Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Naxçıvan rəssamlarının sərgisi açılıb. Sərgi Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Naxçıvanda yaşayıb yaradan realist rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, bu böyük rəssamdan sonra Naxçıvanda rəssamlar nəsli yetişib. Bu gün Naxçıvan incəsənəti və mədəniyyəti yeni inkişaf dövrünü yaşayır.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan rəssamlarının fəaliyyətindən və sərgilənən əsərlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan rəssamları nəinki Azərbaycanda, eyni zamanda xaricdə də keçirilən sərgi və müsabiqələrdə fəal iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. Naxçıvan rəssamları da bu əlamətdar ildə qədim diyarın tarix və təbiətini bir-birindən dəyərli əsərlərində əks etdiriblər.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi rəhbərinin müavini Bəxtiyar Əsgərov çıxış edərək vurğulayıb ki, muxtar respublikanın 90 illiyi ölkəmizin hər bir guşəsində təntənə ilə qeyd olunur. Bu sərgi də həmin tədbirlərin davamıdır.
Qeyd edək ki, sərgidə 23 rəssamın 70-ə yaxın əsəri nümayiş olunur. Rəssamlardan Səyyad Bayramovun, Telman Abdinovun, Həsən Qurbanovun, Həbibə Allahverdiyevanın, Rəfael Qədimovun çəkdikləri Naxçıvan mənzərələri sərgiyə gələn tamaşaçıların diqqətini cəlb edib. Peşəkar rəssamlarla yanaşı, gənc rəssamların da iştirak etdiyi sərgidə təsviri incəsənətin mənzərə, natürmort və portret janrlarında çəkilən əsərlər üstünlük təşkil edir.
Xəbərlər şöbəsi