24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu Naxçıvanımızın yetirdiyi məşhur ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi mövqeyi vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti on doqquzuncu əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Mütəfəkkir şəxsiyyətin fəaliyyət dairəsində ədəbiyyat da geniş yer tutur. “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan Məhəmməd Tağı Sidqi ədəbi yaradıcılıqla da məşğul olmuş, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır”.

 M.T.Sidqi Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafına ciddi töhfələr vermiş, onun ideya-bədii təkamülündə hərtərəfli xidmətləri ilə şöhrətlənmişdir. Böyük maarifçi ədibimizin çoxşaxəli fəaliyyətində ədəbiyyatın mövzu, ideya və sənətkarlıq baxımından yeniləşməsi, xalqı, cəmiyyəti düşündürən taleyüklü məsələlərə diqqət yetirməsi, inkişafa mane olan köhnə buxovlardan xilas olub müasir inkişaf yoluna qədəm qoymasının vacibliyi barədə qiymətli fikirlər vardır.

Taki millətdə olsun istiqlal,
Etməsin cəhl bizləri pamal, –

deyən azadlıqsevər şairimiz xalqın öz hüququnu anlaması, müasir həyatla ayaqlaşması, milli mənafelər naminə səy göstərməsi işində ədəbiyyatın üzərinə yeni dövrdə böyük vəzifələr düşdüyünü yaxşı bilirdi.
Doğrudur, M.T.Sidqi yaradıcılığının müəyyən mərhələsində klassik lirika janrlarında bir sıra nümunələr, xüsusən qəzəllər yazmışdı. Lakin duymaq çətin deyil ki, onun bu tipli əsərlərinin özündə də yeni sənət axtarışlarının təzahürü vardır. Məsələn, şairin “Dostlardan birinə mədəniyyətin yayılması haqqında şeir” adlı əsəri formal baxımdan qəzəldir, lakin janrın ənənəvi nümunələrindən fərqli olaraq, burada şair məhəbbət mövzusunu yox, yeni mərhələnin ədəbi-estetik və ictimai vəzifələrini önə çəkmiş, onlara sənət dili ilə münasibət bildirmişdir. Şair elmdən, təhsildən, mərifət bağından xəbərsiz olanları pisləmiş, onları söz oyunbazlığından əl çəkməyə, mədəniyyət evində təmkinlə oturub cavahirlər ortaya çıxarmağa səsləmiş, cəmiyyət üçün vacib işlərin müqabilində mənasız şeirbazlığa meyil göstərənləri tənqid etmişdir:

Otur təmkin ilə beyti-təməddündə, cavahir sat,
Nədir bu şeirbazlıq, ey əzizim, damşalaqlar tək.
Məcali-şeirguluq qalmayıb biçarə millətdə,
Qalıbdır vacib işlər bir-bir üstündə qalaqlar tək.

Başqa sözlə desək, M.T.Sidqinin bu şeri ənənəvi janra yeni məzmun vermək istiqamətində poeziyamızda atılan ilk uğurlu addımlar sırasındadır. Analoji ovqat şairin “Tərcüman” qəzetinin nəşrə başlamasının onuncu ildönümünə həsr etdiyi şeirində də ön mövqedədir.
Bəllidir ki, on doqquzuncu əsrin sonları, iyirminci yüzilliyin əvvəllərində Azərbaycan poeziyasında bir sıra yeni janrlara maraq və diqqət artmaqda idi. Bu prosesdə M.T.Sidqinin ciddi xidmətləri vardır. Xüsusən müəyyən xüsusiyyətləri ilə pedaqoji marş sayıla bilən maarifçi ovqatlı nəğmə və şərqilərin poeziyamızda təşəkkülündə M.T.Sidqi uğurlu fəaliyyət göstərmişdir. O, bu kimi şeirlərindən bilavasitə tədris prosesində istifadə edirdi. Məsələn, şairin “Dərsə diqqət” şeri bu baxımdan səciyyəvidir:

Ey uşaqlar, edək biz də qeyrət,
Taki, təhsil edək adəmiyyət.
Bəlkə, bizdən gedə bu cəhalət,
Çəkməyək xalqdan bari minnət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.

Müəllifin “Elmin şərafəti”, “Oğlan”, “Məktəbdə” kimi şeirləri də bu qəbildəndir. Belə nümunələrdəki axıcılıq, ahəngdarlıq, nəqarətdən istifadə, təkrirlər, nidalar maarifçi qayənin daha dolğun təqdiminə şərait yaratmışdır. M.T.Sidqinin qələmindən çıxmış uşaq hekayələri də yüksək ideya-bədii məziyyətlərə malik olub, ədəbiyyatımızda bu sahənin inkişafı üçün uğurlu zəmin olmuş, yeni dövrün maarifçi ədəbi hərəkatına böyük təkan vermişdir.
Məhəmməd Tağı Sidqinin ədəbi görüşləri də bu baxımdan diqqəti çəkir. Onun yeni tipli ədəbi-elmi konsepsiyasında ədəbiyyatın əsl mahiyyəti, ali vəzifələri barədə sistemli və dəyərli fikirlər vardır. Söz sənətinə yüksək qiymət verən görkəmli ədib yazırdı: “Söz kimi bir ruhi-rəvan və cövhəri-can varsa da, yenə sözdür”. Hər bir şəxsin, bütövlükdə, xalqın və cəmiyyətin hərtərəfli tərəqqisində söz sənətinin mühüm vasitə olduğunu vurğulayan M.T.Sidqi ədəbiyyatı insanın “fikrini nurlandıran, əxlaqını təkmilləşdirən” mühüm vasitə sayırdı. Görkəmli yazıçı köhnə ədəbi ənənələrin vaxtıkeçmiş tematikasından və poetik sistemindən kənara çıxa bilməyən təqlidçi şairlərin yaratdıqları çoxsaylı nəzm nümunələrini, güldən, bülbüldən bəhs edən şablon, əhəmiyyətsiz şeirləri müasir amallarla uzlaşmayan gərəksiz söz yığını hesab edir, onların yeni ədəbiyyatın inkişafında bir əngəl olduğunu nəzərə çatdırırdı. Ədəbiyyatı köhnə buxovlarda saxlamaq istəyənləri, boş-boş həcvlər yazanları söz sənətinin əsl vəzifələrindən uzaq sayan görkəmli ədib belələrini sərt tənqid edirdi. Məsələn, o, bir başabəla şairi kəskin pisləyən şeir yazmış, belələrini mənasız qələm işlətməkdən, qədimdən qalan gərəksiz ənənələrdən uzaqlaşmağa çağırmışdı:

Tərk eylə bu rəftarüvü, get əqlə müti ol,
Hərgah bu işdə olasan cəhlüvə məğrur...
Bu qaideyi-sabiqədir, rəsmi-qədimi,
Çox da gilamənd olma bu silk şüəradan.

Ümumiyyətlə, M.T.Sidqi köhnə ədəbi ənənələr, orta əsrlərin vaxtıötmüş mövzuları və janrları dairəsində qapanıb qalmağı “fəlakətdə oturub əcdadların sümükləri ilə fəxr etməyə” bənzədirdi. Qəzəl-qəsidə ədəbiyyatının xalqın diqqətini müasir vəzifələrdən uzaqlaşdırdığını nəzərə çatdıran görkəm­li ədib “ərəb dilində yazılmış qəsidələrin zamanı keçdi” fikrini qabartmaqla yanaşı, “vətən oğullarının qəflətdən oyanmasına”, “nadanlıq pambığının qulaqlarından çıxarılmasına” xidmət göstərə bilən yenitipli ədəbi əsərlərin yazılmasını vacib sayırdı. Maarifçi ədib söz sənətinin ictimai vəzifələrini başa düşməyən, onların ifadəsindən uzaq olan qələm sahiblərindən bəhs edərkən yazırdı ki, “əziz ömrünü və qiymətsiz ovqatını həzli-hecaya və həcvi-hədyana vəqf edən”, “aludeyi-zülfi-xal və pabəndi-hüsni-camal olan”, “bir neçə pərişan qəzəllər meydana buraxan” şairlər xalqın sosial-mədəni tərəqqisinə kömək göstərə bilməzlər. Onların adları elə öz sağlıqlarında unudulur. M.T.Sidqi haqlı olaraq vurğulayırdı ki, bilik, bacarıq və istedadını xalqın yüksəlişi naminə əsərlər yazmağa sərf edənlər, “qövmün təhzibi-əxlaqına xidmət və tərtibi-ədəbiyyatına rövnəq verənlər” mənəvi ölümsüzlük qazanırlar. O, yeni ədəbiyyatın vəzifələri sırasında bir cəhətə də diqqət yönəldərək yazırdı ki, xalqın həyatının sarsıntılı, təlatümlü dövrlərində ədəbiyyat daha da fəallaşmalı, Vətənin, yurddaşların hərtərəfli yüksəlişinə öz töhfəsini verməlidir. Bu məqsədlə ədib müasirlərini xalqın taleyüklü məqamında fəal olmağa, onun səadəti yolunda çalışmağa səsləyirdi.
M.T.Sidqi yeni ədəbiyyatın yaranması məsələsinə əlahiddə bir hadisə, təsadüfi proses kimi baxmır, onu ümumi sosial-mədəni inkişafın tərkib hissəsi, hərtərəfli elm və tərbiyənin nəticəsi kimi dəyərləndirirdi: “Şair daşdan yaranmaz! Ədib ağacdan olmaz! Şair və ədib millət, millət balalarından əmələ gəlir... Əlhasil, hər bir şey diqqət və etinanın zəminində və təlim və tərbiyənin sayəsində və qədrşünaslığın təhti-himayəsində hüsula gəlir”.
M.T.Sidqinin yeni ədəbiyyat konsepsiyasında ədəbi dilin saflığı, sadələşməsi ideyası da mühüm yer tutur. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz ərəb, fars və rus sözləri, ibarələri ilə ağırlaşdıran başabəla “oxumuşları” tənqid edir, qələm sahiblərini doğma dilin saflığı və təmizliyini qorumağa, sadə tərzdə əsərlər yazmağa səsləyirdi. O, ədəbi dili korlayan ziyalıların belə mövqeyinin törətdiyi fəsadlara diqqət yönəldərək yazırdı: “Ölüb getmiş ...babalarımızdan birisini qəbirdən qavzayıb gətirəsən, bu danışığa diqqətlə qulaq asandan sonra türk oğlu türk ola-ola, heç bir şey başa düşməyib bizlərə türk deməyə və ya deməməyə mütərəddid olsa da, dilimizə hərgiz türk dili deyə bilməz. Çünki bu dil bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyirilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkə­də füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”.
Bütün bunlar M.T.Sidqinin söz sənətinə həssas, məsuliyyətli münasibətindən soraq verir. Bütövlükdə, görkəmli ziyalı Məhəmməd Tağı Sidqi bir sıra digər sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının yeniləşməsi istiqamətində həm şair, həm də ədəbiyyatşünas kimi mühüm xidmətlər göstərmişdir.

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR