Beynəlxalq Azərbaycan jurnalı olan “İrs” jurnalının 2014-cü ildə nəşr olunan 2-ci nömrəsində tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Rus rəssamı İ.P.Şeblıkinin əsərlərində Naxçıvan” məqaləsi dərc olunmuşdur. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq məqalənin tərcüməsini bugünkü nömrəmizdə dərc edirik.
Azərbaycanın arxeologiya və memarlıq tarixində rus rəssamı İ.P.Şeblıkinin özünəməxsus yeri vardır. Onun şəkil və rəsmləri əvəzsiz tarixi mənbələrdəndir.
İ.P.Şeblıkin 1884-cü ildə Voronejdə anadan olmuş, 1886-cı ildə isə ailəsilə birlikdə Tiflisə köçmüşdür. Atası onu Kazan məktəbinin memarlıq-bədii şöbəsinə qoyur. Bu məktəbi o, 1909-cu ildə uğurla başa vurur. Elə həmin ildən də Qroznıdakı peşə məktəbində və qadınlar gimnaziyasında dərs deməyə başlayır. 1914-cü ildə Vladiqafqaza köçərək Müəllimlər İnstitutunda və kadet korpusunda müəllimlik edir, 1917-ci ildən sonra isə ilk sovet fəhlə fakültəsində və Ali Pedaqoji İnstitutda mühazirələr oxuyur və eyni zamanda bədii məktəbin müdiri vəzifəsində çalışır.
İ.P.Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. Bu dövrdə o, İnquş və Osetin diyarşünaslıq muzeylərinin elmi əməkdaşı olur, Dağıstan üzrə ekspedisiyalarda iştirak edir. 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə nəhəng işlərin başladılması ilə əlaqədar olaraq, İ.P.Şeblıkin Bakıya dəvət edilir. A.Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir. O, rəssam istedadına malik olduğundan abidələri təkcə bir alim kimi öyrənmirdi, həm də onların bir çoxunun şəklini yaradırdı. “Bakıdakı Şirvanşahlar sarayının qısa tarixi oçerki” (Bakı, 1939), “Nizami dövrü Azərbaycan memarlığı abidələri: materiallar” (Bakı, 1943), “Azərbaycan memarlığı: Nizami dövrü” (Bakı, 1947) kitabları onun Azərbaycanın orta əsrlər tarixi və memarlığına dərin elmi marağının olduğunu təsdiq edir.
1940-cı ildə İ.P.Şeblıkin SSRİ Memarlıq Akademiyasının Rəyasət Heyəti yanında Elmi Şuranın üzvü seçilir. 1940-cı illərdə o həmçinin Şimali Qafqazda işləyirdi. 14 iyun 1947-ci ildə vəfat edən İvan Pavloviç Şeblıkin özündən sonra təkcə məruzələr, məqalələr, qazıntı hesabatları deyil, həm də bir çoxu əsl elmi mənbələr sayıla biləcək əvəzsiz rəsmlər qoymuşdur.
İvan Şeblıkinin yaradıcılığında qədim Azərbaycan diyarı olan Naxçıvana həsr olunmuş 1934-1945-ci illərə aid işlər xüsusi yer tutur. Onun “Naxçıvan peyzajı” (NTAM, SF №143, 31,5x44 sm) əsərində ucsuz-bucaqsız düzənliklər al-əlvan rənglərlə təsvir olunmuşdur. Bu düzənlik xırdaboylu yaz otları, orada-burada səpələnmiş daş-qaya parçaları ilə örtülmüşdür. O, ehmalca az qala üfüqlərə çataçatda sıra dağların ayırıcındakı kol-kosluğa qovuşmağındadır. Göy və mavi rənglərlə təsvir olunmuş dağların özü də sanki dalğalar kimi düzənlikdən göylərə hücum çəkir və bununla da, monumentallıq və əbədilik təsiri bağışlayır.
Onun bu şəkillə təzadlıq təşkil edən əsəri “Qədim Naxçıvanın bir guşəsi”dir (NTAM, SF №209, 30x43 sm). Rəssam şəhərin elə bir hissəsini təsvir etmişdir ki, burada köhnə evlər, hasar qapıları, günbəzli və minarəli məscid, soldan arxa planda isə türbə görünməkdədir. Üzərindəki müəllif qeydlərindən bəlli olur ki, bu rəsmi o, 1943-cü ildə çəkmişdir. Boz-qəhvəyi divarlar və damlar, bəzi divarlardakı nəmişlik izləri, yarpağı tökülmüş ağaclar – bütün bunlar göstərir ki, rəsm əsəri payızda, ya da qışın sonunda çəkilmişdir. Hərçənd ki əsər özünün bütün ifadəsilə qəm-qüssə doğurur, rəssam bacalı qala divarlarının keçmişdəki qüdrətini, məscidlərin əzəmətini və oyulmuş qapı yerləri olan ikimərtəbəli daş evlərin gözəlliyini də təsvir edə bilmişdir.
Nəinki Azərbaycanın, bütövlükdə, Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvanın xüsusi çiçəklənmə dövrü Azərbaycan Atabəylər – Eldənizlər dövlətinin mövcud olduğu dövrə təsadüf edir. Bu dövlətin paytaxtı olmuş Naxçıvan şəhəri onlarla monumental tikili ilə bəzədilmişdir ki, onların da böyük bir hissəsi günümüzə qədər gəlib çıxmışdır.
“Köhnə Naxçıvan” əsərində (NTAM, SF №428, 32x44 sm) şəhər bir qədər başqa rakursda, ağ-qara tonlarla təsvir edilir. Tamaşaçı sanki şəhərin kiçik küçələrinin birində durub yolayrıcına, çat-çat olmuş köhnə hasarlara, ağacları çiçək açmış həyətlərə baxır.
Belə bir ruhda, ağ-qara tonlarla, lakin daha monumental şəkildə işlənilmiş başqa bir rəsm “Naxçıvan” (NTAM, SF №429, 32x44 sm) adlanır. Bu əsərdə qədim karvansaranın hasar və divarları təsvir olunmuşdur. Uzaqdan haqqında çoxlu rəvayətlər qoşulmuş əzəmətli İlanlıdağ görünür. Rəvayətlərdən birinə görə, dünyanı sel-su basanda Nuhun gəmisi özünün son dayanacağı Gəmiqayaya yaxınlaşarkən oturacağı ilə naməlum maneəyə çırpılır. Nuh Peyğəmbər gəminin toxunduğu yerə nəzər salıb sevincək halda “İnan, dağdı”, – deyir. Elə dağın adı da buradan götürülür. Həqiqətən də, dağın zirvəsi haça şəklindədir, sanki gəminin oturacağıyla haçalanıbdır. Zaman keçdikcə bu ad “İlandağ” şəklinə düşür ki, o da dağın konturlarının əjdaha belinə oxşarlığını əks etdirir. Özünün qəribəliyilə bu dağ çoxlu sayda rəssamın diqqətini cəlb etmişdir. İ.Şeblıkinin rəsmində də İlanlıdağ daha maili, lakin bundan heç də az monumental olmayan digər dağların fonunda kəskin şəkildə seçilir.
Qeyd etmək lazımdır ki, rəssam təkcə çoxlu sayda peyzajlar deyil, həm də Naxçıvanın tarixi abidələrini çəkmişdir. 1935-ci ildə çəkilmiş “Qarabağlar türbəsi” adlı qrafik tabloda (NTAM, SF №175, 39x49 sm) biz orta əsrlər Azərbaycan memarlığının ən əzəmətli abidələrindən birini görürük. Kəngərli rayonunun Qarabağlar kəndində, Naxçıvan şəhərindən şimal-qərbə tərəf 30 kilometrlikdə yerləşən bu türbə on iki yarımdairəvi silindr şəklindədir. Hündürlüyü 30 metr olan qüllə içəridən dairəvi planlıdır. Qüllənin 30 metrliyində kvadratşəkilli oturacağı olan iki minarə arka ilə birləşmişdir. Maraqlıdır ki, minarələr XII əsrə aid olsalar da, qüllə alimlər tərəfindən XIV əsrə şamil edilir. Qüllə ilə minarələr arasında dini təyinatlı tikili qalmaqdadır. Qüllənin yuxarı kənarlarında mövcud olmuş yazılar sanki 12 çıxıntını birləşdirirdi. Qüllənin başlıca dekorativ bəzəyi firuzəyi rəngə bülənmiş və “Allah” kəlamının çoxlu sayda təkrarını əmələ gətirən kərpiclərdir. Abidənin əzəmətini göstərmək, mozaikanın qurulma ciddiliyini, giriş portallarının işlənmə orijinallığını, ətraf peyzajın gözəlliyini incə rənglər qamması ilə vermək İ.Şeblıkinə müyəssər olmuşdur.
“Naxçıvanda kromlex” şəklində (NTAM, SF №388, 32x44 sm) daşların səpələndiyi sahə təsvir olunmuşdur. Kromlex, bir qayda olaraq, Son Daş və ya Erkən Tunc dövrünə aid olan, işlənilmiş və ya işlənilməmiş, üfüqi şəkildə yerə pərçim edilmiş uzunsov iri-iri daşların əmələ gətirdiyi bu və ya digər kompozisiyalı qədim qurğudur. Azərbaycanın ərazisində çoxlu sayda kromlex mövcud olmuşdur. Kromlexlərin təyinatı heç də həmişə aydın olmur. Səpələnmiş daşlı bu cür sahələrin təyinatı haqqında ayinlərdən tutmuş astronomik yozumlara qədər çoxlu sayda versiyalar mövcuddur. Hər halda kromlex insan əməyi məhsuludur və bu cür abidələrin elə mövcudluğu yaxınlıqdakı yaşayış məskənlərinin qədimliyinə işarədir.
Azərbaycanın arxeoloji abidələrinin bənzərsiz növlərindən biri də siklopik qurğulardır. Bu, ara məhlulu (sement, gəc və sairə) işlədilmədən nəhəng daş parçalarından tikilmiş qurğudur. Belə qurğular (əsasən, müdafiə və kult təyinatlı) Eneolit dövrü (e.ə. III minillik), daha çox hissəsi isə Son Tunc və Erkən Dəmir əsrinə (e.ə. II minillik-I minilliyin əvvəli) şamil edilir. İ.Şeblıkinin tuşla çəkilmiş “Siklopik abidə. Naxçıvan” şəklində (NTAM, SF №387, 32x42 sm) dağın zirvəsində yüksələn belə qurğulardan birinin təsviri verilmişdir. Rəsm nəhəng qaya parçalarını bütün qüdrətilə nümayiş etdirməkdədir.
İ.Şeblıkinin “Naxçıvandakı Yusif Küseyiroğlu” rəsmi (NTAM, SF №223, 32x42 sm) böyük maraq doğurur. Şəkildə xalq arasında “Ata-baba türbəsi” kimi tanınan, Naxçıvan şəhərinin mərkəzində yerləşən memarlıq abidəsi təsvir edilmişdir. Bu, Naxçıvan memarlıq məktəbinin 1162-ci ildə tikilmiş ən möhtəşəm nümunələrindən biri, Yusif Küseyiroğlunun türbəsi, görkəmli memar Əcəmi Əbubəkr oğlunun şah əsərlərindəndir. Bu türbə çox da böyük olmayan səkkizguşəli qurğu olub, bişmiş kərpicdən ucaldılmış və piramidaşəkilli örtüklə tamamlanmışdır. Türbənin orta hissəsindəki haşiyəli parça üzərində “Quran”dan kufi xətti ilə yazı vardır. Türbənin qərb tərəfində həndəsi naxışın altında tikinti yazısı vardır ki, o da burada dəfn olunmuş şəxsin adını və türbənin tikilmə tarixini əks etdirir. Türbənin içi iki hissəyə – geniş yuxarı kameraya və sərdabəyə ayrılır. Memarın adı girişin solunda, birinci üzün yuxarısında həkk olunmuşdur.
İ.Şeblıkinin bir neçə rəsmi Naxçıvandan cənub-şərqdə yerləşən Ordubada həsr olunmuşdur. Ordubad keçmişin abidələrinin, köhnə planlı və əsasən, köhnə tikililərin yaxşı qorunub saxlanıldığı məkandır. Təsadüfi deyil ki, şəhərin tarixi tikililəri YUNESKO-nun ümumdünya irsi siyahısına düşməyə namizəddir.
“Ordubadın bir guşəsi” rəsmində (NTAM, SF №211, 32x43,5 sm, kağız, qrafika) köhnə şəhərin kiçik küçələrindən biri təsvir edilmişdir. Rəssam müdafiə divarlarının əzəmətini, giriş qapıları portalının monumentallığını göstərə bilmişdir. Bənzər süjetə “Ordubadda küçə” rəsmində də (NTAM, SF №430, 32x44 sm, kağız, tuş) rast gəlinir.
İ.Şeblıkinin “Pir Eyvaz” rəsmi də (NTAM, SF №211, 32x43,5 sm) maraq doğurur. Bu türbə şəhərin cənub hissəsində qəbiristanlığın yanında yerləşirdi. Rəvayətə görə, Eyvaz Bektaşi sufi təriqətinin şeyxlərindən biri olmuş və XVI əsrdə yaşamışdır. Təəssüf ki, abidə Sovet hakimiyyəti illərində dağıdılmışdır. Məhz buna görə də Şeblıkinin həmin rəsmi qorunub saxlanılmamış bu orta əsrlər memorial qurğusunun öyrənilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.
Səbuhi ƏHMƏDOV
tarix üzrə fəlsəfə doktoru