Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən Məhəmməd Tağı Sidqi (1854-1903) pedaqoji fikir tariximizdə özünəməxsus yer tutur. Onun yaradıcılığında vətən, millət və dil anlayışları xüsusi əhəmiyyət kəsb edir. Qüdrətli pedaqoq, şair və publisist Naxçıvan maarifində elə bir xidmət göstərmişdir ki, yaratdığı xariqələrin əks-sədası hələ sağlığında bütün Qafqaza yayılmışdı. Maarif və mədəniyyət meydanına Ordubadda təşkil olunmuş “Əncüməni-şüəra” adlı şairlər məclisində atılan bu işıqlı Azərbaycan ziyalısı Naxçıvan şəhərində təşkil etdiyi “Məktəbi-tərbiyə”də fəaliyyətini davam etdirmiş, yazıb-yaratmışdır. Ustad sənətkar Cəlil Məmmədquluzadənin təkidli xahişi ilə Naxçıvan şəhər mühitinə daxil olan Sidqi burada teatr həyatının inkişafında da müstəsna xidmətlər göstərmişdir.
Sovet dövründə böyük maarif xadiminin əsərlərindən az bir qismi öyrənilmiş və nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, Sidqinin ədəbi-pedaqoji irsi müstəqillik illərində daha geniş şəkildə öyrənilməyə başlanmışdır. 2004-cü ildə böyük pedaqoqun 150, 2014-cü ildə 160 illik yubileylərinin qeyd olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar bu sahədə mühüm bir addım olmuşdur. Belə ki, məhz göstərilən dövrdə Sidqinin ədəbi yaradıcılığı müstəqillik işığında dərindən öyrənilməyə başlanmış, bir sıra əsərləri ilk dəfə işıq üzü görmüşdür. Bu baxımdan müəllifin bir sıra məktublarının da elmi və ədəbi-ictimai dövriyyəyə daxil edilməsi təsadüfi deyildir. Sidqi vətən və millətin tərəqqisində ana dilinin inkişafına böyük önəm verirdi. Məktublarının birində böyük sevinc hissi ilə göstərirdi ki, mən türk dilində ilk “Coğrafiya” dərsliyi yazmışam və onun nəşrinə çalışıram. O deyirdi ki, milli dil, mədəniyyət və maarifin inkişafında teatr kimi, mətbuatın da mühüm rolu vardır. Ona görə də qəzet nəşr etdirmək təşəbbüsü ilə çıxış etmiş, ancaq bu məqsədinə nail ola bilməmişdir.
1880-ci illərin sonunda “Kəşkül” və “Ziya”nın nəşri dayandırıldıqdan sonra uzun müddət bütün Rusiya imperiyasında Azərbaycan türklərinin dilində bir dənə də olsun, mətbuat orqanı olmamışdır. Nəhayət, XX əsrin ilk illərində görkəmli naşir və publisist Məhəmməd ağa Şahtaxtlı böyük çətinliklər bahasına hökumət dairələrindən qəzet nəşrinə icazə ala bilmişdi. 1902-ci ildə o, artıq qəzetin nəşri üçün mətbəə avadanlıqlarını Avropadan Tiflisə gətirtmiş və mətbəə quruculuğu ilə məşğul olmağa başlamışdır. M.Şahtaxtlı hələ XIX əsrin 90-cı illərində “Tiflis” qəzetini nəşr etdirmək fikrinə düşərkən ata mülkünü satmaq üçün Naxçıvana gəlmiş, bu işdə Sidqi ona yaxından köməklik göstərmişdir.
M.T.Sidqi Baxçasarayda nəşr olunan “Tərcüman”, Kəlkəttədə nəşr olunan “Həblülmətin”, Qahirədə nəşr olunan “Sürəyya”, Bakıda nəşr olunan “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında çıxış etmiş, əsl mənada, qəzetçi kimi tanınmışdır. Ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük maarif xadimini ürəkdən sevindirmişdir. Qəzetin nəşrə başlamasından əvvəl M.Şahtaxtlı məktub yazaraq redaksiyada daimi işləmək üçün onu Tiflisə dəvət etmişdi. M.T.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini, bunun milli tərəqqi yolunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un redaktoruna yazdığı məktubda belə vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik və mərifət çırağı cəhalət çölündən səadət – xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.
M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redaksiyasında işləməyə dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul edə bilməmiş, lakin Naxçıvanda qəzetin abunə işlərinə kömək etmiş, qəzetdə sanballı məqalələr dərc etdirmişdir.
Qeyd etmək lazımdır ki, M.Şahtaxtlının böyük zəhmət bahasına əsasını qoyduğu məşhur “Şərqi-Rus” qəzeti XX əsrin ilk anadilli mətbuat orqanı idi. 1903-cü il mart ayının 30-da qəzetin birinci nömrəsi işıq üzü görmüşdür. Bu qəzet o zaman mütərəqqi Azərbaycan ziyalılarının arzu etdiyi mühüm bir tribuna idi. Qəzetdə C.Məmmədquluzadə, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, Abdulla Sur kimi qabaqcıl ziyalılar çıxış edirdilər. M.T.Sidqi də həmin mətbuat orqanında məqalələrlə fəal iştirak edir, Avropa mühitindən gəlib Qafqaz mühitinə düşmüş bir naşirə qəzetin nəşri ilə bağlı kömək göstərir, faydalı məsləhətlər verirdi. Məsələ bundadır ki, qəzetin ilk nömrəsində başqa materiallarla yanaşı, xeyriyyəçi Hacı Zeynalabdın Tağıyev haqqında bir tənqidi yazı verilmişdi. Bu yazı böyük narazılığa səbəb olmuşdu. “Kaspi” qəzetinin əməkdaşları Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu “Şərqi-Rus” əleyhinə geniş kampaniyaya başlamışdılar. M.T.Sidqi redaktorun bu hərəkətinin faktlar əsasında açıq səhv və zərərli olduğunu ona məhrəmanə şəkildə açıb göstərmişdir. O, bu münasibətlə Məhəmməd ağaya ünvanladığı məktubda qeyd etmişdir ki, Hacı Zeynalabdın Tağıyev nəinki Qafqazda, bütün Şərq aləmində, Şərq mətbuatında hörmətlə yad edilir, onun maarifə yardımları ağızdolusu tərif edilir. Tağıyevin tərəfdarı və xeyirxahı hər şəhərdə və küçədə vardır. Nə lazım olubdu ki, əvvəl mərhələdə o günə nüfuz və sərvət sahibi şəxslə bu məqama gəlmək?.. Yenə öz fəhmi-qəsiranəmcə, belə məsləhət görürəm ki, bir vasitə tapıb Tağıyev ilə sülh edəsiniz. Məgər inki yenə ruznamə vasitəsilə ola bilir. Bunu da demirəm ki, əvvəlcə yazdıqlarınızı təkzib edəsiniz. Bəlkə, bir növ ilə səhv və nisyanı, qüsur və nöqsanı məktəbə isnad edəsiniz.
“Şərqi-Rus” qəzetinin nəşrinin gec həyata keçirilməsi, elə birinci nömrədə yersiz bir məqalə nəşr olunması Sidqini narahat etmişdi. Bu fikirləri o, dostu Sultan Məcid Qənizadəyə yazdığı məktubda belə ifadə etmişdi: “Bir neçə vaxt da bu şadlıq ilə ümidvar və bu ümidvarlıq ilə şad ola-ola gözlədik. Gəlmədi, intizarını çəkdik, çıxmadı, nigaran olduq. Mətbuat aləminə qədəm qoymadı, ancaq-ancaq çıxdı. Axırda çıxdı nə çıxdı? Bir yekə mücəllitə, bir böyük iğtişaş”.
Maarifçi ədibin “Şərqi-Rus” qəzetində nəşr olunan “Təəssüf, yenə də təəssüf” adlı məqaləsində də həmin mövzu davam etdirilmişdir. Bu məqalədə müəllif üç Azərbaycan mütəfəkkiri (M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Ağaoğlu) arasında baş vermiş münaqişəni pisləyirdi. Sidqi onların üçündən də xahiş edirdi ki, “millətin çar Rusiyasının əsarəti altında olduğu bir vaxtda bir-birlərinə qarşı cəbhə açmasınlar, əksinə, birləşib onun milli oyanışına və tərəqqisinə xidmət etsinlər”. Yalnız millətini sevən insan bu sözləri yaza bilərdi: “Məni lənət və söyüşə layiq bilib nə qədər ki dilxahınızdır, söyün. Çünki mən dostların islahı və millətin səlahı üçün hər bir nifrin və narəva sözləri kəndi canıma nuş və guvara bilirəm. Mənim də qabaqca qəlbi nifrinim budur”.
M.T.Sidqinin “Şərqi-Rus”da çap edilən ən sanballı məqalələrindən biri də “Qazetə, yaxud qəzet nədir?” əsəridir. Xalqın maariflənməsi işində mətbuatın mühüm əhəmiyyət daşıdığını yaxşı başa düşən müəllif bu məqalədə yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini və mahiyyətini dərk etdiyi halda, İran və Qafqaz müsəlmanlarının əksəriyyəti hələ də onu şeytan əməli sayır.
Görkəmli maarifpərvər ürəkağrısı ilə yazırdı ki, din alimlərinin nəzərində qəzet almaq və oxumaq küfrdür. Din alimlərinin təsiri altında da varlılar, tacirlər, əsnaflar, avamlar və başqaları da qəzet alıb oxumağı günah, yaxud ümumiyyətlə, müsəlmanları yoldan çıxarmaq kimi başa düşürlər.
Böyük təəssüf hissilə qeyd etməliyik ki, dövrünün açıqfikirli maarif fədaisi, görkəmli pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi 49 il ömür sürmüşdür. Onun qəfil ölümünün səbəbləri də indiyədək açılmamışdır. Sidqinin qəflətən vəfat etməsi bütün maarif xadimlərini yasa boğduğu kimi, “Şərqi-Rus”un əməkdaşlarını da dərindən kədərləndirmişdi. Təsadüfi deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar bir sıra yazılar, vida məqalələri çap olunmuşdur. Bunlar arasında Sidqinin “qardaşım” deyə müraciət etdiyi böyük satira ustası Cəlil Məmmədquluzadənin qəzetin 30 yanvar 1904-cü ildə çap olunmuş məqaləsi xüsusilə diqqəti cəlb edir. Müəllif “Getdi cahandan həzrəti-Sidqi” adlandırdığı bu məqaləsində böyük maarif fədaisinin Ordubadda, eləcə də Naxçıvan şəhərində təhsilin, yeni tədris üsulunun, üsuli-cədid məktəblərinin yayılması, xalq arasında qəbul edilməsi üçün göstərdiyi fədakarlıqları ürək yanğısı ilə təsvir edir: “Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə, Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti-Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur”.
Böyük ədib C.Məmmədquluzadə Sidqinin Ordubaddakı fəaliyyəti üzərində geniş şəkildə dayanır, onun Naxçıvan ziyalılarının israrlı dəvətini qəbul etməsindən bəhs edərək yazırdı: “Allah şahiddir ki, Sidqinin vətənimizə varid olmaqlığı şəhərimizin mədəniyyət və maarif tarixi üçün bir mühüm fəqərə oldu”.
C.Məmmədquluzadənin ölçülüb-biçilərək yüksək sənətkarlıqla yazılmış və nəinki təkcə özünün, həm də Sidqini tanıyanların ürəklərinin dərinliyindən gələn sevgini və təəssüf hisslərini düşündürücü və yanğılı sözlərlə ifadə etdiyi bu məqalə ədəbiyyat tariximizdə dosta həsr olunmuş ən təsirli, ibrətli və yenitipli bir nekroloqdur.
Qeyd etmək lazımdır ki, o zaman Ordubadda yaşamış tarixi romanlar müəllifi M.S.Ordubadi də qiymətli dostunun, əqidə yoldaşının vəfatından çox kədərlənmişdir. “Şərqi-Rus”da nəşr etdirdiyi bir məqalədə qüdrətli ədib böyük təəssüf və kədər hissilə Sidqinin vəfatının ümumxalq matəminə çevrildiyini yazır:
Çıxıbdır şəhərdən dişarə cəmaat izdihamla,
Könül, bir ləhzə fikr et, gör nə qeyrətli camaatdır.
Qılıb pişvaz nəşin xalq o dəm və möhnəta guyan,
Görən söylərdi bilqət, yəqin, ruzi-qiyamətdir .
Sidqinin vəfatı münasibətilə yazılan və hələlik, geniş oxucu kütləsinə məlum olmayan bir məktub da elmi baxımdan mühüm əhəmiyyətə malikdir. 1904-cü ildə Q.Şərifov tərəfindən yazılmış həmin məktubda Sidqinin xatirəsini əziz tutmaq üçün bir neçə vacib məqama toxunulur. Əvvəla, Sidqinin “Şərqi-Rus” və “Tərcüman” qəzetlərində dərc olunan əsərlərinin toplanılıb çap etdirilməsinin zəruriliyi vurğulanır. Buradan aydın olur ki, Sidqinin əsərlərinin oxuculara çatdırılmasında “Şərqi-Rus”un özünəməxsus rolu olmuşdur. Onun əsərləri çapa hazırlanarkən bu qəzetdə çap olunan materiallardan hökmən istifadə olunmalıdır. İkincisi, Sidqinin atasız qalmış dörd oğlunun himayəyə götürülməsinin vacibliyi qeyd olunur. Nəhayət, bu işləri həyata keçirmək üçün Naxçıvanda “İanə dəftəri”nin açılması xəbəri verilir və həmin xeyirxah təşəbbüsə qoşulanların sayını artırmaqdan ötrü səy göstərilməsi xahiş edilir.
Məhəmməd Tağı Sidqinin mənalı həyat yolu və ədəbi irsi, demək olar ki, onu tanıyan bütün müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, onun ədəbi və elmi irsi Azərbaycan ictimai fikrinin inkişafında mühüm rol oynamışdır.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü