Qədim oğuz-türk yurdu olan Naxçıvan daha bir möhtəşəm tədbirə – “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalına ev sahibliyi etdi. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları, rənglərdən yeni bir dünya yaradan insanları qarşıladı. Festivalda iştirak edən rəssamlarla həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.
Nilufər İnaltonq ( Türkiyə): – Naxçıvana üçüncü gəlişimdir. 2012-ci ildə təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında da iştirak etmişəm. İkinci dəfə belə bir möhtəşəm tədbirdə iştirak etməyim məni çox sevindirir. Həqiqətən, bu torpaq şairin, rəssamın, bir sözlə, bütün yaradıcı insanların ilham mənbəyidir. Mən bir rəssam kimi bu torpaqdan böyük ilham alıram. Buraya hər gəlişimdə yeni bir dünya kəşf edirəm. Bu dünyada insanları fəlakətə sürükləyən müharibəyə, xaosa, anarxiyaya, hərc-mərcliyə yer yoxdur. İnsanlar asudə yaşayıb-yaradır, əmin-amanlıq içində ömür sürürlər. Şəhərlər, kəndlər təmiz, səliqəli, güllü-çiçəkli, çaylar göz yaşı kimi şəffaf sulu, səmalar buludsuzdur. Bir sənət adamı, xüsusən də rəssam bundan artıq nə arzu edə bilər?
Günümüzdə rəssama əsl sənət yaratmağa imkan verən bir neçə faktor var. Onlardan birincisi istedaddırsa, ən önəmlilərindən biri də dövlət dəstəyidir. Naxçıvanda olarkən mədəniyyətin, incəsənətin saysız himayədarları və sevənləri olduğunu gördüm. Festivalda mən Haçadağı kətan üzərinə köçürdüm. Elə bilirəm ki, yaxşı alınıb. Əsl qiyməti isə gözəllik vurğunu naxçıvanlılar verəcəklər.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi daha çox diqqətimi çəkdi. Burada eradan əvvəl V minilliyə aid təsərrüfat küpünə və digər eksponatlara dəqiqələrcə baxdım, şəkillərini çəkdim. Düşündüm: bu torpaq nə qədər əzəmətlidir, nə qədər uludur? Hər gəlişimdə Nuhun məzarüstü türbəsini ziyarət edirəm. Yəni bu torpağın hər addımında bir tarix var. Növbəti əsərimdə Nuhun məzarüstü türbəsini çəkmək istəyirəm. Bu əsərimin yaradıcılıq nümunələri sırasında çox mühüm yer tutacağına əminəm.
Tamar Lamparadze (Gürcüstan): – Naxçıvana birinci dəfədir, gəlirəm. Bu şəhər haqqında məlumatım az idi. Buranı görməyi çox istəyirdim. Bu il Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olunur. Bu münasibətlə təşkil olunan bir tədbirdə iştirak etmək qürurvericidir. Bu festival bir sənət adamı üçün böyük uğurdur. Festival çox möhtəşəm təşkil olunmuşdu. Mən deyərdim ki, bura əsl sənət məkanıdır. Mənim üçün yeniliklərdən biri rəssam Bəhruz Kəngərlinin yaradıcılığı ilə daha yaxından tanış olmaq idi. Bəhruz Kəngərlinin Muzeyində onun əsərləri qarşısında heyranlığımı gizlədə bilmədim. Az ömür sürüb. Bu, məni çox kövrəltdi. Müşahidə etdim ki, o, nə çəkibsə, qəlbən çəkib və gözəl sənət əsərləri yaradıb. Bu torpaq belə bir rəssam yetişdirib. Və görürəm ki, Naxçıvanın əzəməti qarşısında söz də aciz qalır, rəng də, fırça da. İndi Vətənimdən çox uzaqdayam. Buraya gəlməklə mən yaradıcılığım üçün yeni bir işıq yolu, yeni bir pəncərə açdım. Gördüm ki, bu diyarda, yəni dünya üçün çox kiçik olan bir məkanda necə böyük bir mədəniyyət yaradılıb. Bunu hər addımda, hər daşın, qayanın üzərində görmək olar. Beynəlxalq festivalın təşkilatçılarına, xalqlar arasında dostluq, mədəniyyət körpüsü salanlara öz dərin minnətdarlığımı bildirirəm.
Səid Əyyami (İran): – Festivalda hər birimiz Naxçıvanın gözəlliyini, tarixini vəsf elədik. Bura əsl mədəniyyət mərkəzidir. İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi təsadüfi deyilmiş. Burada və festivalda olmaqdan çox məmnunam. Rəssamlardan bir neçəsinin Haçadağı çəkməsinə baxmayaraq, mən də bu mövzunu seçdim: bu əzəmətli dağı çəkmək istədim. Bu əsərim 90 illiyini qeyd edən muxtar respublikaya hədiyyəm olsun. Bu festival həyatımda mühüm yer tutacaq.
Mən burada naxçıvanlı rəssamlarla və onların yaradıcılıqları ilə tanış oldum. Burada çox istedadlı rəssamlar var. Naxçıvanın təbiətini əks etdirən rəsm əsərlərinə baxdım. Naxçıvan rəssamların fırçasında daha da gözəlləşir. Türk yurdunun əzəməti, gözəlliyi önündə dayanan hər kəs bu əsərlərin cazibə qüvvəsi ilə sehrlənir.
Adil Talıbov: – Bəlkə də, bu gün festivalın ən xoşbəxt yaradıcı insanlarından biriyəm. Özüm naxçıvanlıyam, ancaq Bakıda yaşayıram. Doğulub boya-başa çatdığım torpaqda belə bir mədəni tədbirin keçirilməsi məni çox qürurlandırır. Xarici ölkələrdən gələn rəssamlar hər an xoş sözlər deyirlər. Bunun məni nə qədər xoşbəxt elədiyini sözlərlə ifadə edə bilmirəm.
Mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, müxtəlif xalqlara ehtiram kimi ümumbəşəri dəyərləri ehtiva edir. Bu mənada Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı mədəniyyətimiz və incəsənətimiz üçün çox əhəmiyyətli və əlamətdar hadisədir. Naxçıvanda olarkən gördüm ki, müasir Naxçıvanın incəsənət adamları, eləcə də rəssamlar muxtar respublikanı ağuşuna alan sosial-iqtisadi tərəqqinin qoynunda gələcəyə inamla addımlayırlar. Mədəniyyət, incəsənət sahələrində Naxçıvan gənclərinin bir sıra uğurlara imza atmaları buna əyani sübutdur. Naxçıvan Dövlət Universitetində gənc rəssamların əl işləri uzun müddət bu sənətlə məşğul olan bir insan kimi diqqətimi çəkdi. Burada olarkən gördüm ki, Naxçıvan blokadada olmasına baxmayaraq, iyirmi birinci əsrə yeniliklərlə qədəm qoyub. Sənətə göstərilən qayğı rəssamlığın da inkişafına güclü təkan verib, rəssamlığa dövlət qayğısının ildən-ilə genişlənməsi bu sahəyə üz tutan istedadlı, intellektli və yaradıcı şəxslərin sayının artmasına səbəb olub.
Hazırladı: Sara ƏZİMOVA