24 Dekabr 2024, Çərşənbə axşamı

1924-cü ildən başlayaraq tariximizin öyrənilməsi  və təbliğinə başlayan Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır, onların əlaqələri genişləndirilir. Həmin dövrdən etibarən Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində bir çox yaddaqalan hadisələr və əlamətdar günlər baş verir. Bunlardan biri 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana ezam olunmuş elmi ekspedisiyanın Naxçıvan Dövlət Tarix Muzeyində keçirdiyi elmi-nəzəri konfransdır. Həmin konfransda Naxçıvanın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilmiş və müzakirələr keçirilmişdir.  

 Bəşər tarixinə böyük töhfələr bəxş edən qədim Naxçıvanın tarixi uzun illər yad ölkələrdən, xüsusilə çar Rusiyası tərəfindən ölkəmizə göndərilənlərin səthi və yanlış məlumatları əsasında öyrənilməyə çalışılmışdır. Onlar real faktları, tarixi həqiqətləri bir kənara qoyaraq, özlərinə sərf olunan şəkildə məlumatlar verir, əldə etdikləri maddi sübutları gəldikləri ölkələrə daşıyıb aparırdılar. Bu səbəbdən də ötən əsrin əvvəllərinə qədər çar üsul-idarəsinin, sonralar isə şura hökumətinin yürütdüyü ideoloji siyasətin nəticəsi idi ki, yerli mütəxəssislərin yetişməsinə imkan verilməmiş, nəticədə, qədim tariximizin öyrənilməsinə, tədqiq edilməsinə daha çox yad qüvvələr müdaxilə etmişlər. 

XX əsrin 20-30-cu illərindən etibarən Sovet hakimiyyətinin möhkəmləndirilməsinə, sosialist ideologiyasının tüğyan etməsinə baxmayaraq, 60-cı illərin sonunda Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi ilə Azərbaycan tarixində yeni inkişaf dövrünün başlanğıcının əsası qoyuldu. Bütün sahələr kimi, qədim tarixi və mədəni irsimizin yenidən öyrənilməsi və tədqiqi sahəsinə də yaşıl işıq yandırıldı. Azərbaycanda elmi potensialın inkişaf etdirilməsi yerli mütəxəssislərin hazırlanması və onların elmi-tədqiqat işlərinə cəlb olunmaları üçün şəraitin yaradılmasına, tariximizin köklü şəkildə araşdırılması və yeni tarixi faktların üzə çıxarılmasına zəmin yaratdı.
Həmin dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən Naxçıvan tarixinin yenidən araşdırılması və tədqiqi ilə baglı 20 gün müddətinə Naxçıvana ezam olunmuş elmi ekspedisiyanın da əsas məqsədi Azərbaycanda Sovet hakimyyətinin qurulmasının 50 illik və Naxçıvanın muxtariyyətinin 45 illik yubileyləri ilə əlaqədar keçiriləcək dövlət tədbirlərinə Naxçıvanın tarixi haqqında elmi məruzələr təqdim etməkdən ibarət idi. Tanınmış tədqiqatçı alimlərdən Osman Həbibullayevin rəhbərliyi ilə akademiyanın elmi əməkdaşlarından Məhəmməd Nəsirli, Rəbiyyə Qasımova və başqa elmi ekspedisiya üzvləri 1969-cu ilin oktyabrında Naxçıvana ezam olunmuşlar. Həmin elmi ekspedisiya Naxçıvanın tarixinin yenidən araşdırılmasında yerli kadrların da imkanlarından geniş istifadə etmiş, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının direktoru, tarix elmləri namizədi Əli Əliyevi, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Əbdülqasım Sultanovu, həmçinin həvəskar tədqiqatçılardan muzeyin elmi katibi Məmməd Məmmədovu, baş elmi işçi Kamal Qasımovu və başqalarını ekspedisiya işlərinə cəlb edərək birlikdə Naxçıvan ərazisində, o cümlədən Şahbuz rayonunda tədqiqat işləri aparmışdır.
1969-cu ilin noyabrında Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu elmi-tədqiqat işlərinin yekunu olaraq, muzeylə birlikdə elmi-nəzəri konfrans keçirmiş, konfransda Naxçıvanın qədim tarixinin öyrənilməsinin əsas məsələləri, Azərbaycanda antropologiya elminin inkişaf məsələləri, Naxçıvanda sovet dövrünün tarixi, muxtar respublikanın etnoqrafiya tarixinin öyrənilməsi məsələləri geniş müzakirə edilmişdir. Məruzələrin icmalları ilə tanış olarkən məlum olur ki, elmi ekspedisiyanın rəhbəri O.Həbibullayev Naxçıvanın tarixi ilə bağlı maraqlı faktlar söyləyərək bildirmişdir ki, şəhərlərin yaranması tarixini yazılı məlumatlarla dəqiqləşdirmək mümkün deyildir. Naxçıvanın qədimliyini sübuta yetirmək üçün şəhərin maddi-mədəniyyət qalıqları ilə zəngin olan abidələrini qoruyub saxlamaq və onların ətrafında geniş arxeoloji qazıntılar aparmaq lazımdır. Ekspedisiya rəhbəri qeyd etmişdir ki, XIX əsrin 90-cı illərində Naxçıvan ərazisində təsadüfən aşkara çıxarılmış qədim maddi-mədəniyyət nümunələri sonralar Naxçıvanın tarixinin daha dərindən öyrənilməsinə maraq doğurmuş, 1926-cı ildə sovet alimlərindən İ.İ.Messaninov, A.A.Miller, 1934-cü ildə Azərbaycan arxeoloq-etnoqrafı Ə.Ələkbərov, 1950-1964-cü illərdə akademiyanın Tarix İnstitutunun tədqiqatçıları qədim diyarın ərazisində tədqiqat işləri aparmış, eramızdan əvvəl ikinci minilliyin birinci yarısında Naxçıvan şəhəri ərazisində yüksək mədəniyyətə malik olan əhalinin yaşadığı sübut edilmişdir. Eks­pedisiya rəhbəri onu da bildirmişdir ki, 1968-ci ildə Naxçıvan şəhərinin şimal hissəsində torpaq işləri apararkən 2 metr dərinlikdən çıxarılmış arxeoloji materiallar böyük elmi əhəmiyyətə malik olmaqla bərabər, tapılmış 59 ədəd rəngli boyalı qablar, tunc bəzək əşyaları, muncuqlar Naxçıvan mədəniyyətinin eramızdan əvvəlki XVII-XV əsrlərə aid olduğunu göstərir.
Ekspedisiya üzvü, tədqiqatçı-alim Məmməd Nəsirlinin məruzəsində bəzi Qərb alimlərinin Qafqaz ərazisində ilk insanların – paleolit insanlarının mövcud olmamaları fikirlərinə aydınlıq gətirilir və sübut edilir ki, bəşər övladının ilk yaşayış məskəni kimi Naxçıvan bütün tarixi dövrlərdən, o cümlədən qədim Daş dövründən üzü bəri ardıcıl olaraq insanların yaşadığı yurd yeri kimi tanınmışdır.
Naxçıvan Dövlət Tarix Muzeyində keçirilmiş elmi-nəzəri konfransda ekspedisiya üzvü, bioloq-alim R.Qasımov bildirmişdir ki, sovet antropologiya elmi ən qədim dövrlərdə yaşamış insanla və müasir insanın kəllə sümüklərində baş verən bioloji dəyişiklikləri öyrənmiş və məlum olmuşdur ki, Qafqazda dörd əsas antroloji qrup mövcuddur. Naxçıvan kaspi antroloji tiplərin ən çox müşahidə edildiyi ərazilərdən biridir. Ona görə də Naxçıvan şəhər mədəniyyətinin dərindən öyrənilməsi tarix elmi üçün böyük əhəmiyyət kəsb edir.
Naxçıvanlı tarixçi-alim Əli Əliyev həmin konfransda Naxçıvan tarixinin çox mühüm məqamlarına toxunmuş, kiçik əraziyə malik, lakin böyük tarixi hadisələrə şahidlik edən Naxçıvanın muxtariyyət statusuna sahib olmasını böyük tarixi hadisələrin nəticəsi kimi qiymətləndirmişdir. 1917-ci ildə çar Rusiyasının devrilməsindən istifadə edən Naxçıvanın demokratik qüvvələri – Mirzəlibəy Bəktaşi, Hacı Mirbağır Mirheydərzadə, Məmməd Rəhimov, Məşədi Əhməd Əzimov və başqaları əhalini demokratik hərəkata qaldırmış, imperialist təcavüzkarlarına və daşnaklara qarşı 1918-ci ildə ciddi müqavimət göstərmişlər. Ölkəyə yeridilən ingilis-amerikan hərbi qüvvələri Naxçıvan ölkəsinin “bitərəf zona” adı altında müstəmləkələşdirilməsinə cəhd göstərsələr də, həm onlara, həm də erməni daşnaklarına qarşı Naxçıvanda, Ordubadda özünümüdafiə hərəkatı başlamış, silahlı müdafiə dəstələri təşkil edilmişdir. 1919-1920-ci illər hərəkatında sıravi əhalinin, o cümlədən Hüseyn və Rəcəbalı Salman oğlanlarının, Heydərqulu Həsənovun, Həsən Şahverdioğlunun, Qasım Hüseynovun, Ələkbər Sadıqovun, İbrahim Fərzəliyevin, Yetimqulu Əkbərin, Yusif Seyidovun, Yusif Salayevin, Həsən Əliyevin, Fərəməz Mahmudbəyovun və başqalarının böyük xidmətləri olmuş, “Qırmızı tabor” və “Naxçıvan polku” Şahtaxtı, Xok, Oğlanqala məntəqələrində yerləşən daşnak qoşunlarının məhv edilməsində xüsusi hünər göstərmişlər.
1969-cu ilin oktyabr ayında Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən konfransda muzeyin əməkdaşlarından Kamal Qasımov və Məmməd Məmmədovun da iştirak etdiyi Şahbuz rayonuna təşkil edilmiş elmi ekspedisiyanın əsas məqsədinin rayonun kəndlərinin tarixini, mədəniyyətini, iqtisadi və məişət həyatını, həmçinin qədim, orta və yeni dövrə aid olan təpələri, abidələri, qədim yaşayış məskənlərinin yerini öyrənmək, gələcəkdə tədqiq etməkdən ibarət olduğu bildirilmişdir. Kükü kəndindən başlanılan tədqiqat insanların əsas məşğuliyyətinin maldarlıq olduğunu müəyyən etmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Ə.Sultanov Azərbaycanda Sovet hakimiyyətinin 50 illiyi və Naxçıvan muxtariyyətinin 45 illiyi ərəfəsində Naxçıvana təşkil edilən elmi ekspedisiyanın əhəmiyyətindən danışmış, ekspedisiya müddətində qədim insanların məişətini, təsərrüfatını, onların müxtəlif peşələrə mənsubiyyətini əks etdirən çoxlu maddi-mədəniyyət nümunələri əldə etdiyini qeyd edərək, bu mənbələrin həm də muzey tamaşaçılarının xalqımızın qədim mədəniyyət xəzinəsinə nüfuz etmələrini asanlaşdıran ən qiymətli sərvət olduğunu bildirmişdir.
Milli tariximizin təbliği və nümayişi zəminində Azərbaycanda muzey irsinin yenidən qurulması, geniş muzey şəbəkəsinin yaradılması istiqamətində görkəm­li dövlət xadimi Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində həyata keçirdiyi tədbirlərin davamı olaraq, bu gün ölkə Prezidentinin bu sahənin inkişafı ilə bağlı imzaladığı qərar və sərəncamlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gördüyü ardıcıl tədbirlər nəticəsində muxtar respublika muzeyləri nəinki regional xarakterli tədbirlərin, hətta 1996-cı ildən bu günə qədər Naxçıvanda keçirilən beynəlxalq simpozium, konfrans və seminar iştirakçılarının, beynəlxalq turizm və idman yarışı nümayəndələrinin, ayrı-ayrı dövlət başçılarının, səfirlərin maraqla ziyarət etdikləri məkana çevrilmişdir. Muzeylərimizin nüfuzunun artması, muzey sərvətlərinin araşdırılması, tədqiqi əsasında müxtəlif xarici dillərdə elmi kitabların nəşr edilərək yayımlanması dünya xalqlarının tariximizlə yaxından tanış olmalarına şərait yaratmışdır.
90 illik muxtariyyətimiz dövründə tariximizin öyrənilməsi, təbliği və tanıdılması istiqamətində bütün muzeylərimizlə bərabər, muxtariyyət yaşıdı Naxçıvan Dövlət Tarix Muzeyinin də xüsusi rolu və fəaliyyəti olmuşdur.

Nəzakət ƏSƏDOVA
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR