24 Dekabr 2024, Çərşənbə axşamı

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli dəyərlər onun ən qiymətli sərvətidir. Zəngin mədəniyyətə sahib hər bir xalq milli dəyərlər sisteminə malikdir. Bu sistemə Ana dili, adət-ənənələr, milli mentalitet, mədəniyyət, ədəbiyyat və incəsənət ənənələri daxildir.
Milli dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, onun mənəvi inkişafına stimul olan davranış qaydalarının məcmusudur. Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya xalqları içərisində qədim mədəniyyətə malik xalq kimi tanınmaqdadır. Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev həmişə maddi və mənəvi mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərmişdir. Ümummilli lider xalqın qədim milli-mənəvi dəyərlərini müasirliklə əlaqələndirərək deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Milli dəyərlərimizin yaradıcısı və nəsildən nəslə aşılanıb yaşadan xalqımızdır. Başqa sözlə, bizim zəngin folklor nümunələrimiz, adət-ənənələrimiz, sənətkarlıq peşələrimiz məhz ulu əcdadlarımız tərəfindən yaradılaraq nəsillərə miras qoyulmuş, bu günümüzədək yaşadılmışdır. Bu yazıda həmin zəngin mirasın tərkib hissəsi olan bədii tikmə sənəti haqqında bəhs etməyə çalışacağıq.
Azərbaycan ailələrinin çoxunda nənələrimizdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür.
Dekorativ-tətbiqi sənətin bir növü olan bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan bədii tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmuşdur. Qızıl və gümüş tellər, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklər, metal piləklər, hətta qiymətli daş-qaş da bədii tikmə sənətinin istifadə materialları sırasına aid əşyalar olmuşlar. Azərbaycan bədii tikmə sənəti, əsasən, Bakı, Naxçıvan, Şamaxı, Şəki və Şuşa şəhərlərində geniş yayılmışdır. Lənkəran və Gəncə şəhərlərində bədii tikmə ilə qismən məşğul olurdular. Hər şəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii üslubuna malik idi. Qədimdə qadınlar boş vaxtlarını əl işləri kimi faydalı məşğuliyyətlə dəyərləndirməklə bu gün dekorativ-tətbiqi sənətin bir qolu olan bədii tikmə sənətinin əsasını qoymuşlar.
Bir dəfə nənəm mənim televiziyada göstərilən əl işləri ilə bağlı bir verilişə heyranlıqla baxdığımı gördü və bir az keçmiş məni bir sandığın yanına apardı. Mən “bu sandığın içində nə var?” – deyə həmişə maraqlanardım. Nənəm müxtəlif zərli saplardan işlənmiş tikmə nümunələrini mənə göstərəndə gözlərimə inana bilmədim. Nənəmin dediyinə görə, əvvəllər bu sənətlə hər kəs məşğul olarmış.
Bədii tikmə sənəti ilə indi də muxtar respublikada məşğul olanlar var. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii tikmə sənətini öyrədən dərnəklər fəaliyyət göstərir. Mövzu ilə bağlı mərkəzin direktoru Rauf Hüseynova müraciət etdik. Rauf müəllim bizi tikmə sənətinin gözəl nümunələri ilə tanış etdi. Mərkəzin əməkdaşlarından Zeynəb Əliyeva, Cəmilə Həsənova, Zəhra Həsənova, Miranə Həmzəyeva, Nərminə Həsənova, Vüsalə Mikayılova, Rəsmiyyə Məmməd­ova, Çinarə Səfərova, Məlahət Xəlilova, İlahə Əliyeva bədii tikmə sənətinin gözəl nümunələrini yaratmışlar. Onların əl işləri orijinal və canlılığı ilə göz oxşayır. Bu nümunələr içərisində aplikasiya və tikmə sintezi üslubunda hazırlanmış bədii tikmə nümunələri diqqəti daha çox cəlb edirdi. “Doldurma”, “qıvırcıq”, “iynə arxası” adı ilə tanınan bu bədii tikmə nümunələrinin hazırlanmasında rəngli ipək saplardan istifadə olunmuşdur. Bu saplar neylon və kətan qarışığından hazırlanan parçalar üzərinə işlənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur”.
Bu mənada milli dəyərlərimizi yaşatmaq hər bir kəsin vətəndaşlıq borcu və məşğuliyyətinə çevrilməlidir.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR