Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin uşaqları arasında və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilmiş rəsm, əl işləri, musiqi müsabiqələrinin və şahmat yarışının dünən yekun tədbiri olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərovun, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın çıxışları olmuşdur. Çıxışlarda bildirilmişdir ki, uşaqların sağlam, ağıllı, təhsilli, ölkəmizə və müstəqilliyimizə sədaqətli, vətənpərvər vətəndaşlar kimi yetişməsi istər ailə, istərsə də dövlət üçün vacib amillərdən biridir.
Vurğulanmışdır ki, bu gün də ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dövlət uşaq siyasəti uğurla həyata keçirilir, onların sağlam ruhda tərbiyə olunmaları, təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Bu məqsədlə yeni məktəbəqədər tərbiyə müəssisələri tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir.
Son illərdə muxtar respublikamızda neçə-neçə uşaq bağçası, musiqi, şahmat məktəbi binalarının inşa olunaraq istifadəyə verilməsi dövlətimizin böyüməkdə olan nəslə göstərdiyi diqqət və qayğısının parlaq ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində keçirilən müsabiqə bu qəbildən olan uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasında, onların gələcəkdə cəmiyyətə inteqrasiya olunmalarında mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir.
Sonra ayrı-ayrı nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri elan olunmuşdur.
Bağça uşaqları arasında keçirilən müsabiqədə birinci yerə 3 nömrəli, ikinci yerə 7 və 11 nömrəli, üçüncü yerə 4 və 5 nömrəli bağçaların uşaqları layiq görülmüşlər. Musiqi, şahmat, rəsm və əl işləri üzrə keçirilən müsabiqələrin də qalibləri elan edilmişdir. Qaliblərə hədiyyələr təqdim olunmuşdur.
Sonda məktəbəqədər müəssisələrin balaca fidanları konsert proqramı ilə çıxış etmişlər.
Sona MİRZƏYEVA