25 Dekabr 2024, Çərşənbə

Vətən barədə deklorativ bəyanatlar verməzdən öncə kamil insan və ədalətli cəmiyyət barədə bəzi prinsipləri dərk etmək lazımdır. İnsanı vətənə bağlayan və onun müdafiəsinə qalxmağa məcbur edən amillər təkcə ruhi həyəcanın doğurduğu şüarlar deyil, həmçinin bu şüarları doğuran maddi-mənəvi sərvətlərdir. Qəribədir ki, maddi nemətlər uğrunda aparılan qanlı müharibələr, son nəticədə, yeni ideoloji şüarları üzə çıxararaq onları “vətən uğrunda aparılan müharibə” müstəvisinə daxil edir. Deməli, vətənin qorunması və müdafiəsinin təşkili o ölkədə yaşayan cəmiyyətin milli birliyindən və sahib olduğu maddi nemətlərin qorunmasından hədsiz asılıdır. Vətənpərvər insan amilinin kökündə duranlardan ən əsası yaşadığı və ruzi qazandığı, nəslinin yüz illər sonra da yaşayacağı torpağı qorumaq qayğısıdır. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir.

 Hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndər Heydər Əliyevin milli şüur – vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək, bütünlükdə, xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, vətəndaşlarımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır. 

Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, dəyanətli, iradəli, əqidəli vətənpərvər gənc özünün əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil: vətənpərvərlik həm də Vətəni naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakar­lıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Hər bir ölkənin gələcəyi onun gənc­lərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkə­nin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənc­lər dövlətin həm bu günü, həm də gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənc­lərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm qoymuş Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Dahi rəhbərimiz müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gənc­liyi var”.
Naxçıvan Muxtar Respublikasında da yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması diqqət mərkəzindədir. Belə ki, muxtar respublika rəhbərinin qayğısı ilə yeniyetmə və gənclərin təhsili, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili, vahid mərkəzlərdə eyni ideya ətrafında birləşməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda şəhid ailələri və müharibə iştirakçıları üçün hərtərəfli şəraitin yaradılması, onların qayğıyla əhatə olunması da bilavasitə gəncliyin vətənpərvərlik tərbiyəsinə təsir edən amillərdəndir. Bu baxımdan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı mütəmadi olaraq təhsil müəssisələrində müxtəlif tədbirlər keçirir, Milli qəhrəmanlarımızın tanıdılmasına, onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasına çalışır. Təşkilat nümayəndələri hərbi xidmətə yolasalma mərasimlərində müntəzəm iştirak edirlər. Bütün bunlar bu gün gənc nəslin vətənpərvərlik tərbiyəsinə, vətəni sevmək hisslərinin formalaşmasına təsir edir.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı bundan sonra da bu sahədə fəaliyyətini davam etdirəcəkdir.

Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və
Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR