Muzeydə rayonun ən qədim dövrlərindən bu günədək tarixini özündə əks etdirən 2747-yə yaxın eksponat saxlanılır. Ekspozisiya zalında isə onlardan 777-si nümayiş etdirilir. Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə sərgilər təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamına uyğun olaraq, rayonun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmışdır. 2010-cu ilin may ayında istifadəyə verilən həmin muzeydə Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğu və hərb sənətinin inkişafında xidmətləri olan bir nəslin nümayəndələrinə aid 400-ə yaxın eksponat toplanılmışdır. Hər iki muzey rayona yolu düşən qonaqların ən çox ziyarət etdiyi ünvanlar sırasındadır.
Rayonun Qıvraq qəsəbəsində və Çalxanqala kəndində uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, tar, kamança, klarnet, qarmon, nağara, saz sinifləri üzrə şagirdlər musiqi təhsili alırlar. Hər iki musiqi məktəbi müasir tədris avadanlıqları ilə təmin olunmuş yeni binalarda yerləşir. Rayonun musiqi məktəblərində xalq çalğı alətləri, sazçalan qızlar ansamblları, xor kollektivləri və nəfəs alətləri orkestri fəaliyyət göstərir. Onu da qeyd edək ki, hər iki musiqi məktəbində dərs deyən ali və orta ixtisas təhsilli müəllimlərin çoxu ilk musiqi təhsillərini bu məktəblərdə alıblar. Bu məktəblərin ayrı-ayrı kollektivləri və üzvləri muxtar respublikada keçirilən baxış-müsabiqələrində yaxından iştirak etmişlər. 2014-cü il mart ayının 3-də həmin musiqi məktəbləri “Muxtariyyət ili” ilə əlaqədar konsert proqramları ilə çıxış etmişlər. May ayının 6-da isə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan şəhərində keçirilən müsabiqənin yekun konsertində Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin nəfəsli alətlər orkestri və Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin sazçılar ansamblı çıxış etmişlər. Hər iki kollektiv fəxri fərmanla təltif olunmuşdur. Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə və muxtar respublikanın mədəni həyatındakı xidmətlərinə görə rayon Mədəniyyət Evinin direktoru Tofiq Rüstəmov fəxri fərmanla təltif edilmişdir.
Bu gün Kəngərli rayonunda mədəni həyat öz qaynarlığı ilə diqqəti çəkir. Bölgənin bu sahədə çalışan insanları öz işlərini günün tələbləri səviyyəsində qurmağa, yaradılan şəraitdən səmərəli istifadə etməyə, rayon əhalisinin asudə vaxtının səmərəli təşkilinə səy göstərirlər.
Sona MİRZƏYEVA