Azərbaycan xalçalarının ayrılmaz bir parçası olan Naxçıvan xalçaları üzərindəki təsvirlər dini-mifoloji motivlərin zənginliyi ilə seçilir.
Qeyd etmək lazımdır ki, dünyada e.ə. V əsrə aid olan ən qədim xalçalar türk xalqlarına mənsubdur. Azərbaycan türkləri qədim zamanlardan müxtəlif xalçalar toxusa da, onların çox az bir qismi günümüzə gəlib çatmışdır. Araşdırmalar xalçalar üzərindəki təsvirlərin Azərbaycan xalqının həyat tərzini, onun mifoloji görüşlərini əks etdirdiyini təsdiq edir. Xalçalar üzərindəki naxışların yaranma tarixi e.ə. IV-II minilliklərə gedib çıxır. Xalçalardakı mifoloji motivlər olduqca müxtəlifdir. Bunlar arasında həyat ağacı, qarşı-qarşıya duran heyvan rəsmləri xüsusilə mühüm yer tutur. İnsanların həyat tərzi ilə bağlı olan ovçuluq və heyvandarlıq da xalça təsvirlərinin əsas motivlərindəndir. Bu mövzu olduqca geniş olduğundan biz yalnız bəzi məqamlar üzərində dayanmağı vacib sayırıq.
Naxçıvan xalçalarında çox geniş yayılmış motivlərdən biri həyat ağacıdır. Bəzi ağaclar meyvələri və çiçəkləri ilə birlikdə təsvir edilmişdir. Belə həyat ağacı təsvirini Nüsnüs məscidində saxlanan xalçanın üzərində daha aydın şəkildə görmək mümkündür. Bəzi xalçaların üzərində ağacların zirvəsində arxa-arxaya yerləşdirilmiş quş rəsmləri toxunmuşdur. Bu tip motivlərdən e.ə. IV minillikdə, Erkən Tunc dövründə keramika məmulatının naxışlanmasında istifadə edilmiş, e.ə. II minilliyin sonu və I minilliyin əvvəlində isə geniş yayılmışdır. İkibaşlı quş rəsmlərinə Kür-Araz mədəniyyətinə aid gil qablar üzərində də rast gəlinmişdir. Quş təsvirlərinə Orta və Son Tunc dövrünə aid boyalı və boz rəngli gil qablar üzərində daha çox rast gəlinir. Türk xalqlarının mifologiyasına görə, gözəl quş göy aləmini təmsil edir. İnanca görə, dünyasını dəyişən uşaqların ruhu quşa dönərək göylərə çəkilirmiş.
Xalçalar üzərindəki həyat ağacı təsvirlərinin bənzərlərinə Orta Tunc dövrünün boyalı qabları üzərində və Gəmiqaya təsvirlərində də rast gəlinir. Ordubad rayonundakı Əngəş məscidində qorunan xalçanın üzərində fərqli bir ağac rəsmi vardır. Bu xalçada qarşı-qarşıya duran dörd ağac, onların arasında səkkizüzlü fiqur təsvir olunmuşdur. Heç bir şübhə yoxdur ki, bu rəsmdə ağaclar dünyanın dörd yönünü əks etdirmişdir. Türkdilli xalqlar həyat ağacını müqəddəsləşdirərək ona sitayiş etmişlər. Qədim türk əfsanələrində həyat ağacı türk qəbilələrinin anasıdır.
Bəzi türk tayfaları həyat ağacını qayın ağacı şəklində düşünmüş və onun uşaqları müdafiə edən Ana Tanrı Umayla göydən endiyinə inanmışlar. Şaman davullarında həyat ağacı zirvəsində bir quş oturan qayın ağacı təsvir edilmişdir. Ümumiyyətlə, zirvəsində quş oturan həyat ağacı rəsmləri türk xalqlarının inancında geniş yer tutmuşdur. İssık kurqanında tapılmış qızıl döyüşçünün dəbilqəsində dağın üzərində ağac, onun zirvəsində də kiçik quş heykəli vardır. Azərbaycanın folklor nümunələrində yeni şah seçilərkən şahlıq quşu uçurulması kimi adətin olduğu da bəllidir.
Həyat ağacının qadınla bağlılığı etnoqrafik məlumatlarda da öz əksini tapmışdır. Azərbaycanın, o cümlədən Naxçıvanın bəzi rayonlarında gəlin köçürülərkən şax-budaq bəzəmə adəti olmuşdur. Gəlin evdən çıxarkən qız evində bəy üçün şax bəzədilirdi. Budaqdan şəkər və müxtəlif meyvələr asılırdı. Oğlan tərəfi bu ağacdan bir şey qoparmağa çalışırdı. Ağacdan hədiyyə qoparmağa çalışan adam qız evi tərəfindən tutulsaydı, döyülür və qopardığı alınırdı. Lakin o, ələ keçmədən hədiyyəni bəyə çatdıra bilsəydi, mükafat alırdı. Bu nümunədə evlənmə ilə bağlı olan, gəlini təmsil edən ağac toxunulmaz idi.
Həyat ağacının, ya da ağac budaqlarının məhsuldarlıqla bağlı müqəddəs evlənmə səhnələrində təsvir edilməsinin ilk nümunələri Şumer mədəniyyətindən məlumdur. Türk mifologiyasında həyat ağacı kosmik-mifoloji dünyanı bütövlükdə əks etdirir. Onun zirvəsi göy üzünün, gövdəsi Yerin, kökləri o biri dünyanın simvolu olmuşdur. Bu baxımdan bəzi nümunələrə nəzər salmaq yerinə düşər. Azərbaycan nağıllarında Simurq quşu yuvasını ağacın başında qurur, Göytürklərin inancına görə, böyük tanrı Oğan yerin ortasında bitmiş uca bir şam ağacının zirvəsində otururdu.
Xalçalarda çox görülən naxışlardan biri də xaçşəkilli toxumalardır. Bədxah qonşularımız olan ermənilər xalılarımızda rast gəlinən xaç işarələrini təhrif edərək onları ermənilərə aid etməyə cəhd etmişlər. Halbuki xaçşəkilli naxışlar qədim türk xalqlarının inancları ilə bağlıdır. Xaçşəkilli işarələr xristianlığın yaranmasından 7-6 min il əvvəl mövcud olmuş və qədim insanların dini-mifoloji görüşlərini əks etdirmişdir. Qədim Şərq sənətinin sevimli motivi olan xaçşəkilli işarələr skiflərdən yunanlara, onlardan isə Avropaya keçmişdir. Xalılarda bu rəsmlərin müxtəlif variantları vardır. Kilimlərdən birinin üzərində çoxlu xaç rəsmi toxunmuşdur. Digər xalılarda ucları haçalanan xaç rəsmlərinin qədim nümunələri Orta Asiyada Sapalitəpə yaşayış yerində tapılmışdır. Bəzi xalılarda xaçşəkilli rəsmlər insanı və heyvanı xatırladan simvollardan ibarətdir. Araşdırmalar göstərir ki, xaç rəsmləri Günəşin, xeyirxah tanrılarla bağlı quş və insanların simvolu olmuşdur. Tədqiqatçılar Gəmiqayadakı bəzi xaç rəsmlərinin insana bənzədiyini qeyd etmişlər. Gəmiqayada bu tip rəsmlərin ov səhnələrində verilməsi onların astral simvollarla bağlı olduğunu göstərir. Sarıdərə nekropolunda daş qututipli qəbirlərdən birinin qapaq daşları üzərində quş rəsmi və xaçşəkilli işarələr qazılmışdır. Qədim qəbir abidələrində rast gəlinən bu işarələr o biri dünyaya yola salınan insanların ruhunun qorunması ilə bağlı olmuşdur. Sibir xalqlarının, o cümlədən yakutların xalq sənətində rast gəlinən xaç işarələri qoruyucu funksiya daşımışdır. Azərbaycanın müasir xalq sənəti nümunələrində gördüyümüz xaçşəkilli işarələr də qədim inanclarla bağlıdır. Xalılarda xaç rəsmləri bəzən haçalanaraq qoyun buynuzuna bənzədilmişdir. Qədim sənət nümunələrini nəzərdən keçirdikdə bunların məzmunu tamamilə aydın olur. E.ə. VI minilliyə aid Samarra qabları üzərində xaç şəklində düzülmüş insan, keçi və quş rəsmləri vardır. Xaç rəsmlərinin insana, keçiyə, yaxud quşa bənzədilməsinin tarixi kökləri də bununla bağlıdır. Bu tip rəsmlər I Kültəpə və Qızılburundan aşkar edilmiş e.ə. IV-II minilliyə aid qablar üzərində də vardır. Göstərilən faktlar xaçşəkilli işarələrin dünyanın dörd yönünü əks etdirdiyini təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu, qədim türk mifologiyası üçün xarakterik olmuşdur.
Araşdırmalar xaçşəkilli işarələrin dünyanın dörd yönünü simvolizə etdiyini sübut edir. Türk mifologiyasında, o cümlədən Azərbaycan türklərində dünya şaquli olaraq üçqatlı, üfüqi olaraq dördyönlü düşünülmüşdür. Bəzən beşlik şəklində düşünülən bu ideologiya xalılar üzərində də öz əksini tapmışdır. Yerüstü məkanın dördyönlü quruluşu haqqında görüşlər və onun dörd yönündən hər birinin qoruyucu tanrısı olması ilə bağlı inanclar dünyanın bir çox xalqlarının mifologiyasında yer almışdır. Bu qoruyucular bəzən zoomorf, bəzən isə antropomorf rəsmlərlə göstərilmişdir.
Araşdırmalara əsaslanaraq xalılar üzərindəki müxtəlif təsvirlərin Azərbaycan türklərinin mifologiyasını əks etdirdiyini və bu düşüncələrin çox qədim zamanlara aid sənət əsərlərindən qaynaqlandığını deyə bilərik. Üzərində müxtəlif təsvirlər olan xalıların bir ev əşyası olmaqla bərabər, insanlara uğur, bolluq və bərəkət gətirdiyinə, onları bəd qüvvələrdən qoruduğuna inanılmışdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü