Mayın 22-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında müsabiqəyə start verilib.
Müsabiqənin ilk günündə Naxçıvan şəhərindəki 1, 3, 10, 11, 15 nömrəli bağçaların balaca fidanları məharətlərini nümayiş etdiriblər. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev tez-tez uşaqlarla görüşür, onların sağlam, bilikli və hərtərəfli böyümələri üçün tapşırıq və tövsiyələr verir, bu sahədə mühüm əhəmiyyətli fərman və sərəncamlar imzalayaraq dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsi üçün hüquqi baza hazırlayırdı.
Bu gün də ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov müsabiqənin şərtləri haqda məlumat verərək uşaqlara uğurlar arzulayıb. Sonra uşaqlar Naxçıvanın 90 illiyinə həsr olunmuş müxtəlif şeirləri bədii qiraət edib, mahnılar oxuyub və rəqslər ediblər.
Bu gün müsabiqə 4, 5, 6, 7 və 12 nömrəli uşaq bağçalarının uşaqları arasında keçiriləcək. May ayının 27-də müsabiqəyə yekun vurulacaq.
Sona MİRZƏYEVA