YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının qərarına əsasən, 1978-ci ildən başlayaraq dünya ölkələri mayın 18-ni “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edir. Bu günün qeyd oldunmasında əsas məqsəd mədəniyyətlərarası əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.
Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Azərbaycanda muzey işinin maraqlı tarixi vardır. 1896-cı ildə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və buna nail olmuşdur. XX əsrin əvvəllərində Bakıda Xalq Məktəbləri Müdiriyyəti nəzdində “Pedaqoji muzey” fəaliyyət göstərmişdir. Ötən əsrin əvvəllərində Ümumrusiya Texniki Cəmiyyətinin Bakı Şöbəsi nəzdində qapalı muzey yaradılmış, burada ayrı-ayrı mövzular üzrə eksponatlar nümayiş etdirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərində İstiqlal Muzeyi yaradılmış və Azərbaycan parlamentinin binasında yerləşdirilmişdir.
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarı ilə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1926-cı il 6 yanvar tarixli qərarına əsasən, Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət mülkiyyətinə götürülmüşdür. 1925-ci ildə Naxçıvanda yaradılan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin bu muzeyin zənginləşdirilməsində xüsusi rolu olmuşdur.
Ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların fondlarının zənginləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlifprofilli muzey yaradılmışdır. Ümummilli liderimiz muzey işinə yüksək qiymət verərək deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.
Dahi rəhbərimizin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, o cümlədən muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimizin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Qanunda muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, onların uçotu və mühafizəsi, muzeylərə dövlət qayğısı və nəzarəti, muzey işçilərinin sosial müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Dövlət başçısı muzey işinə mühüm əhəmiyyət verərək demişdir: “Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir”.
Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər təmir olunmuş və eksponatlarla zənginləşdirilmişdir. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına şərait yaratmışdır. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda bu qədim diyarda 25 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bunlardan 13-ü paytaxt Naxçıvan şəhərinin payına düşür. Ötən il Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyi üçün bina istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən, muxtar respublika paytaxtında daha bir muzey yaradılmışdır.
Son illər Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz, Babək, Sədərək rayonlarında Tarix-Diyarşünaslıq muzeyləri, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Dövlət Xalça Muzeyi yeni binalarla təmin edilmişdir. Bu illər ərzində Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlilkənd və Babək rayonunun Nehrəm kəndindəki Xatirə muzeyləri və böyük yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binası və Ordubad şəhərində Yusif Məmmədəliyevin ev-muzeyi əsaslı təmir olunmuşdur. Hazırda Naxçıvan şəhərində Şəhidlər Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi davam etdirilir.
Heydər Əliyev Muzeyi, Açıq Səma Altında Muzey, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi müstəqillik dövründə yaradılan mədəniyyət ocaqlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi və 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” 2013-cü il 28 iyun tarixli Sərəncamı da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Qədim diyarımızın zəngin tarixini, mədəniyyətinin çoxsaylı inkişaf yolunu əks etdirən muzeylərimiz mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsinin, elmi dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə muzeylərdə açıq dərslərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Bunda məqsəd böyüməkdə olan gənc nəsildə milli-mədəni irsimizə məhəbbət oyatmaq və onları zəngin tarixi keçmişimizlə tanış etməkdir.
Muxtar respublikada fəaliyyət göstərən muzeylərdə 110 mindən artıq eksponat mühafizə olunur. Bu gün muzeylərimizdə 300-dən çox muzey işçisi çalışır. Son illər 10 nəfər muzey işçisinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi onların əməyinə verilən yüksək qiymətin daha bir ifadəsidir.
Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirməklə yanaşı, həm də muxtar respublikanın turizm potensialının artırılmasına xidmət edir. Eyni zamanda muzeylər elm, maarif müəssisəsi olmaqla qədim keçmişlə bu günümüz arasında körpü rolunu oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərinin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti