25 Dekabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” ikihissəli tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa teatrsevərlərə təqdim edilmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə yenidən səhnələşdirilən bu əsər ilk dəfə Naxçıvan teatrının səhnəsində 2008-ci ildə tamaşaçılara təqdim olunmuşdur.
Vətənimizdə XX əsrin əvvəllərində baş verən siyasi hadisələri uğurla əks etdirən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.

Tamaşada əsas qəhrəmanlar – Nəriman Nərimanov (Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev), Mustafa Kamal Atatürk (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev), Behbud ağa Şahtaxtinski (Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev), İbrahim Əbilov (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev) kimi şəxsiyyətlərin qədim diyarın muxtariyyət statusunun müəyyənləşməsi uğrundakı mübarizəsi ön plana çəkilmişdir.
Tamaşada ermənilərin Naxçıvan torpaqlarına iddia etmələrinə havadar­lıq edən Stalin (Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy) və Çiçerin (Azərbaycan Respublikasının əməkdar artisti Əbülfəz İmanov) kimi siyasətçilərin də niyyətləri tarixi faktlarla təqdim edilmişdir.
“Araz sahilində doğan Günəş” tamaşasında əsrin əvvəllərində, o çətin illərdə Türkiyənin Azərbaycana dostluq, qardaşlıq köməyi, Naxçıvanın muxtariyyəti məsələsində heç bir güzəştə getməməsi bu tarixi dostluğun sarsılmazlığını göstərir.
Tamaşanın son səhnəsində ümummilli lider Heydər Əliyevin bu sözləri tamaşaçılara bir daha xatırladılır: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Tamaşanın əsas qayəsi Naxçıvanın muxtariyyətinin çətin və mürəkkəb bir şəraitdə qazanıldığını göstərməklə qədim diyarın muxtariyyət uğrunda mübarizəsini bugünkü nəsillərə vətəndaşlıq mövqeyindən aşılamaq, tarixi gerçəkliklərə bu günün gözü ilə baxıb ibrət dərsi almaqdır.
Qeyd edək ki, tamaşada kütləvi səhnələrdə, demək olar ki, teatrın bütün aktyorları rol almışlar. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı bəstəkar, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR