25 Dekabr 2024, Çərşənbə

Özünəməxsus adət-ənənələri, arxeoloji və tarixi memarlıq abidələri ilə məşhur olan Şərur torpağı elm, səhiyyə, mədəniyyət və incəsənət sahələrində yetişdirdiyi övladları ilə də rəğbət qazanmışdır. Bu diyarın torpağı, suyu, havası burada yaşayan insanların ilham qaynağı olmuşdur. Şərur mahalı igid, qeyrətli, təəssübkeş oğulları ilə yanaşı, kişi qeyrətli, zəhmətkeş qadınları ilə də tanınmışdır. Şərur qadınları savadı və qabaqcıllığı ilə hər zaman söz sahibi olmuş, xalqa dar günündə dayaq durmuş, elm və mədəniyyətin inkişafında müstəsna xidmətlər göstərmişlər. Belə qadınlardan biri də bu il anadan olmasından 100 il ötən Şərurun nəğməkar qızı Aşıq Nabat olmuşdur. 

Aşıq Nabat (Nabat Paşa qızı Cavadova) 1914-cü ildə Şərur rayonunun Parçı (indiki Xanlıqlar) kəndində dünyaya göz açmışdır. Aşıq Nabat ata-anasını uşaq yaşlarında itirmişdir. Nabatın məlahətli səsi çoxlarının diqqətini özünə cəlb edirdi. Nabatın məhəbbəti onu Dərələyəz ellərinə qədər aparmışdı. Lakin bu xoşbəxtliyin ömrü az olmuşdu. Onun həyat yoldaşı qaçaqların hücumu zamanı öldürülmüş, o, 1934-cü ildə Bərdə rayonuna köçmüş, bir müddət orada yaşadıqdan sonra Qarabağa gəlmişdir. Burada Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimovla bir yerdə müğənnilik etmişdir. Aşıq Nabat bir müddət müğənnilik etdikdən sonra saza daha çox meyil göstərir və aşıqlıq etməyə başlayır.

O, üç il Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuş, ondan saz havalarını və “Aşıq Qərib”, “Leyli və Məcnun”, “Lətif şah”, “Abbas və Gülgəz” dastanlarını öyrənmişdir.
Azərbaycan musiqisinin beşiyi sayılan Qarabağda aşıq kimi ad qazanmaq bir musiqiçi üçün böyük nailiyyət idi. Aşıq Nabat 1938-ci ildə Azərbaycan Aşıqlarının II Qurultayında iştirak edir və ustad bir aşıq kimi tanınmağa başlayır. 1940-cı ildə Moskvada keçirilən ongünlüklərdə iştirak edən Aşıq Nabat o günləri xatirələrində belə qeyd edir: “Şair Səməd Vurğun yanımıza gəldi, repertuarımızla maraqlandı, sonra mənə üçbəndlik bir qoşma yazıb verdi və dedi: “Aşıq Nabat, bax, xoşuna gəlsə, “Danışaq” qoşmasını Moskvada, Kremlin səhnəsində oxuyarsan!..”
Nabat Səməd Vurğunun “Danışaq” rədifli qoşmasını oxumuşdu. Hələ 26 yaşında Kremlin səhnəsində çıxış edən Şərurun nəğməkar qızı saz çalıb oxumaqla bərabər, şeir yazmağa da maraq göstərmişdi. O, qəlbindən keçənləri dilinə və qələminə gətirmişdi. Doğma elindən uzaq düşən, gənc yaşında bir çox çətinliklərlə qarşılaşan Nabat bir sıra şeir, gəraylı, qoşma, bayatı və deyişmələr yazmışdır:

“Mən sizdən xəbərsiz”

İki gözüm – Oğlan qala, Qız qala,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.
Ay Əyricə dağım, a doğma Parçım,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.

Üç gözəlin timsalıdır Siyaqut:
Arpa çay, biri Sara, birin tap.
Nuruyla bağlıdır qanlı hekayət,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.

Nabat, yazda gəldim, düşdüm qışa mən,
Qürbət eldə döndüm qərib quşa mən,
Qoymadılar gəzəm yarla qoşa mən,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.

Azərbaycanın klassik qadın aşıqlarından olan Aşıq Nabat peşəkar və yaradıcı bir insan olmuşdur. Onun dərin zəkası, məlahətli səsi Azərbaycan milli musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin diqqətini çəkmiş və onu Bakıya dəvət etmişdir.
Aşıq Nabat Yevlaxda yaşadığı dövrlərdə Yevlax Mədəniyyət Evinin səhnəsində “Ərəb Zəngi”, “Aşıq Kərəm” (kişi paltarında) rollarında oynamışdır. O, ifaçılıq qabiliyyəti ilə XX əsr Azərbaycan qadın aşıqlarının ən öndə gedənlərindən olmuşdur. Ömrünün sonuna qədər Yevlax şəhərində yaşayan Aşıq Nabat Əyricə dağının və Parçı kəndinin həsrətiylə dünyadan köçmüşdür. 3 oktyabr 1973-cü ildə Yevlax şəhərində vəfat edən Nabat Cavadova vəsiyyətinə görə, Şərur rayon Siyaqut kəndində dəfn edilmişdir.
Azərbaycan Aşıqlarının IV Qurultayına hazırlıq ərəfəsində Aşıq Nabatın yazdığı “Yaxşıdır” gəraylısının heç bir yerdə çap olunmadığını öyrəndik. Bu yazıda həmin gəraylını bacısı oğlu S. Süleymanovdan alaraq oxuculara təqdim edirik.

“Yaxşıdır”

Qürbət eldə bir bağ saldım,
Dedim, neçə gül yaxşıdır?
Dərdimi söylədim ona,
Onda mübdədil yaxşıdır.

Elə ki çatdım yaşıma,
Həsrət qaldım sirdaşıma.
Gör nədir, gəldi başıma?
İndi bildim, el yaxşıdır.

Aşıq Nabat saz çalınca,
Gedib qürbətdə qalınca,
Qürbət eldə xan olunca
Öz yerində qul yaxşıdır.

Həsən SEYİDOV
Naxçıvan Musiqi Kollecinin
müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR