Saatsaz saatların qüsurlu hissələrini nəzərdən keçirən, nasazlıqları aşkar edib təmir edən və sazlayan şəxsdir. Bu peşənin nə zamandan yaranması haqqında dəqiq məlumat olmasa da, hər halda, saatların yaranması ilə eyni vaxta təsadüf etdiyini söyləmək olar. Əvvəllər saatsaz dükanları çox olardı. Xüsusilə bazarlarda belə köşklərə çox rast gəlmək mümkün idi. Ancaq son zamanlar sanki saatsaz qıtlığı yaranıb.
Bir zamanlar Naxçıvan şəhərinin mərkəzi küçələrində, bazarda və digər məişət avadanlıqları satılan ərazilərdə fəaliyyət göstərən bu cür təmir yerləri indi, demək olar ki, çox azdır. Hər halda bu, bazarın tələbindən irəli gəlir. Lakin bizim üçün əsas məsələ müasir dövrdə bu peşənin qarşılaşdığı çətinliklər, saatsazlığın maraqlı tərəfləri və nəhayət, bu sənətin necə yaşadılması haqqında məlumatlar əldə etməkdir. Elə buna görə də qərara gəldik ki, Naxçıvan şəhərində bu peşə ilə məşğul olan sənətkarlarla həmsöhbət olaq. Əslində, onların sayı indi elə də çox deyil; barmaqla sayılacaq qədərdir. Bizimsə həmsöhbətimiz ömrünün 40 ilini bu sənətə həsr etmiş, öz peşəsinə könüldən bağlanmış, həm də işinə elə saat kimi dəqiq yanaşan İlyas usta oldu. İlyas usta indi müştərilərini Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən balaca saat dükanında qarşılayır. Biz də onunla burada görüşürük. İçəriyə diqqət yetirdikdə saatsaz dükanına xas mənzərə diqqətdən yayınmır: masa üzərindəki qutularda sıra ilə düzülmüş ehtiyat hissələri, lampa, saat hissələrinin sökülüb-yığılmasında istifadə olunan müxtəlifölçülü alətlər, sıra ilə düzülmüş divar saatları və buranı heç zaman tərk etməyən saat səsləri. Söhbət zamanı onu da müşahidə edirik ki, İlyas usta həm də maraqlı həmsöhbətdir.
– İlyas usta, niyə məhz saatsaz olmaq istəmisiniz və yaxşı saatsaz olmaq üçün hansı keyfiyyətlərə malik olmalısan?
– Bu sənətə 70-ci illərdə, yəni hələ 18 yaşımdan maraq göstərmişəm. Çox böyük həvəsim olub. Saatsazlıq işi əl əməyi, göz nuru tələb edən bir işdir. Bu sənətdə gözümün nuru gedib, amma sənətimdən şikayət etməmişəm, indi də etmirəm. Bu sənət mənim üçün həm yaxşı peşə, həm də ailəmi dolandırmaq üçün qazanc mənbəyi olub. Bəzi insanlar düşünürlər ki, indiki dövrdə saatsazlıqla ailə dolandırmaq çox çətindir. Amma illərdir, ailəmizi bu işimizlə dolandırmışıq və düşünürəm ki, öz işini sevən peşə sahibi üçün dolanışıq hər zaman yaxşı olur. Sənəti mükəmməl öyrənmək üçün gərək peşəni sevəsən. Saatsazlıq incəlik, dəqiqlik tələb edən bir sənət sahəsidir. Ona görə incə deyirəm ki, bu iş kobudluğu heç sevmir. Hər hansı saatı təmir etməyə başlayarkən gərək fikrini cəmləyəsən. Fikrini dağıdan mövzuları bir kənara atıb təmiz beyinlə işə başlayasan. Yox əgər nə isə haqqında fikirləşirsənsə, tam əminliklə deyə bilərəm ki, heç bir saatı təmir edə bilməyəcəksən. Düzdür, bu sənətin populyar olan vaxtları tarixə çevrilib. İndi hər bir cihazda – mobil telefonda, kompüterdə, avtomobildə, hətta qələmlərin üzərində belə, saat var. İndiki gənclər ancaq dəb xatirinə saatdan istifadə edirlər. Özü də elektron saatdan. Əvvəllər mexaniki saatlardan istifadə olunurdu ki, onun da ehtiyat hissələrini Rusiyanın müxtəlif zavodlarından gətirirdilər. İndi bu ehtiyat hissələrini, çox təəssüf ki, çətinliklə tapırıq.
– Əvvəllərlə müqayisədə indi saatsazlara müraciət edən, demək olar ki, çox azdır. Bu haqda nə deyə bilərsiniz?
– Qeyd edim ki, saat təmiri sexlərinin bağlanmasını bəzi xarici ölkələrdən gətirilən saatların ucuzluğu ilə əlaqələndirənlər də var. Məsələn, 4-5 manatlıq saata 3-4 manat əlavə xərc çəkməkdənsə, yenilərini almağa üstünlük verənlər çoxdur. Bəzi xarici ölkələrdən gətirilən saatlar keyfiyyətli deyil. Çünki onlarda texniki problemlər daha çox olur. Ən ciddi məsələ də odur ki, həmin saatları söküb-yığmaq mümkün deyil. Bu da o deməkdir ki, onların ömürləri azdır və bəxtəbəxt işləyirlər. Bu peşəyə uzun illər əmək verən bir şəxs kimi deyə bilərəm ki, saat alarkən onun keyfiyyətinə fikir vermək lazımdır.
– Hər bir peşəni yaşatmaq üçün onun davamçılarının olması şərtdir. Bəs gənclərimiz arasında bu peşənin davamçısı olmaq istəyənlər, yəni sizə müraciət edənlər varmı?
– Mən uzun illərdir, saatsaz işləyirəm. Bu həm əziyyətli və məsuliyyətli, həm də çox zövqverici bir peşədir. Bu sənəti dərindən öyrənmək və ona mükəmməl yiyələnmək üçün əl qabiliyyəti, səbir və insanlarla ünsiyyət qurmaq bacarığı tələb olunur. Tələbkarlıq və məsuliyyət də vacib şərtlərdəndir. Şagird gərək işinə, təlim-tərbiyəsinə, nizam-intizamına məsuliyyətlə yanaşsın. Fikrini yalnız işə cəmləşdirsin. Çünki onun fikri yayınsa, diqqətdən qaçırdığı şeylər ola bilər. Əvvəllər mənim xeyli sayda şagirdim olub. Onları peşəkar saatsaz kimi yetişdirmişəm. Hazırda başqa-başqa yerlərdə saatsaz işləyirlər. Amma son illərdə yanımda şagird olmaq və bu sənəti öyrənmək üçün mənə müraciət edən kimsə olmayıb. Çünki gənclərimiz daha asan və daha rahat yolla pul qazanmaq istəyirlər. Etiraf edim ki, mən öz peşəmi övladıma belə öyrədə bilmirəm. Çünki övladım da digər gənclər kimi əziyyətə qatlaşmaqdan çəkindiyi üçün bu sənəti öyrənməyə maraq göstərmir. Amma nikbinəm. Ona görə nikbinəm ki, vaxtilə öyrətdiyim şagirdlərim indi bu sənəti yaşadırlar. İnanıram ki, ölkəmizdə insanların sosial rifahı yüksəldikcə keyfiyyətli məhsullara da tələbat artacaq. Məhz həmin vaxt bizə bu keyfiyyətli məhsulları təmir edə biləcək saatsazlar lazım olacaq. Onu da deyim ki, hansı sənətin sahibi olursansa ol, əgər öz sahəni mükəmməl bilirsənsə, dolanışığın da yaxşı olacaq. Ona görə də gənclərimiz gərək çətinlikdən qorxmasınlar, sevdikləri sənətə dərindən yiyələnsinlər. Biz də həmişə onlara bu yolda yaxından kömək etməyə hazırıq.
– Müsahibə üçün sağ olun.
Sona MİRZƏYEVA