Dağlıq rayon olan Şahbuzda insan yaşayışının neçə minillik tarixə malik olmasını “Kükü”, “Sarıdərə”, “Kolanı”, “Ağbulaq”, “Qarnıyarıq”, “Govurqala”, “Şamlar” adlı qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar zamanı tapılan eksponatlar sübut edir. Qazıntılar zamanı adları çəkilən qədim yaşayış məskənlərində eramızdan əvvəl III-II minilliklərə aid edilən bir çox maddi-mədəniyyət nümunələri tapılıb. Həmin nümunələrin bir çoxunun mütəxəssislər tərəfindən boyalı qablar mədəniyyəti dövrünə məxsus olduğu müəyyənləşdirilib. Arxeoloqların fikrincə, bu yerlərdə insanlar Eneolit, Tunc və Dəmir dövrlərində məskunlaşıblar. Bu gün rayon Tarix-Diyarşünaslıq Muzeyində Kükü nekropolundan tapılmış iri boyalı küpə, boz rəngli qablar, tunc nizə ucluqları və sancaqlar qədim və orta əsrlərə aid bölmədə nümayiş etdirilir.
Rayon ərazisindən tapılan maddi-mədəniyyət nümunələrinin təhlili bu ərazidə 4 min il bundan əvvəl yaşayış olduğunu sübut edir. Eramızdan əvvəl I minilliyə aid arxeoloji abidə hesab olunan Kolanı nekropolundan tapılan daş qutu qəbirlərinin içərisindən çəhrayı rəngli gil məmulatlarla yanaşı, tunc silah və bədii tərtibatda hazırlanmış qadın bəzək əşyaları – boyunbağı, üzük, sırğa və bilərziklər, quş fiqurları, obsidian lövhələr, ox ucluqları, balıqqulağından hazırlanmış muncuqlar aşkar olunub. Son Tunc və İlk Dəmir dövrlərinə aid edilən daş qutu qəbir üzərində çəkilmiş şəkil və işarələr qeydə alınıb. Həmin rəsm və işarələrin sənətkarlıq xüsusiyyətləri baxımından Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil etdiyi təsdiq olunub.
Batabat yaylağındakı qayalar üzərində çapılan 4 otaqdan ibarət Fərhad evi də rayonun qədim tarixindən xəbər verir. Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qızıl Qışlaq kəndi yaxınlığındakı Sarıdərə nekropolundan tapılmış tarixi əşyalar – boz rəngli gil qab qırıqları, çəhrayı rəngli əqiqdən hazırlanmış muncuqlar, dən daşları qorunub saxlanılır. Həmçinin arxeoloji qazıntılar zamanı Ağbulaq kəndi ərazisində aşkar olunan küp qəbirlərdən çıxmış tunc bəzək əşyaları, möhür və mis pullar da bu yerlərin bir vaxtlar insanların daha çox məskunlaşdığı yerlər olduğunun göstəricisidir.
Rayonun ərazisində tariximizin orta əsrlər dövrünə aid abidələr də çoxdur. Onlardan Quzey, Eyvaz, Yarnıx, Keçili, Kələkli, Məzrə, Xarabalıq yaşayış yerlərini misal göstərmək olar. Ayrınc, Batabat, Qanlı göl və digər ərazilərdən əldə olunmuş qiymətli tarixi yadigarlarımız bu gün də rayonun Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən maddi-mədəniyyət nümunələri haqqında tədqiqatçı-arxeoloq alimlərdən Vəli Baxşəliyevin və Əziz Novruzlunun kitabında ətraflı məlumat verilib. Sevindirici haldır ki, arxeoloji qazıntılar nəticəsində əldə olunanlarla yanaşı, əhali tərəfindən əkin-biçin zamanı təsadüfən tapılan dəyərli maddi-mədəniyyət nümunələri də rayonun Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunub. Bu gün həmin nümunələr muzeyin ekspozisiyasında tarixin yadigarları kimi qorunub saxlanılmaqdadır.
1982-ci ildən fəaliyyətə başlayan muzeydə indi 4 minə qədər eksponat nümayiş etdirilir. Müasir binada fəaliyyət göstərən muzeydə eksponatlar 6 bölmədə sərgilənir. Daş dövrünə aid eksponatlar arxeoloji axtarışlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələridir. Orta əsrlərə aid edilən eksponatlar müxtəlif tarixi dövrlərin mahiyyətinin açılmasında əvəzsiz rola malikdir. Bu eksponatlar arasında durna çırağı, gümüş kəmər, qədim silah nümunələri xüsusilə diqqətçəkicidir. Həmçinin rayonun ərazisində yaşayan və qədim el sənəti olan toxuculuqla məşğul insanların yaratdıqları qiymətli sənət nümunələrinin – xovsuz xalçaların, heybə və duzdanların üzərində ərəb əlifbası ilə yazılan bəzi sözlər xeyrin şər üzərində qələbəsinin tərənnümü kimi insan mənəviyyatının nəyə qadir olduğunu bir daha əks etdirir.
Tarixi mənbələrə əsasən, bu yerlərdə xalçaçılıq ən qədimlərdən insanların sevə-sevə yiyələndikləri sənət növlərindən olub. Qərinələrlə yaşı olan xalça nümunələri bu gün muzeyin ekspozisiyasında yer alıb. Hazırda rayonun bir çox kəndlərində xalça toxuyan, çeşni salan, bənzərsiz naxışlar vuran və ilmələrlə gözəllik nümunələri yaradan insanlar hələ də bu sənəti yaşatmaqdadırlar.
Bu gündən gələcəyə yol gedən dünyamızda yaşayıb-yaradanların gələcək nəsillərə təqdimatı üçün də muzeydə müxtəlif bölmələr fəaliyyət göstərir. Yaşanan hər an tarixə çevrildiyi üçün o tarixi özündə yaşadan nə varsa, qorumalıyıq. Bu gün qurulan, yaradılan, tarixə çevrilən nəyimiz varsa, onda kimliyimizin əksini yaratmalıyıq.
Şahbuz bölgəsinin qədim oğuz-türk tayfalarına məxsusluğunu rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkındakı qoç fiqurları da təsdiq edir. Qədim sənət nümunələri olan həmin qoç fiqurları bizə daim keçmişimizi xatırladır və sanki uzaq tarixi bu çopurlaşmış daş fiqurlar özlərində əks etdirirlər.
Zəngin flora və faunası, məhsuldar torpağı, əsrarəngiz təbii gözəllikləri könülaçan Şahbuz rayonunda dağlardan axan göz yaşı kimi dumduru bulaqlar, mineral və müalicəvi sular süfrələrimizi bəzəyir, dərdlərimizə məlhəm olur. Belə əvəzsiz təbii sərvətə sahib olan Şahbuza uca dağlar, şiş qayalar keşik çəkir. Etibarlı istehkam rolunu oynayan o dağlarda, qayalarda hələ də qatı açılmayan tarixi sirlər, qədim əşyalar yatır, bəlkə də. Çünki oğuz-türk tayfalarının məskunlaşdığı ilkin ərazilərdən biri olan Şahbuz ərazisi həmin tarixi, oğuz-türk mədəniyyətini öz sinəsində ehtiva etməmiş deyil. O tarix ki, dünən də, bu gün də Azərbaycan xalqının mədəniyyətini, varlığını və onun sahib olduğu dəyərləri özündə yaşadır – tariximizi özündə yaşadan muzeylər kimi.
Şəhla NƏBİYEVA