25 Dekabr 2024, Çərşənbə

Naxçıvan elmi-ədəbi, ictimai-siyasi mühiti Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bir çox sanballı liderlər, şəxsiyyətlər, elm xadimləri, yazıçılar, şairlər, ədəbiyyatşünaslar bəxş etmişdir. Naxçıvan mühitini formalaşdıran bu şəxsiyyətlər Vətənimizin tərəqqisi, inkişafı üçün bir çox qiymətli dəyərlər bəxş edərək  mühitin inkişafında misilsiz rol oynamışlar. Bu rubrikada biz Naxçıvanın Azərbaycana bəxş etdiyi dəyərlərdən bəhs edəcəyik. 

Azərbaycan incəsənəti çox qədim bir tarixə malikdir. İncəsənətin bir sahəsi olan rəssamlıq isə insanın daxili aləmindəki duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. XX əsrin əvvəllərində xalqın ictimai şüuru və mədəniyyətinin ümumi yüksəlişi, realist ədəbiyyatın inkişafı ilə əlaqədar olaraq, təsviri incəsənətdə də yeni inkişaf dövrü olan realist təsviri incəsənətə doğru sıçrayış özünü göstərir. Möhtəşəm sənət əsəri olan təbiətimizin gözəlliyindən, rəng silsiləsindən güc alan rəssamlardan biri Bəhruz Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoyur.

Professional dəzgah boyakarlığının banisi olan Bəhruz Kəngərli yaradıcılığında mənzərə ilk dəfə müstəqil janr kimi formalaşmış və inkişaf etmişdir. Bəhruz Kəngərlinin yaradıcılığında mənzərə janrı mühüm yer tutur. “Naxçıvanda şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əli­abad kəndində alaqapı”, “Yamxana kəndinə gedən yol”, ölkəmizin mədəniyyət abidələrinin təsviri “Möminə xatın türbəsi”, “Əshabi-Kəhf dağı”, “Nuhun qəbri”, ilin fəsilləri “Payız”, “Bahar” bu baxımdan diqqətçəkicidir. Bəhruz Kəngərlinin mənzərə əsərləri içərisində özünəməxsus yer tutan “Naxçıvan yadigarı” albomu xüsusi olaraq qeyd edilməlidir. İyirmi rəsm əsərindən ibarət bu albomda Naxçıvanın təbiət mənzərələri, memarlıq abidələrinin təsvirləri, həmçinin bölgənin etnoqrafik xüsusiyyətlərini əks etdirən konkret obrazlar, yaxud ümumiləşdirilmiş bədii tiplər öz əksini tapmışdır. Bu albomda yer alan “Araz”, “İlanlı dağ”, “Əshabi-Kəhf”, “Ədilağa gölü”, “Şəlalə” mənzərələri, “İmamzadə”, “Atababa günbəzi”, “Nuhun qəbri”, “Məscid” kimi əsərlər çox qiymətlidir.
Xəlqilik və realizm, insana sevgi, Vətənə sonsuz məhəbbət B.Kəngərli əsərlərinin özəyini təşkil edir. B.Kəngərlinin qiymətli bədii irsində portret janrı da mühüm yer tutur. Azərbaycan incəsənətində Bəhruz Kəngərliyə qədər şərtilik və dekorativlikdən tamamilə azad, müasir formalı, əsl mənada, realist xarakter daşıyan portret əsərləri olmamışdır. Onun, əsasən, akvarel və az hissəsi yağlı boya ilə çəkdiyi portret əsərləri bədii forması, obrazlar baxımından, yaradıcılıq metodu və ifadə tərzinə görə realist xarakter daşıyır. B.Kəngərlinin portret əsərlərinin əksəriyyətini körpə uşaqların müxtəlif şəraitdə, müxtəlif hal və hərəkətdə (30-a qədər) təsvirləri ilə yanaşı, “Qaçqınlar” akvarel silsiləsindən olan əsərlər təşkil edir. “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlı­lığı və reallığı ilə fərqlənir. “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” adlı rəsm əsərləri öz canlılığı ilə seçilir. Rəssamın silsilə şəklində yaratdığı qaçqın uşaq obrazları (“Qaçqın qızın portreti” , “Qaçqın İmran”) insanda müharibəyə nifrət hissi doğurur.
Onun karikatura və satirik rəsmləri, mənzərə və məişət səhnələrini əks etdirən rəsmləri, akvarel və boyakarlıq əsərləri də çox maraqlıdır. Rəssam 1910-cu illərdə Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.
Çox az ömür sürməsinə baxmayaraq, olduqca məhsuldar və geniş diapazonlu yaradıcılığa malik olan istedadlı rəssam Bəhruz Kəngərli 2000-ə yaxın müxtəlif səciyyəli əsərlər yaratmışdır. Məhz bu faktlara əsaslanaraq deyə bilərik ki, novator rəssam Bəhruz Kəngərlinin yaradıcı­lığı Azərbaycan incəsənəti tarixinə ilklər bəxş edən əsərlər məcmusudur.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR