25 Dekabr 2024, Çərşənbə

Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı  Əmircan kəndində varlı bir ailədə anadan olmuşdur. 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşayan A.Bakıxanov 1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş, 26 il bu vəzifədə çalışmışdır. Ensiklopedik biliyə malik A.Bakıxanovun Azərbaycan, rus, ərəb və fars  dillərində yazdığı əsərlər onun elm dəryasına vaqif olduğunun ən böyük sübutudur.

Abbasqulu ağa Bakıxanovun yazdığı çoxsaylı əsərlər onun Azərbaycanın fikir tarixində nə kimi rola malik olduğunu göstərməkdədir. O, “Gülüstani-İrəm” əsərində  Dağıstan, həmçinin Azərbaycan tarixindən,“Riyazül-qüds”də 14 məsum və Əhli-Beytdən, “Təhzibül-əxlaq”da yunan, İslam və Avropa müəlliflərinin əsərlərindən istifadə etməklə əxlaqi dəyərlərdən, “Eynül-mizan”da məntiqdən, “Mişkatül-ənvar”da mənzum hekayələrin dili ilə əxlaqdan, “Kəşfül-qəraib”də  Amerikanın kəşf edilməsi və onun coğrafi təsvirindən,“Qanuni-qüdsi” də fars dilinin qayda-qanunları və qrammatikasından, “Kitabi-Əsgəriyyə”də dəmirçi oğlu Əsgər adlı bir gəncin hekayəsindən bəhs edir.

Bədii ədəbiyyat insanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyətə malik bir vasitədir. N.Çernışevskinin qeyd etdiyi kimi, elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.
Ədəbiyyatın tərbiyəvi əhəmiyyətini çox gözəl bilən A.Bakıxan­ov öz əsərlərində tərbiyəvi əhəmiyyət daşıyan fikirlərə daha çox yer vermişdir.
Böyük rus tənqidçi-ədəbiyyatşünası V.Q.Belinski fikrini belə ifadə edir: “Ədəbiyyat və tərbiyə – bu iki məfhumu Günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir”. Bəli, ədəbiyyat insanların kamilləşməsi, mənən təmizlənməsi baxımından əvəzsiz vasitədir. Tərbiyəvi mahiyyət daşıyan ədəbi nümunələr insanların fikir dünyasını inkişaf etdirməkdə xüsusi əhəmiyyət kəsb edir. Biz Xaqani Şirvani, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və başqa klassiklərimizin yaradıcılığında da bu tərbiyə mövzusuna rast gəlirik. Nəzərə çatdırmağı lazım bilirik ki, həmin nümunələrdə söylənən nəsihətamiz fikirlər ümumbəşəri xarakter daşımaqdadır; bu nəsihətləri əxz edib həyatımızda tətbiq edə bilmək insanlığın qələbəsi deməkdir.         
Ölkəmiz müstəqillik qazandıqdan sonra gənclərin milli ruhda tərbiyə olunmasına dövlətimiz xüsusi qayğı göstərir. Milli ruhda tərbiyə isə milli dəyərlərimizin öyrənilməsi və yaşadılmasında göstərilən xidmətlə mümkündür. Qloballaşmanın sürətlə getdiyi indiki zamanda milli dəyərlərin qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir.
Abbasqulu ağa Bakıxanov mahir pedaqoq kimi uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar  əsərlər  yazmışdır ki, bunlardan biri “Təhzibül-əxlaq”, digəri isə “Kitabi-nəsihət”dir. “Təhzibül-əxlaq” əsərini Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə, xülasə və 12 fəsildən ibarətdir. Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır. O, əsərdə faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət bəsləməyə, dostluğa sədaqət göstərməyə, böyüklərə hörmət etməyə və ədalətli olmağa çağırır, dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir.
“Təhzibül-əxlaq” müəllifin pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. “Təhzibül-əxlaq” əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlara nəcib və gözəl əxlaqi normaları mənimsətməkdir. Müəllifin fikrincə, şəxsiyyətin bütövlüyü vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq Vətənə və xalqa məhəbbətlə ölçülür.
“Təhzibül-əxlaq”dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. “Kitabi-nəsihət”də 102 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini saxlamaqdadır.     
A.Bakıxanov bu əsərdə öz həyat təcrübəsini sistemləşdirmişdir. Şagirdləri A.Bakıxanovun nəsihətamiz fikirləri üzərində düşündürmək, müstəqil fikir ifadəsinə nail olmaq, bizcə, onların tərbiyəsinə müsbət təsir göstərər. Nümunə kimi onlardan bəzilərini nəzərdən keçirək:
– Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyüksə, ona hörmət elə, ta ki səndən kiçiklər də sənə hörmət etsinlər…    
– Elə adamlarla otur-dur ki, böyüklər onları yaxşı hesab edirlər. Hərzə danışan adamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.
– Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
–  Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.
Bu nəsihətlərlə yola çıxan hər bir insan, belə demək mümkünsə, şərəfli ömrün xəritəsini əldə etmiş olar. Bu mənada Abbasqulu ağa Bakıxanovun əsərləri xüsusilə şagirdlərimiz arasında təbliğ edilməlidir.
Qeyd edə bilərik ki, Abbasqulu ağa Bakıxanovun nəsihətləri, öyüdləri onun fikir dünyasının zənginliyinə sübutdur. Onun bu nəsihətləri illər keçməsinə baxmayaraq, gənc­lərlə birlikdə hər yaşın nümayəndəsinə doğru yolu göstərmək baxımından əhəmiyyətlidir.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR