Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti də mövcud olmuşdur. Ədəbiyyatımıza Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi nəhəng simalar bəxş edən Naxçıvan ədəbi mühitinin Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov, Adil Babayev, Müzəffər Nəsirli, Hüseyn Razi, Əliyar Yusifli kimi görkəmli qələm sahibləri də öz yaradıcılıq dəst-xətləri ilə seçilmiş və ədəbiyyatımızda iz qoymuşlar.
Naxçıvanın muxtariyyət statusu elan olunandan 4 il sonra – 1928-ci ildə Bakıda fəaliyyət göstərən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin “Gənc qələmlər” Ədəbi Birliyinin Naxçıvan filialı yaranır. Həmin dövrdə Naxçıvanda Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev və digər gənc ədəbiyyat həvəskarları həmin filial ətrafında cəmləşir və vaxtaşırı öz yazılarını oxuyub müzakirə edir, ədəbi söhbətlər aparırlar. Ədəbiyyat tariximizdə “Gənc qələmlər” təşkilatının filialı yaranana qədər Naxçıvanda “Qönçeyi-ülfət”, “Əncüməni-şüəra” və “El güzgüsü” ədəbi məclislərinin fəaliyyət göstərməsi barədə faktlar mövcuddur. Naxçıvanın muxtariyyət statusu əldə etməsindən düz on il sonra – 1934-cü ildə Bakıda yaradılan Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan ədəbi mühitinə də təsir göstərir və Naxçıvanda bir ədəbi canlanma nəzərə çarpır. 30-cu illərin ortalarından etibarən Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialı fəaliyyətə başlayır. 30-cu illərin sonlarına yaxın İslam Səfərli, Adil Babayev, Müzəffər Nəsirli kimi gənc şairlərin ilk şeirləri mətbuatda dərc olunur. 1929-cu ildə “Şərq qapısı”nda “Sələsüzlü” imzası ilə ilk şeri çap olunan Müzəffər Nəsirli 1938-ci ildə ilk şeirlər kitabını çap etdirir. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan M.İbrahimovun, S.Rəhimovun və Ə.Vəliyevin 30-cu illərdə Naxçıvanda yaşayıb müxtəlif vəzifələrdə çalışmaları (M.İbrahimov Naxçıvan MTS-i yanında siyasi şöbə müdiri və həmin şöbənin “Sürət” qəzetinin redaktoru, S.Rəhimov 1936-1937-ci illərdə Şahbuz və Şərur rayonlarında raykomun birinci katibi, Ə.Vəliyev 1934-1935-ci illərdə “Şərq qapısı”nın redaktoru) həmin dövrdə Naxçıvan ədəbi mühitinin inkişafına müsbət təsir göstərmişdir.
1941-1945-ci illər müharibəsinin başlanması ilə həmin ədəbi qüvvələrin və bir çox digər istedadlı gənclərin səfərbər olunub orduya aparılması Naxçıvan ədəbi mühitinin zəifləməsi ilə nəticələnmişdir. Müharibədən sonrakı 40-50-ci illər Azərbaycan ədəbiyyatının formalaşmasında Naxçıvan ədəbi mühitindən pərvazlanmış İslam Səfərli, Adil Babayev, Yusif Axundov, Məmməd Əkbər, Tağı Axundov, Əbil Yusif, Müzəffər Nəsirli, Əvəz Sadıq, Nağı Nağıyev, Əbülfəz Bağırov, Əkbər Əkbərov, Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev, Əbülfəz Abdullayev, Hüseyn Razi, Əliyar Yusifli, Hüseyn Əzim, Həsən Mehdiyev, Əkbər Məftun, Məmməd Əsgərov, Həsən Salmanov, Davud Ordubadlı, Həsən Fətullayev kimi şair və yazıçıların çox böyük xidmətləri olmuşdur. Xüsusilə müharibə dövrü ədəbiyyatının yaradılmasında bu qələm sahibləri qələmlərini süngüyə çevirib bu mövzuda yaddaqalan əsərlər yaratmışlar. 1953-cü ildə Naxçıvan yazıçılarının ilk “Səadət mahnıları” almanaxı çap olunmuşdur.
Müharibədən sonra, 1945-1951-ci illərdə, Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialına yazıçı Nağı Nağıyevin rəhbərlik etdiyi dövrdə və sonrakı 1951-1960-cı illərdə ayrı-ayrı vaxtlarda Müzəffər Nəsirlinin və Hüseyn İbrahimovun rəhbərliyi dövründə, eyni zamanda Müzəffər Nəsirlinin rəhbərlik etdiyi 60-70-ci illərdə ədəbiyyata bir sıra yeni ədəbi qüvvələr gəlmiş, Naxçıvan ədəbi mühitinin formalaşmasında onların xüsusi rolu olmuşdur. Həmin illərdə Naxçıvan ədəbi mühitində müxtəlif yazıları çap olunan qələm sahiblərindən Zeynal Vəfa, Əhməd Mahmud, Məşkur Əkbər, Adil Qasımov, Kəmalə Ağayeva, Elmira Qasımova, Həmid Arzulu, Validə Hüseynova, Elmi Əliyev, Altay Tağızadə və digərləri Naxçıvan filialı ətrafında birləşsələr də, onların yazıları artıq Azərbaycanın mərkəzi qəzet və jurnallarında da çap olunmaqda, imzaları tanınmaqda idi.
1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar İttifaqının səyyar plenumunun keçirilməsi, o plenumda bölmənin Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsi adlanması, Rəsul Rza, Mehdi Hüseyn kimi görkəmli yazıçıların iştirak etdiyi həmin plenumda Naxçıvan ədəbi mühitindən Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Məşkur Əkbər və Kəmalə Ağayevanın SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilməsi o dövr üçün çox mühüm ədəbi hadisə idi.
Naxçıvan ədəbi mühitində inkişaf və canlanma nöqteyi-nəzərindən ən çox diqqəti cəlb edən dövr ötən əsrin 70-ci illəri hesab olunur. 60-cı illərdə Kəmalə Ağayeva, Həmid Arzulu, Adil Qasımov, Validə Hüseynova, Həsən Valeh, Elmira Qasımova, Altay Tağızadə kimi qələm sahiblərinin imzaları diqqəti cəlb edirdisə, 70-ci illərin əvvəllərindən etibarən yuxarıda adları çəkilən qələm sahibləri ilə yanaşı, Elman Həbib, Əhməd Sədərəkli, Güllü Məmmədova, Akif Axundov, Vaqif Məmmədov, Muxtar Qasımzadə, Asim Yadigar, Novruz Nehrəmli, Bayram İsgəndərli, Əbülfəz Muxtaroğlu, Vaqif Kərimov, Rafiq Babayev, Rahilə Elçin, Dilsuz Dünyamalıyev, İbrahim Yusifoğlu, Məmməd Tahir, Budaq Təhməz, Həsənəli Eyvazlı, Cavanşir Eloğlu, Abbasqulu Mirzəyev və bir çox digərləri mətbuatda ardıcıl olaraq çıxış edir və imzaları ilə diqqəti cəlb edirdilər. Az sonra, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən etibarən isə Naxçıvan ədəbi mühitində Xanəli Kərimli, Kəmaləddin Qədim, Səhlab Məmmədov, Allahverdi Aqil, Nəriman Zeynalzadə, Telman Qəhrəmanov, Elbəyi Maqsudov, Zeyqəm Vüqar, Rafiq Oday, İlyas Fərəməzoğlu, Sərdar Zeynal, Nadir Əlincə, Kəmalə Nəsrin, Səyyad Əzizoğlu, Sərvər Məsum, Ələddin Eyvazov, Maarif Təmkin, Ələsgər Nehrəmli, Hüseyn Bağıroğlu, Mətanət Hüseynxanqızı kimi istedadlı ədəbi gəncliyin imzalarına rast gəlirik. Onların şeir və hekayələri, bədii-publisistik yazıları müxtəlif illərdə çap olunmuş “Odlu ürəklər”, “Arazın işıqları”, “Arazın nəğmələri”, “Arpaçayı aşdı-daşdı”, “Araz-1”, “Araz-2”, “Araz-3”, “Araz-4”, “Yaşıl pöhrələr”, “Qoy tanısın dünya səni” adlı ədəbi almanaxlarda çap olunmuşdur. Sevindirici haldır ki, adları qeyd olunanlarla yanaşı, son illərdə müxtəlif nəşriyyatlar tərəfindən Əbülfəz Əsgərli, Fərəc Fərəcov, Firudin Süleymanoğlu, Şirməmməd Qüdrətoğlu, Ədalət Kərimli, Nadir Əlincə və digər qələm dostlarımızın da xeyli sayda kitabları çap olunmuş, həmin kitabların bir çoxu oxucular tərəfindən maraqla qarşılanmışdır.
Adları qeyd olunan qələm dostlarımızın ədəbi estafetini davam etdirən müasir istedadlı gənclər sırasında isə Qafar Qərib, Elxan Yurdoğlu, İlqar Qulusoy, Zaur Vedili, Rahil Tahirli, Tural Həsənli, Elnur Kəlbizadə, Tural Atəş, Sərxan Yaqub, Əzizə Həsənova, Ruhəngiz Əliyeva, Zeynəb Naxçıvanlı, Gülsadə İbrahimli, Məftunə Hüseynbəyli, İman Əlioğlu, Lamiyə İsazadə və onlarla digərlərinin adlarını çəkmək olar ki, bu gənclərin də Naxçıvan ədəbi mühitinin gələcək inkişafında müəyyən rol oynayacaqları şəksizdir. Bu ədəbi qüvvələrin imzalarının tanınmasında əvvəldə adı çəkilmiş almanaxlarla yanaşı, sonrakı illərdə çap olunmuş “Tərənnüm”, “Səhər nəğmələri”, “Çinar ömrü -1”, “Çinar ömrü -2”, “Çinar ömrü -3” ədəbi almanaxlarının da müəyyən qədər rolu olmuşdur.
Şübhəsiz ki, ədəbi mühit haqqında bəhs edərkən həmin mühitin içində olan, müəyyən zamanlarda onun istiqamətləndirilməsində əmək sərf etmiş ədəbiyyatşünas və tənqidçilərin də adlarını çəkməyə bilmərik. Bu sahədə Məmməd Cəfər Cəfərov, Yavuz Axundlu, İsa Həbibbəyli, Sevindik Vəliyev, Məhərrəm Cəfərli, Əbülfəz Amanoğlu, Hüseyn Həşimli, Adil Bağırov, Əsgər Qədimov, Fərman Xəlilov, Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Elbəyi Maqsudov, Akif İmanlı, Sədaqət Həsənova, İman Cəfərov, Arif Ağalarov və digərlərinin xidmətləri danılmazdır. Onlar ayrı-ayrı vaxtlarda Naxçıvan ədəbi mühitini əks etdirən kitab və məqalələr çap etdirmiş, bu sahədə imkanları daxilində xidmət göstərmişlər.
Naxçıvan ədəbi mühiti, həmin mühiti özündə birləşdirən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi dövlətin daimi qayğı və diqqəti ilə əhatə olunmuş, xüsusilə son 15-20 il ərzində bu diqqət daha da artırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ətrafında 80 nəfərə yaxın üzv fəaliyyət göstərir. İstedadlı gənc şair və yazıçıların kitablarının dövlətin diqqət və qayğısı ilə çap olunması artıq ənənə şəklini almışdır.
Yuxarıda qeyd olunanlar muxtariyyət dövründə Naxçıvan ədəbi mühitinə qısa bir baxış idi. Naxçıvan ədəbi qüvvələri böyük bir ziyalı potensialı olmaqla tariximizi ədəbiyyatda əks etdirmək funksiyasını yerinə yetirir. Bu ənənələrin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə qeyd etmək olar.
Vaqif MƏMMƏDOV
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent