Yaşıl və sarı rənglərin palitrası ilə sehrlənmiş düzlərə sükut çökür bir anda. Uçuşan qaranquşların yağışı müjdələyən səsindən başqa heç nə eşidilmir. Lap yaxınlığımızda uçuşmağa başlayırlar. Nə qəribədir ki, bir zaman sularda üzən gəmiyə torpaq müjdəsi gətirən qaranquşlar hər yaz yağışı öncəsi bizə Tanrının yer üzünə rəhməti olan yağışın yağacağını xəbər verir. Bəlkə də, hər yağış öncəsi yenə də o tufanı xatırlayıb dimdiyinə torpaq götürmək qorxusu ilə yerə yaxınlaşır qaranquş.
Sonra anlıq sükutun ahəngini pozan bir mizrab səsi. Külək yaşıllaşan çinarların budaqlarında akkord tutur. Küləklərin vıyıltısında bir ney səsi, yağışın taqqıltısında bir dəf ahəngi.
Öz səmazən rəqsinə başlar ana təbiət. Gəmiqaya üzərində əlini göyə açmış insan təsvirləri qoşular təbiətə. Nə qəribədir ki, bir addımlıq quru torpaq tapmaq arzusu ilə göyə əl açmış insan təsvirləri, indi su diləyər bu torpaqlara. Dillənər göy, sellənər yağış, təmizlənər qalxan toz-duman və təmizlənər insan. Qoşulmaq istər təbiətin ahənginə, bürünmək istər təbiətin rənginə, damla olub göydən yerə axmaq istər, insanların fövqündə dayanıb çarpışmaqdan yorğun düşmüş insanlara baxmaq istər, qoşulub Naxçıvançayın sularına Araza doğru axmaq istər.
Ya da bir damla olub Biçənək yaylaqlarında sürülərini otaran bir çobanın yapıncısına düşmək, təbiətlə vəhdətdəki insanın daha səmimi olduğunu görmək istər. Ya da lavaşını, pendirini, sərin ayranını götürüb, çöllərdən yarpız toplayıb, çiynində kərənti biçinə gedən biçinçinin daldalandığı ağacın yarpağının üzərində bir damla olmaq istər.
Az sonra barlı-bərəkətli düzlərə rəhmət olan yağış kəsər və parlayar yenə yaz Günəşi. Qırmızı, yaşıl və səma rənginin vəhdətində bir göy qurşağı və eyni rənglərin vəhdətini əks etdirən bayraq.
Bu anda xatırlayarsan ki, həyat bəzən olduğun mühitdən qopmaqdır, özünü qaranquş səsində, yağışın damlasında, qəfil dəyişən yaz havasında tapmaqdır.
Elnur KƏLBİZADƏ