“Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Bu baxımdan muxtar respublikamızda kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, kitabların geniş təbliğini və bu sahədə xidməti işi genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib”.
Bu fikirləri Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “kitabxana günü” münasibətilə keçirilən növbəti “Oxu məni” adlı kitab sərgisində kitabxananın direktoru Kamal Axundov səsləndirib. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən kitablardan 200-ü xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş kitablardan, digərləri isə Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığından bəhs edən əsərlərdən ibarətdir.
Sərgidə şəhər sakinləri və məktəblilər iştirak ediblər.
Xəbərlər şöbəsi