25 Dekabr 2024, Çərşənbə

Mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olmuşdur.
“Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva mərasimdə çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsl intibaha nail olunmuşdur. Ulu öndər tərəfindən əsası qoyulan mədəniyyətə qayğı və mədəni inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüş, tarixi-mədəniyyət abidələri bərpa olunmuş və ya yenidən qurulmuş, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmişdir.

Son illər muxtar respublikada Bəhruz Kəngərli Muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina tikilmiş və birliyin Bəhruz Kəngərli adına Sərgi Salonu yaradılmışdır. Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Estetik Tərbiyə mərkəzlərində, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı, muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası, 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Həmçinin muxtar respublikada incəsənət adamlarına, eləcə də rəssamlara xüsusi diqqət və qayğı göstərilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu diqqət və qayğının daha bir ifadəsidir.
Ülviyyə Həmzəyeva tədbir iştirakçıları adından festivalın keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov demişdir ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı əsrlərdən bəri Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramıdır. Qeyd olunmuşdur ki, Naxçıvanın mədəni həyatı rəngarəng və çoxçalarlıdır. Bu mədəniyyət hadisələri içərisində təsviri incəsənət və rəssamlıqla bağlı keçirilən tədbirlərin də özünəməxsus yeri vardır. Naxçıvanda istedadlı rəssamların sərgilərinin keçirilməsi ənənə halını almışdır. Son illər tanınmış rəssamlarımızın albom-kataloqlarının nəşri, sərgilərinin təşkili təsviri incəsənətə olan diqqətin ifadəsidir. Naxçıvan rəssamlarının əsərləri ABŞ, Almaniya, Türkiyə, Bolqarıstan, İran İslam Respublikası, Niderland və başqa ölkələrdə nümayiş etdirilir.
“Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra muxtar respublikanın musiqi kollektivlərinin çıxışları olmuşdur.
Festival iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşlar. Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar haqqında qonaqlara məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardandır. Naxçıvanın 5 min illik şəhər mədəniyyəti qonaqlarda böyük maraq doğurmuşdur.
Muzeylə tanışlıqdan sonra fırça ustaları Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət etmişlər.
Sonra festivalın yaradıcılıq hissəsinə start verilmişdir.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Gürcüstan, İtaliya və İrandan 33 rəssam iştirak edir.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləmişlər.
Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda iştirak edən rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunacaqdır. Bununla yanaşı, rəsm festivalının iştirakçıları Naxçıvan Dövlət Universitetinə gələrək tələbə rəssamların əsərlərindən ibarət sərgiyə baxacaqlar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR