Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunmuşdur.
Sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişlər. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilən beynəlxalq rəsm festivalı Naxçıvanın zəngin tarixi və bu günü ilə səsləşən mədəniyyət və sənət bayramı kimi yaddaşlara həkk olundu.
Rəssamlara festivalda iştirak etdiyini bildirən xatirə plaketi və hədiyyələr təqdim olunmuşdur.
Qonaq rəssamlar onlara göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra sərgiyə baxış olmuşdur. Sərgiyə muxtar respublika ictimaiyyəti tərəfindən böyük maraq var idi. Türkiyəli rəssamlardan Nilufər İnaltonqun, Hülya Sezginin, Gürcüstandan Tamar Lamparadzenin, Gia Markozaşvillinin, iranlı Cəlaləddin Piraninin, Azərbaycan rəssamlarından Adil Talıbovun, Eldar Zeynalovun, həmçinin naxçıvanlı fırça ustalarından Məhəmmədəli Ələkbərovun, Cavid İsmayılovun, Tural Həsənlinin, Həbibə Allahverdiyevanın və başqalarının əsərləri sərgiyə gələnlərdə xoş təəssürat yaratmışdır. Duyğu və düşüncələrin, zəngin fəlsəfi təxəyyülün, işıqla kölgənin, keçmişlə müasirliyin sintezindən yaranan əsərlərdə Naxçıvanın simvoluna çevrilən Haçadağ, yüzillərin yadigarı Nuhun türbəsi, Naxçıvanqala rəssam təxəyyülünə məxsus çalarlarla öz bədii inikasını tapmışdır.
Həmin gün rəssamlar Bəhruz Kəngərli Muzeyində olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoymuş, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaratmışdır. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmiş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir.
Günün ikinci yarısında Naxçıvan Dövlət Universitetində gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.
Bununla da, “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı başa çatmışdır.
Sara ƏZİMOVA