Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı tərəfindən “Univiziya” tələbə mahnı müsabiqəsi keçirilmişdir.
İlkin dinləmələrin sonunda 50 ali və orta ixtisas təhsili müəssisəsindən 22 təhsil ocağının təmsilçiləri müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanmışlar. Naxçıvan Dövlət Universitetini müsabiqədə universitetin xarici tələbələrdən ibarət “Meridian” vokal qrupu təmsil etmişdir. Vokal qrupunun bədii rəhbəri universitetin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovadır.
“Meridian” vokal qrupunun ifa etdiyi amerikalı pop musiqiçisi olmuş Maykl Ceksonun Layonel Riçi ilə birlikdə yazdığı “We are the world” mahnısı, Azərbaycanın xalq artisti, bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” kinofilminə bəstələdiyi mahnı, “Sarı gəlin” xalq mahnısı münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir.
Müsabiqənin bu günlərdə keçirilən yarımfinal mərhələsində də “Meridian” qrupu uğurla çıxış etmişdir. Tünzalə Ağayevanın repertuarından olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı alqışlarla qarşılanmışdır. Qrup tamaşaçı nominasiyasının qalibi olmuş və pul mükafatına layiq görülmüşdür.
Mehriban SULTAN