Dünən Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş konsert təşkil edilmişdi.
Tədbirin aparıcıları bildirmişlər ki, ümummilli liderimizin adı Azərbaycan xalqının tarixinə böyük xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılmışdır. Əsası ulu öndərimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi inkişaf yoluna çıxarmış, dövlət müstəqilliyimiz möhkəmlənmiş, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlərdə ümummilli liderimizin adı, işi və əməlləri yaşayır. Onun müəyyənləşdirdiyi yol Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin yoludur.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin ömür yolu və əməli fəaliyyəti, zəngin elmi-nəzəri irsi tükənməyən bir xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. Odur ki, hər bir azərbaycanlı bu xəzinənin qədrini və dəyərini yaxşı bilir. Ona görə ki, hər birimizin taleyində bu qiymətli xəzinənin sahibi görkəmli dövlət xadimi Heydər Əliyevin önəmli rolu olmuşdur. Onun qurduğu, dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi elə hər birimizin taleyidir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, islahatların banisi olmuşdur. İqtisadiyyatın, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqı və Vətəni qarşısında xidmətləri o qədər çoxdur ki, millət öz sevgisini onu ümummilli lider adlandırmaqla ifadə edir. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, ümummillli liderimizin ideyaları onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Konsert proqramında Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilmişdir.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konsertlər təşkil edilmişdir.
Xəbərlər şöbəsi