Naxçıvan Dövlət Universitetində Tələbə Teatr Studiyasının filologiya elmləri doktoru, professor Adil Babayevin “Sarı gəlin” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa nümayiş olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tamaşaçılara təqdim olunan yeni səhnə əsəri “Muxtariyyət ili”nə mədəniyyət töhfəsi olmaqla yanaşı, Teatr və mədəniyyətşünaslıq kafedrasının uğurlu hesabatı kimi də diqqətəlayiqdir. Əsərin əsas ideyasını gənc nəslin müstəqil Azərbaycanın inkişafında fəal iştirakı, cəmiyyətdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi, tələbə gəncliyin əxlaqi mənəvi dəyərlərə, milli ideologiyaya yiyələnməsinin zəruriliyi təşkil edir. Tamaşada nəsillərarası əlaqə, səmimi ünsiyyət, yaşlı nəslə hörmət və ehtiram da öz əksini tapıb.
Tamaşanın quruluşçu rejissorları Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri Gülxarə Əhmədova və kafedranın müəllimi Elnur Rzayev, məsləhətçisi Tofiq Seyidovdur. Yeni səhnə əsərinin musiqisini universitetin müəllimi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov bəstələyib. Tamaşanın rəssamı Etibar Rzayev, səhnə tərtibatçısı Təsviri incəsənət kafedrasının əməkdaşı Akay Məmmədovadır. Səhnə əsərində əsas rolları müəllimlərdən Elnur Rzayev (Ədalət), Tofiq Seyidov (Savalan baba), Sərdar Qurbanov (Aşıq), aktyorluq ixtisasının I kurs tələbəsi Xalidə Məmişova (Sünbül), Tarix-filologiya fakültəsinin IV kurs tələbəsi Cavid Kazımbəyli (Vahab), aktyorluq ixtisasının III kurs tələbəsi Şölə Novruzbəyli (nənə), bələdiyyə ixtisası üzrə II kurs tələbəsi Bünyad Səttarlı (Fikrət) ifa edirlər.
Tamaşanın sonunda universitetin rektoru, professor Saleh Məhərrəmov uğurlu tamaşa nümayişi münasibətilə yaradıcı heyəti təbrik edib, əsərin ideya-bədii xüsusiyyətlərindən, uğurlu səhnə təcəssümündən danışıb.
Mehriban SULTAN