Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” tarixi dramı əsasında hazırlanmış tamaşaya ictimai baxış olmuşdur. Naxçıvanın muxtariyyət qazanmasının çətin, mürəkkəb tarixini əks etdirən bu tamaşada Naxçıvan əhalisinin muxtariyyət uğrunda mübarizəsi əks olunur.
Bir neçə il bundan əvvəl (2008) Naxçıvan teatrının səhnəsində oynanılan tamaşa Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə yenidən teatrsevərlərə təqdim olunacaqdır. Tamaşaçılar əsərdə Naxçıvanın muxtariyyəti uğrunda gedən mübarizədə həm də tarixi şəxsiyyətlərin mövqeləri ilə tanış ola biləcəklər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.
İctimai baxışdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının sektor müdiri Turqayə Əliyeva, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov, əsərin müəllifi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, Xalq artistləri Yasəmən Ramazanova, Kamran Quliyev çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildirmişlər.
Əli RZAYEV