Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Sirab kənd mədəniyyət evində bu mövzuda tədbir keçirilib. Tədbirdə Naxçıvanda yaşayıb yaradan şair və yazıçıların muxtariyyətimizə həsr olunmuş əsərləri müzakirə edilib. Müzakirədə giriş sözü ilə çıxış edən Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova tədbirin mahiyyətindən danışıb.
Tədbirdə MKS Sirab kənd filialının əməkdaşı Zemfira Səfərova, mədəniyyət evinin əməkdaşı Ülviyyə Məmmədova, kənd tam orta məktəbinin müəllimi Elgün Quliyeva qeyd ediblər ki, muxtariyyətimiz bizim ən böyük sərvətimizdir. Bu sərvətin qorunmasında yaradıcı ziyalıların üzərinə mühüm vəzifələr düşür. Bunu dərindən dərk edən naxçıvanlı şair və yazıçılar daim öz əsərlərində bu mövzunun bədii həllinə çalışıblar. Adil Babayev, İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev, Əbülfəz Abdullayev, Hüseyn Razi, Əliyar Yusifli, Hüseyn Əzim və başqalarının muxtariyyətimizlə bağlı qələmə aldıqları əsərlər bu gün də sevilə-sevilə oxunur. Çağdaş dövrümüzdə yaşayan şair və yazıçılar bu estafeti uğurla davam etdirirlər. Elman Həbibin, Muxtar Qasımzadənin, Asim Yadigarın, Elxan Yurdoğlunun və başqalarının yaradıcılığında muxtariyyətimizə bugünkü prizmadan baxış diqqəti cəlb edir.
Sonra muxtariyyətimizdən bəhs edən əsərlərdən ibarət sərgiyə baxış olub.
Xəbərlər şöbəsi