Naxçıvan Dövlət Universitetində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Müstəqillik illərində Naxçıvanda muzeylərin inkişafına dövlət qayğısı” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov çıxışına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə başlayıb: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Rektor xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylərin zəngin mədəni irsimizin qorunması və təbliğ olunması işində mühüm rol oynadığını bildirib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov “Naxçıvan Muxtar Respublikasının muzeyləri son 20 ildə” mövzusunda məruzə edib.
Konfransda həmçinin universitetin Botanika muzeyinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun “Universitet muzeyləri”, ali təhsil ocağının I kurs tələbəsi İradə Abbasquliyevanın “Biz gələcəyin muzey işçiləri olacağıq” mövzularında çıxışları olub.
Mina QASIMOVA