24 Dekabr 2024, Çərşənbə axşamı

Muğam Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə qədər gəlmiş nadir sənət nümunəsidir. Azərbaycan musiqisinin və muğamının tarixi çox qədimdir. Qobustan və Gəmiqaya rəsmləri musiqimizin tarixi haqqında çox qiymətli məlumatlar verir. Muğamın yaranması haqqında dünyada müxtəlif fikirlər və fərziyyələr mövcuddur. Amma bu da faktdır ki, çağdaş dövrdə muğam ən çox Azərbaycanda inkişaf etmişdir. Ən əsası isə odur ki, muğamı indi bütün dünyaya tanıdan da məhz Azərbaycan xalqıdır.
Azərbaycan muğamı xalqımızın tarixini, coğrafiyasını, mədəni həyatını, etnik köklərini özündə ehtiva edir. Muğam sənətimizdə xalqımızın müdrikliyini, gələcəyə inamını, məhəbbətini, düşüncə və təfəkkürünü, mübarizə və döyüş ruhunu görmək mümkündür. Başqa sözlə, muğam hər bir azərbaycanlının mənəviyyatının genetik kodu, ensiklopediyasıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.

Azərbaycan muğamının ən mühüm cəhətlərindən biri də musiqi ilə qüdrətli sözün, yəni həqiqi poeziyanın vəhdətdə olmasıdır. Bu qüdrətli musiqini insana, dinləyicilərə çatdırmaq üçün həm də qüdrətli poeziya nümunəsinə ehtiyac duyulur. Hər poeziya nümunəsi muğamla oxuna bilməz. Xalqımız həm də öz muğamına layiq zəngin poeziya yaratmışdır. Digər bir tərəfdən, muğam sənəti Azərbaycan bəstəkarlarının, şairlərinin, rəssamlarının və heykəltəraşlarının daim ilham mənbəyi olmuşdur. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Süleyman Ələsgərov və başqaları muğam sənətinin qiymətli nümunələrini yaratmışlar. Ötən əsrin 40-cı illərinin sonunda Azərbaycan musiqisində simfonik muğamların yaranması muğamımızın ifadə imkanlarının genişliyini və rəngarəngliyini bütün dünyaya göstərmişdir. Fikrət Əmir­ovun “Şur”, “Kürd ovşarı”, “Gülüstani-Bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi musiqilər dünyanın müxtəlif ölkələrində səslənmiş və dinləyicilərin qəlbini fəth etmişdir.
Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılmışdır.
Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs reprezentativ siyahısı”na daxil edilmişdir. Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınmışdır. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənmişdir. Bütün bunlar sonrakı illərdə də zəngin muğam sənətimizin inkişafı və tanıdılmasında həlledici rol oynamışdır.
Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiramla yanaşı, həm də böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı muğamı Azərbaycanın milli sərvəti kimi dəyərləndirərək demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir”.
Muğam sənətinin qorunub saxlanması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair ilk tədris vəsaiti kimi 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu hazır­lanmışdır. Azərbaycanda 2009-cu ildən Beynəlxalq Muğam Festivalına və bu festival çərçivəsində Beynəlxalq “Muğam aləmi” simpoziumunun keçirilməsinə start verilmişdir.
Naxçıvan Muxtar Respublikasında da muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da səslənir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması isə muğam musiqisi sahəsində yaddaqalan tədbirlərlə əlamətdar olmuşdur. Həmin il keçirilən “Milli dəyərlərimiz-milli sərvətimiz” folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. 2013-cü ildə isə Azərbaycan Respublikasında keçirilən “Muğam müsabiqəsi-2013” televiziya müsabiqəsinin bir mərhələsi də Naxçıvanda keçirilmiş, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış muğam ustaları Naxçıvan Dövlət Universitetində olmuş və ustad dərsləri keçmişlər.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda qədim muğam sənətinin inkişafına göstərilən diqqət və qayğı onun daha da zənginləşməsinə öz töhfəsini verir. Çünki muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin musiqisidir. Elə buna görədir ki, sərhədləri aşan Azərbaycan muğamı bu gün bütün dünyada sevilərək dinlənilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR