25 Dekabr 2024, Çərşənbə

2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı daim repertuarını zənginləşdirməyə çalışır, günümüzlə səsləşən aktual mövzulara müraciət edir, rayonun mədəni həyatında fəal iştirakı ilə diqqəti çəkir.
Ötən dövr ərzində teatr bir sıra maraqlı səhnə əsərlərinə müraciət etmiş, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə töhfəsini vermişdir. Kollektivin tamaşaçılara təqdim etdiyi Qilyermo Fiqeyredonun “Ezop”, Bəxtiyar Vahabzadənin “Yollara iz düşür”, Məhərrəm Əlizadənin “Şeyx Rəhmətulla”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Hüseyn Cavidin “Ana” və digər əsərlər uğurlu səhnə həlli ilə teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Teatrın Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsəri əsasında səhnələşdirdiyi tamaşaya Babək Rayon Mədəniyyət Evində ictimai baxış olmuşdur. Səhnə əsərinin rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rəssamı Əli Səfərovdur. Rollarda Firdovsi Səfərov, Şölə Novruzbəyli,Vüsalə İsmayılova, Stella Babayeva, İsmayıl Qurbanov və başqaları çıxış edirlər.

Ailə-məişət mövzusunda olan əsərdə tamaşaçıya mənəvi təmizlik, ailəyə sədaqət, vəzifə borcuna məsuliyyət, insan ləyaqətinin uca tutulması kimi dəyərlər aşılanır. Cəmiyyətin sağlam təməllər üzərində inkişafında mühüm amillər olan bu dəyərlərin tamaşaçılara təqdimində aktyorlar öz imkanlarından maksimum istifadə etməyə səy göstərmişlər.
Tamaşadan sonra Babək Rayon İcra Hakimyyətinin başçısı Elçin Hüseynəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov teatrın kollektivini uğurlu tamaşa üçün təbrik etmiş, aktyorlara mükafat və fəxri fərmanlar təqdim olunmuşdur.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR