Mayın 6-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin yekun konserti olmuşdur.
Yekun konserti başlamazdan əvvəl tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər.
“Gənclik” Mərkəzində davam edən tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyət və incəsənətin hamisi olmaqla bu sahənin inkişafı üçün əvəzsiz fədakarlıq və əzmkarlıq nümunəsi göstərmişdir. Çoxəsrlik zəngin tarixi olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində dahi rəhbərin misilsiz xidmətləri olmuşdur.
Nazir qeyd etmişdir ki, bu gün ölkəmizdə və muxtar respublikamızda ümummilli liderimizin mədəniyyət və incəsənət sahəsində müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla həyata keçirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları, musiqi məktəbləri, muzeylər, kitabxanalar, teatr binaları inşa olunur, sənət adamlarına böyük qayğı göstərilir.
Vurğulanmışdır ki, ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunan yekun konsertinin hazırlıq işlərinə aprelin 21-dən start verilmişdir. Bunun üçün muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında seçim müsabiqəsi olmuşdur. Müsabiqələrin nəticələrinə uyğun olaraq, 27 tək və kollektiv ifaçı yekun konsertində iştirak etmək hüququ qazanmışdır.
Sonra seçim müsabiqələrində fərqlənən şagirdlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilmişdir.
Konsertdə Babək Rayon Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestri, Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin sazçalanlar ansamblı, Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin nəfəs alətləri orkestri, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivi və başqa kollektivlər çıxış etmişlər.
Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin ifasında görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Fərhad Bədəlbəylinin bəstələri ilə yanaşı, xalq mahnıları, dünya musiqisinin korifeyləri F.Şopen, V.Motsart, M.Qlinka və başqalarının əsərləri səsləndirilmişdir.
* * *
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar olaraq Babək rayonundakı uşaq musiqi məktəblərinin yekun hesabat konserti olmuşdur.
Tədbiri giriş sözü ilə açan Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyətə, uşaqların musiqi təhsilinə göstərilən qayğıdan, gənc istedadların üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, digər sahələrlə yanaşı, mədəniyyətin inkişafı da hərtərəfli qayğı ilə əhatə olunmuş, bu qayğının ifadəsi olaraq quruculuq tədbirlərinin böyük bir qismini mədəniyyət obyektləri əhatə etmişdir. Son illər muxtar respublikamızın mədəni həyatında yeniliklər baş vermiş, uğurlu layihələr həyata keçirilmiş, kitabxanalar, musiqi məktəbləri, mədəniyyət evləri və mərkəzlər, kino və konsert salonları tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə xalqımızın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi daşıyır.
Sonra konsert başlamış, xor kollektivlərinin, xalq çalğı alətləri orkestrinin və milli musiqi alətlərində şagirdlərin fərdi ifaları maraqla dinlənilmişdir.
Xəbərlər şöbəsi